"Əslində Qarabağı işğal edən Ermənistan yox, Rusiya idi" - Bəxtiyar Hacıyev

"Əslində Qarabağı işğal edən Ermənistan yox, Rusiya idi" - Bəxtiyar Hacıyev
10 Noyabr 2020
Mətni dəyiş

"Bir şey ki gecə, xalqdan gizli, parlamentlə, ictimaiyyətlə məsləhətləşməmiş, xəlvətcə razılaşdırılır, elan edilir, onda böyük əmma olur". Bu sözləri ictimai fəal Bəxtiyar Hacıyev Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinə münasibətində deyib. Hacıyev bildirib ki, Ermənistan özbaşına heç vaxt Azərbaycanın bir kəndini belə işğal edib, 30 il işğal altında saxlaya bilməzdi. Hamı, o cümlədən prezident də çox yaxşı bilir və deyirdi ki, Ermənistana müftə silahlar göndərən var. Hamı bilirdi ki, həm Qarabağda əsgərlərimizi vuran silahlar, həm Gəncədə, Tərtərdə, Bərdədə mülki əhalini vuran raketlər Rusiyanın Ermənistana verdiyi müftə silahlar idi. Hacıyev deyir ki, əslində Qarabağı işğal edən Ermənistan yox, Rusiya idi. Paşinyan da Rusiyaya güvənərək Cıdır düzündə yallı gedirdi. İndi Rusiya qoşunlarının Azərbaycanda nə işi var? Sülhməramlı lazım idisə, bu missiyanı neytral ölkələrə məxsus başqa silahlı qüvvələr də edə bilərdilər. "Moskvadakı 11 saatlıq danışıqlarda Azərbaycan tərəfinin ən çox dirəndiyi məqam elə Rusiya sülhməramlılarının Azərbaycana gəlməsinə müqavimət idi. Əgər razılaşılacaqdısa, o zaman döyüşləri bir ay davam etdirib, Rusiyanın müftə verdiyi silahlarla daha çox Azərbaycan əsgərinin şəhid olmasına, yaralanmasına niyə razı olunurdu? Təəssüf ki, sizin kimi tam sevinə bilmirəm. Bu və yüz digər suallar mənə rahatlıq vermir. Küçələrdə siqnal verib, rəqs edib, yorulanda bunları da düşünün" - deyə ictimai fəal Bəxtiyar Hacıyev qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun