Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində 2,2 milyon nəfərdən çox artıb.
TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“Oktyabrın 5-dən bəri ÜST-nin altı bölgəsindən 2,2 milyondan çox yeni yoluxma və COVID-19-dan 39 min yeni ölüm faktı barədə məlumat daxil olub. Yoluxma sayı həftəlik periodlar üzrə rekordu yeniləyib. Ölüm sayı isə təxminən ötən həftədki qədər olub. Oktyabrın 11-nə olan məlumata görə, dünyada 37 109 851 nəfər yeni növ koronavirusa yoluxub, ölənlərin sayı isə 1 070 355 nəfərə çatıb”, - məlumatda deyilir.
Ən ağır epidemioloji vəziyyət Şimali və Cənubi Amerikada müşahidə olunur. Bu regionda ümumilikdə 5-11 oktyabr tarixlərində 804 mindən çox insan koronavirusa yoluxub və yoluxanların ümumi sayı isə 17,79 milyonu keçib. Göstərilən yeddi gündə 20 mindən çox ölüm faktı qeydə alınıb və oktyabrın 11-nə ümumi ölüm sayı 588 mindən çox olub.
Cənub-Şərqi Asiya bölgəsində həftə ərzində 575 mindən çox insan virusa yoluxub və ümumi yoluxma sayı 7,9 milyonu keçib. Ölənlərin sayı 126 mini keçib və bu, öncəki həftənin nəticəsindən 7,75 min nəfər çoxdur.
Avropada isə həftəlik müqayisə üzrə ən böyük artım (34%) qeyd alınıb. Yoluxanların sayı 694 mindən çox artaraq 6,92 milyon nəfərə çatıb. Həftə ərzində 6,1 mindən çox insan ölüb və ümumi ölüm sayı isə 246 mini keçib.