Yerevan və dünya “Dağlıq Qarabağ dövlətini” niyə tanımır

Yerevan və dünya “Dağlıq Qarabağ dövlətini” niyə tanımır
16 Oktyabr 2020
Mətni dəyiş

Moskvada siyasi televerilişlərdə Qarabağ ermənilərini hərbi məğlubiyyətdən xilas etməyin yeganə yolu kimi Rusiyanın “DQR”in “müstəqilliyini” təcili tanıması zərurəti haqqında fikir israrla təşviq edilir. Moskvada ermənilər bu tələblə nümayiş keçiriblər.

Yerevan prezident Robert Koçaryanın zamanından Azərbaycanı Ermənistanın “Qarabağın müstəqilliyini tanıya biləcəyi” ilə hədələyirlər. Son günlər Azərbaycanın azadlıq müharibəsinə başlaması ilə Ermənistan parlamentində və hökumətində bu barədə daha tez-tez danışılır.

Amma Ermənistanın “DQR”-i “tanıması” baş vermir. Qarabağda artıq işğalçıların uydurduğu bufer zona, status-kvo və “DQR-in sərhədləri” də yoxdur, amma Yerevan Azərbaycanı “tanıma haqqında akt” qəbul etməklə hədələməyə davam edir. Bəs bu, niyə baş vermir?

Bəziləri xatırlayır ki, 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Şurası Dağlıq Qarabağın SSRİ-nin tərkibində Ermənistan Sovet Sosialist Respublikasına qoşulması haqqında qərar qəbul edib. 1990-ci il yanvarın 9-da isə Ermənistan SSR-in Ali Şurası “1990-cı il üçün Ermənistan SSR-in iqtisadi və sosial inkişafı haqqında Dövlət planına 1990-cı il üçün DQMV-nin (Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti) sosial-iqtisadi inkişafı planının daxil edilməsi haqqında” qərar qəbul edib.

Ertəsi gün, 1990-cı il yanvarın 10-da SSRİ Ali Şurasının Rəyasət Heyəti “Dağlıq Qarabağla bağlı Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixlərində qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qətnamə çıxarıb. Bu qətnamədə bu qərarın SSRİ Konstitusiyasının 78-ci maddəsinin birbaşa pozuntusu olduğu qeyd edilirdi.

“Miatsum” haqqında danışan ermənilər SSRİ AŞ Rəyasət Heyətinin qətnaməsi barədə səslərini çıxarmırlar.

Müasir Ermənistan Ermənistan SSR-in hüquqi varisidir, onlar özləri bunu qeyd edirlər və buna görə Ermənistan SSR-in qərarları Ermənistan Resublikası üçün qüvvədə qalır. Bu, o deməkdir ki, Dağlıq Qarabağı dövlət elan etmək üçün müasir Ermənistan əvvəlcə Ermənistan SSR-in 1989 və 1990-cı illərdə verdiyi qərarları ləğv etməlidir. Yalnız onda “DQR”in Ermənistan tərəfindən “tanınması” fərziyyəsi erməni hüququnda “qanuni qüvvə” qazanar.

Amma beynəlxalq hüquqda belə bir qərar qanunsuz hesab olunacaq, ona görə ki, beynəlxalq hüquqa və Ermənistanın BMT-yə daxil olarkən qəbul etdiyi BMT xəritələrindəki dünya sərhədlərinə əsasən, Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir.

Başqa ölkələrdə “DQR-in tanınması” da mümkün deyil.

Rusiya qanunvericilik səviyyəsində Azərbaycan SSR-in sərhədləri daxilində - respublikamızın Sovet İttifaqından çıxıb müstəqil ölkə, BMT üzvü olarkən mövcud olan sərhədlər daxilində Azərbaycan ərazisini tanıyır.

Avropa İttifaqı Azərbaycan SSR-in sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünün birbaşa və ya dolayı yolla tanındığı çox sayda qərar qəbul edib. Sonuncu dəfə 2020-ci il mayın 5-də Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrel bildirib ki, Avropa İttifaqı əvvəlki kimi bütün tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiqdir.

“Avropa İttifaqı əvvəlki kimi mübahisələrin müəyyən edilmiş sülh yolu ilə həlli formatlarına sadiqdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində Aİ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərini və təkliflərini, o cümlədən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səylərini dəstəkləməyə davam edir”, deyə bəyanatda bildirilir.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibinin 31 mart 2020-ci il tarixində dərc etdiyi bəyanatda Aİ həmin gün Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkiləri” keçirilməsinin konstitusion və hüquqi çərçivələrini tanımadığını təsdiq edib.

Avropanın ən böyük ölkələri ilə Azərbaycanın ərazi bütövlüyünə hörmətin vurğulandığı ikitərəfli sənədlər imzalanıb.

Azərbaycan dünyanın 120 dövlətini birləşdirən Qoşulmama Hərəkatının sədridir. Hərəkat dəfələrlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş düşmənçilik addımlarını pisləyən prinsipial mövqe bildirib.

ABŞ da Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi hesab edir.

Azərbaycanla qonşu olan bütün ölkələr, əlbəttə ki, təcavüzkar istisna olmaqla, Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir.

Beləliklə, hüquqi və siyasi mənada Azərbaycan ərazisinin müstəqil dövlət elan edilməsi təkcə başqa ölkələr üçün deyil, Ermənistanın özü üçün də qeyri-mümkündür. Bu qərar nə cürsə qəbul edilsə belə, dövlət sərhədinin birtərəfli dəyişdirilməsinin qeyri-mümkünlüyü haqqında beynəlxalq prinsiplə ziddiyyət təşkil edəcəyi üçün də hüquqi qüvvəyə malik olmayan hüquqi nonsens olacaq.

Söhbət ilk növbədə BMT orqanlarının aktlarından, xüsusən, 1970-ci il tarixli dövlətlərin dost münasibətləri ilə bağlı prinsiplər bəyannaməsindən, habelə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktının etimad tədbirləri haqqında bəyannaməsindən və sənədindən gedir. “İştirakçı dövlətlər bir-birinin bütün sərhədlərini, eləcə də Avropada bütün dövlətlərin sərhədlərini pozulmaz hesab edirlər və buna görə də indi və gələcəkdə bu sərhədlərə istənilən qəsddən yayınacaqlar”, deyə BMT-də və Avropada bildilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun