“Zapı” haqqında bədii-fəlsəfi esse - Seymur Baycan

“Zapı” haqqında bədii-fəlsəfi esse - Seymur Baycan
24 Oktyabr 2020
Mətni dəyiş
Seymur Baycan

“Mən bayquşam, eybəcər quşam, mən həm özümün, həm də balalarımın yaşaması üçün başqa quşları öldürürəm, mən öldürmək eşqi ilə, ölümlə məşğul oluram. Quş balalarını bəzən yuvasında ovlamaq üstündə siz məni təqsirləndirirsiz, amma siz bütün canlıları məhv edirsiz. Siz öz kitablarınızda quşların sürətlə uçmasından, qəşəngliyindən, sevişməsindən, məharətlə yuva tikməsindən, ana quşların öz balalarının qayğısına qalmasından ürək dolusu danışırsız, amma elə oradaca quşların necə bişirilməsindən, ilin nə vaxtında onların daha dadlı olmasından söhbət açırsız…”

Şarl De Koster “Ulenşpigel əfsanəsi” əsərindən

Yaddaşın qəribə hoqqaları olur. Dayandığın yerdə səninlə duzsuz, şit zarafatlar edir. Baş aça bilmirsən yaddaş səndən nə istəyir, qarnının dərdi nədir. Məsələnin ən qəribə tərəfi isə ondan ibarətdir ki, yaş artıqca yaxın keçmişdə baş verən hadisələr yox, daha çox uzaq keçmişdə baş verən hadisələr adamın yadına düşür. Özü də uzaq keçmişdə şahidi, iştirakçısı olduğun hadisələr, gördüyün səhnələr, mənzərələr ən gözlənilməz yerlərdə, anlarda partlayışdan sonra suyun üzərinə çıxan balıqlar kimi qəfildən yaddaşın dərinliklərindən üzə çıxaraq adamı hazırlıqsız vəziyyətdə yaxalayır.

Məsələn, təxminən bir ay əvvəl parkda gəzirdim. Gəzintidən əvvəl bir-iki bokal pivə içmişdim. Pivə də hamıya məlumdur ki, dəvə yüküdür. Adamın zəhləsini tökür. Təbii ehtiyacımı ödəmək üçün elə parkda yerləşən ictimai tualetə girməli oldum. Adətən təbii ehtiyacımı ödəyəndə aşağı tərəfə baxmıram. Uşaqlıqdan belə adət etmişəm. Dönə-dönə üzr istəyirəm, cinsi orqanım həddindən artıq balaca olduğu üçün aşağı baxanda qanım qaralır. Düzdür, bunun həyatıma, taleyimə elə bir ciddi istisi-soyuğu, təsiri yoxdur. Mənim üçün bu həyatda hər şeydən və hamıdan vacib, qiymətli şey yaxşı yazı yazmaqdır, amma yenə də, bütün hallarda hara fırlatsan da kişiyəm, aşağı baxanda qanım qaralır. Ona görə də təbii ehtiyacımı ödəyəndə aşağı tərəfə baxmıram, yuxarı tərəfə baxıram. Başımı bacardığım qədər dik tuturam. Burdan belə bir nəticəyə gəlmək olar ki, kişinin cinsi orqanı nə qədər balacadırsa başını bir o qədər də dik tutur. Yaxud da tam əksinə. Kişinin cinsi orqanı nə qədər böyükdürsə başını bir o qədər də aşağı salır. Atalar düz deyirmiş: “Bar verən ağac, başını aşağı salar”.

Parkda yerləşən ictimai tualetdə təbii ehtiyacımı ödəyəndə adətimə uyğun olaraq yenə də başımı bacardığım qədər dik tutdum. İstər-istəməz ictimai tualetin tavanına baxdım. Tavanda nə görsəm yaxşıdır? Gördüm ki, tavandan hörümçək toru sallanır. Torda isə qurumuş milçək cəsədi lap yüngülcə yellənir. Anidən yaddaşım qıcıqlandı. Bir anda məktəbimizin tualeti yadıma düşdü. Məktəbimizin tulaetinin tavanından da həmişə hörümçək toru sallanırdı və hörümçək torunda mütləq qurumuş milçək cəsədi olurdu. Daha sonra xidmət etdiyim hərbi hissədəki tualeti xatırladım. Çünki orada da vəziyyət eyni idi. Beləcə həyatımın müxtəlif dövrlərində, müxtəlif məkanlarda gördüyüm tualetləri bir-bir məcburən xatırlamalı oldum. Bax, yaddaş adamla belə qəribə-qəribə zarafatlar edir.

