19 yaşlı Abbasov Zöhrab Natiq oğlu İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşüb.
Bu barədə Abzas-a yaxınları məlumat verib. Onlar bildirir ki, ailəsi 40 gündən çoxdur Abbasov Zöhrabdan xəbər ala bilmir.
Yaxınlarının sözlərinə görə, ailə aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət edib, amma hələki heç bir xəbər yoxdur:
"Xəstəxanaları, morqları da axtarmışıq, amma nə yaralı, nə də şəhidlər siyahısında Zöhrabın adını tapa bilməmişik. Ailəyə bildirirlər ki, cəbhə bölgəsindədi, amma dəqiq bilinmir hardadı”, - deyə yaxınları bildirir.
Abbasov Zöhrab sonuncu dəfə Tərtərdə xidmətdə olub. Döyüşlər başlayanda da o istiqamətdə irəliləyib, ancaq sonradan heç bir xəbər əldə edə bilməyiblər.
Yaxınları saytımıza açıqlamasında deyir, məsələni ictimailəşdirirlər ki, bəlkə əsgər yoldaşları, tanışları Zöhrabın şəklini görüb tanıyar, dəqiq xəbər verərlər.
17 sentyabr 2001-ci il təvəllüdlü, Ağstafa rayonu Eynallı kəndində doğulan və qeydiyyatda olan Abbasov Zöhrab 2019-cu ilin 25 oktyabrında həqiqi hərbi xidmətə yollanıb.