İndi də iki-üç gündür uşaqlıqda gördüyüm “Zapı”ları xatırlamaqdayam. Niyə? Bilmirəm. Səbəbi heç özümə də aydın deyil…

Sakit, boz, hadisəsiz, davasız-dalaşsız günlərin birində ətrafa sürətlə xəbər yayıldı ki, bazarın girəcəyində tum satan M. adlı qoca kişiyə hökumət “Zapı” hədiyyə edib. Tum satan qoca bir kişiyə hökumətin maşın hədiyyə etməsinin əyalətdə məmə yeyəndən pəpə yeyənə qədər hər kəsin müzakirə etdiyi hadisəyə çevrilməmək şansı yoxdur. Əyalətin öz qanunları, öz ritmi var. Çexov “Qılaflı adam” hekayəsində yazır: “Bizim əyalətdə adamlar darıxmamaq üçün nə oyunlardan çıxmırlar, nə qədər lüzumsuz, mənasız hərəkətlər edirlər. Bunların hamısı əsl işləri görməməkdən irəli gəlir. Məsələn, bu Belikovu evləndirmək bizim nəyimizə lazımdır, axı bu adamı evli təsəvvür etmək belə mümkün deyildi. Direktorun və inspektorun arvadları, həm də bizim gimnaziya xanımlarının hamısı hərəkətə gəldilər, hətta gəşəngləşdilər də, elə bil ki, artıq həyatın məqsədini kəşf etmişdilər…”

M. ikinci dünya müharibəsinin iştirakçısı idi. 9 Mayda, Qələbə günü gəzintisində o kişinin sinəsini ordenli, medallı görəndə bu mənzərə mənə bir az qəribə gəlirdi. Müharibədə iştirak etmiş, orden, medal almış adam görəsən niyə bazarda tum satır? Axı bu kişinin bazarda tum satması müharibədən bəhs edən, dəfələrlə baxdığımız filmlərlə, müharibəylə bağlı rəsmi təbliğatla daban-dabana ziddiyyət təşkil edirdi.

Burada icazənizlə balaca bir haşiyə çıxmalı olacam. Sovet zamanında müharibə veteranlarına sırf xalqın münasibəti heç də yaxşı deyildi. Düzdür, veteranlar rəsmi olaraq tədbirlərə, məktəblərə, idarələrə zada dəvət olunurdular. Məktəblərdə, idarələrdə təşkil olunan rəsmi tədbirlərə veteranları dəvət edəndə onlara gül, suvenir filan hədiyyə verib, kollektiv formada şəkil çəkdirib sonra da evlərinə yola salırdılıar. Bildiyiniz kimi sovet zamanında 9 May Qələbə gününə az qalmış veteranları idarələrə, məktəblərə, təşkilatlara, xəstəxanalara dəvət edib onların “könlünü alırdılar”. Qayda belə idi. Rəsmi tədbirlərdə tribunalarda çıxış edənlər veteranlara səmimi qəlbdən öz dərin minnətdarlığını bildirirdilər. Ki, sağ olun, canınız bahasına bizi, vətənimizi alman faşizmindən qorumusunuz. Amma qeyri-rəsmi atmosferdə camaat veteranlarla məzələnirdi. Ən azı onlara heyranlıq göstərmirdilər, minnətdarlıq bildirmirdilər. Rəsmi tədbirlərdə veteranlara göstərilən münasibətlə, deyilən sözlərlə qeyri–rəsmi atmosferdə veteranlara göstərilən münasibətin, deyilən sözlərin arasında böyük bir uçurum vardı. Yaxşı yadımdadır, bizim küçədən bir küçə aralıda bir veteran yaşayırdı. O yazıq ağzını açıb müharibədən nəsə danışmaq istəyəndə xüsusən cavanlar ona belə atmaca atırdılar: “Guya yaxşı iş görmüsən? Niyə qoymadınız nemeslər gəlib buraları alsınlar?”

Veteranlara qarşı qeyri-rəsmi atmosferdə bu cür soyuq münasibətin göstərilməsi əlbəttə səbəbsiz deyildi. Qalib ölkənin vətəndaşları, yəni sovet vətəndaşları məğlub ölkənin, yəni Almaniyanın mədəniyyətinə, səviyyəsinə heyranlıq edirdilər. Bu heyranlığı yaradanlar isə Şərqi Almaniyada hərbi xidmətini çəkib gələn adamlar idi. Onlar orada gördükləri nizam-intizamdan, xalqın səviyyəsindən o qədər danışırdılar ki, camaatın ağzı bu söhbətlərin nəticəsində sulanırdı və bu heyranlıq avtomatik olaraq almanlara qarşı vuruşmuş veteranlara münasibətə də öz təsirini göstərirdi. Amma yuxarıda dediyim kimi, bu yalnız qeyri-rəsmi atmosferdə belə idi. Məsələn, küçədə, yas mağarında, avtobusda müharibədən söhbət edəndə… Ta rəsmi bir tədbirdə kimsə durub müharibə veteranına “guya yaxşı iş görmüsən? niyə qoymadınız nemeslər gəlib buraları alsın? ” sözlərini deyə bilməzdi. Adamlar sanki paralel dünyalarda yaşayırdılar. Yaşlı nəslin nümayəndələri bu söhbətləri yaxşı bilirlər. Gənc yoldaşlara söhbət daha da aydın olsun deyə, o dövrün mənzərəsini bir daha təsvir etmək lazımdır.

9 May Qələbə günü ərəfəsində veteranları məktəblərdə, idarələrdə, təşkilatlarda təşkil olunan rəsmi tədbirə dəvət edirlər. Onlara gül, suvenir hədiyyə edir, onlarla şəkillər çəkdirirlər. Tədbirlərdə çıxış edənlər veteranlara xitabən deyirlər ki, sağ olun, bizi, ölkəmizi faşizmdən qorudunuz. Sonra həmin bu adamlar elə həmin bu veteranlara küçədə, yasda, avtobusda müharibədən söz düşəndə deyirlər ki, niyə qoymadınız nemeslər gəlib buraları alsın. Bu, konkret riyakarlıq idi. Onu da qeyd edim ki, veterandan veterana da fərq vardı. Elə veteran vardı ki, öz imtiyazlarından maksimum istifadə edirdi. Eləsi də vardı ki, imtiyazlarından çox da istifadə edə bilmirdi.

Hər veteran hökumətdən “Zapı” hədiyyə alanda əyalətin pijon gəncləri dəli olurdular. Çünki, veteranlara hədiyyə verilən “Zapı”ların üstündə “zerkalnı”, cüt nömrələr olurdu. Bu da o zamanın pijon, modabaz, ədabaz gənclərini cinləndirirdi. Adamlar cüt nömrə almaq üçün özlərini oda-közə vururdular, tanışlıqlardan istifadə edirdilər, ətək-ətək pul xərcləyirdilər, amma hökumət götürüb cüt nömrəni “Zapı”nın üstündə veteranlara verirdi: 11-11, 22-22, 33-33, 44-44, 55-55… pijon gənclərin can atdığı belə- belə gözəl nömrələr. Təsəvvür edin ki, sən ədabaz, modabaz bir gəncsən. Sənin üstündə əsdiyin, üstünə toz qondurmadığın, bütün günü təkərlərini qaraltdığın “Jiquli”nin nömrəsi nə bilim, tutaq ki, 34-91-dir. Bazarda tum satan bir qoca kişinin sürdüyü “Zapı”nın nömrəsi isə 99-99. Adamın təyziqi qalxar, yoxsa qalxmaz? Əlbəttə qalxar.

Elə veteran vardı ki, hökumətdən hədiyyə aldığı “Zapı”nı özü sürürdü. Bəzi veteranlar isə hökumətdən aldığı “Zapı”nı sürmək üçün uşaqlarından birinə verirdi. Qadınlar, xüsusən də cavan qadınlar “Zapı”ya minməyə utanırdılar. Məsələn, tanıdığım bir veteran vardı. Onun gəlini qaynatasının hökumətdən hədiyyə aldığı “Zapı”ya hikkəsindən heç minmədi. Deyirdi ki, camaatın gəlini “Volqa”da, “Jiquli”də gəzir, məni öldürsələr də“Zapı”ya oturmaram. Uşaqlar isə kef edirdilər. Onların heç nə vecinə deyildi. Həvəslə “Zapı”larda gəzirdilər. Hökumətin veteranlara payladığı “Zapı”lardan qazanan elə uşaqlar oldu. Maşınlar tamam yararsız hala düşəndə uşaqların oyuncağına çevrilirdilər.

“Zapı”yla bağlı daha bir söhbət yadıma düşür. Bir nəfər finti-fruşka, forslu bir qız almışdı. Kişi arada arvadını cırnatmaq üçün deyərdi ki: “İstəyirəm bir “Zapı” alam”. Arvad isə belə cavab verərdi: “Zapı”nın təkəri bu qapıya dəysə üstümə nöyüt töküb özümü yandıracam”. O arvad sonralar doğrudan da üstünə nöyüt töküb yandırdı. Amma “Zapı”ya görə yox, tamam başqa səbəbə görə. Eşitmişdi ki, əri başqa arvad saxlayır. Bu dəhşətli reallığa dözməmiş, üstünə nöyüt töküb özünü yandırmışdı.

Hansı veteran “Zapı”nı özü sürürdüsə tezliklə xəstələnib ölürdü. Bunun nəticəsində ortalıqda belə bir şayiə fırlanmağa başladı. Guya veteranları tam pulsuz sanatoriyalara, kurortlara göndərmək, onlara ərzaq vermək, müxtəlif formalarda qayğılarına qalmağ hökumətin canını boğazına yığıb. Ona görə də hökumət veteranlardan birdəfəlik can qurtarmaq üçün onlara “Zapı” hədiyyə edib ki, “Zapı”lar veteranları vərəmlədib, çərlədib öldürsünlər. Bəs hökumətdən hədiyyə aldığı “Zapı”nı özü sürən veteranlar niyə ölürdülər? Bunun sadə bir səbəbi vardı. “Zapı”lar tez-tez xarab olurdu. Bildiyiniz kimi “Zapı”nın motoru qabaqda deyil, arxada yerləşir. “Zapı” yolda xarab olanda veteran maşından düşüb özündən aslı olmadan, istər-istəməz qabaq sandığın qapaqını açıb motora baxmaq, oralarda qurdalanmaq istəyirdi. Veteran “Zapı”nın qabaq sandığının qapağını qaldıranda orada motor görmürdü, boşluqla qarşılaşırdı və motorun olmaması, boşluqla qarşılanmaqları onları dəhşətə gətirirdi. Beləcə, motorla deyil, boşluqla qarşılaşmaları onsuz da xeyli qoca olan, əsəbləri pozulmuş, əldən düşmüş veteranları asanlıqla sıradan çıxarırdı. İndi bu söhbət çox adama gülməli görünə bilər, amma o vaxtlar həqiqətən ortalıqda belə söz-söhbətlər gəzirdi.

P.S. Bir dəfə İkinci dünya müharibəsindən bəhs edən sənədli filmə baxırdım. Filmdə alman və sovet veteranları da danışırdılar. Alman veteranları ilə müqayisədə sovet veteranları hər mənada, bir çox cəhətdən çox nimdaş görünürdülər. Filmin altında bir nəfər maraqlı şərh yazmışdı. Yazmışdı ki, bu veteranların geyiminə, yaşadıqları evlərə baxanda müharibədə kimin qalib gəldiyi, kimin məğlub olduğu dəqiq görünür.

Azloqos

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun