Ukraynalı nazir: “Ukrayna bu məsələdə Azərbaycanı hər zaman dəstəkləyib”

Ukraynalı nazir: “Ukrayna bu məsələdə Azərbaycanı hər zaman dəstəkləyib”
6 Oktyabr 2020
Mətni dəyiş

Ukrayna xarici işlər nazirliyinin rəhbəri Dmitri Kuleba BBC Ukrayna xidmətinin Qarabağda döyüşlər ilə bağlı suallarını cavablandırıb:

-Söhbətimizə ən aktual beynəlxalq məsələdən - Qarabağda yenidən alovlanan müharibədən başlayaq. Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair mövqeyini dəfələrlə bildirmisiniz. Əvvəlki illərdə Ukrayna hər iki tərəfə çoxlu silah satıb. İndi silah satışında vəziyyət necə olacaq? Ukrayna hansısa vasitəçilik təşəbbüsləri ilə çıxış edəcəkmi? Ukraynanın Türkiyə ilə silah istehsalı sahəsində əməkdaşlığının aqibəti necə olacaq? Türkiyə pilotsuz aparatlarından döyüş əməliyyatlarında istifadə olunur və Ukraynanın Motor Sich şirkəti tezliklə orduya verilə biləcək Bayraktar Akıncı dronları üçün mühərriklər istehsal edir.

-Sualınızı iki suala ayırmaq düzgün olardı. Birincisi, Ermənistan və Azərbaycan, ikincisi isə Türkiyə ilə bağlıdır. Qeyd etdiyiniz kontekstdə bunlar iki fərqli məsələdir.

Nə Ermənistan, nə də Azərbaycan beynəlxalq silah embarqosu rejimi altında deyil. Dünyada sərbəst şəkildə silah ala bilirlər və elə Rusiyanın özü də həm Ermənistana, həm də Azərbaycana silah satır.

Mövqeyimiz çox aydındır. Silahlı münaqişənin başlanmasına görə təəssüf edirik. Müharibənin ilk növbədə qan, ölüm və əzab olduğunu Ukrayna bilir və bunun qarşısını almaq istəyi həmişə var.

Silahlı münaqişə nəticəsində işğal olunmuş əraziləri olan bir ölkə kimi, biz əlbəttə ki, hər hansı bir dövlətin ərazi bütövlüyünün tərəfdarıyıq.

Burada Ermənistan, Azərbaycan və ya başqası fərq etməz.

Azərbaycanın beynəlxalq sərhədlər daxilində ərazi bütövlüyü beynəlxalq gündəmdə duran bir məsələdir, Ukrayna bu məsələdə Azərbaycanı hər zaman dəstəkləyib və Azərbaycan da Ukraynanı dəstəkləyib, odur ki, bu mövzu ilə bağlı əlavə deyiləsi də nəsə yoxdur.

Bilirsiniz, əraziləri işğal edilmiş bir ölkənin xarici işlər naziri olmasaydım, dünyada alovlanan növbəti qarşıdurmaya daha laqeyd qalardım. Ancaq biz bu ağrını, bu vəziyyəti çox yaxşı başa düşürük.

İndiki vəziyyətdə hansısa təchizata gəlincə, bizim mövqeyimiz çox sadədir - hamı səylərini emosiyaların qızışdırılmamasına yönəltməlidir - müharibə vaxtı xarici oyunçularsız da emosiyalar kifayət qədərdir, səylərin yönəldildiyi ikinci istiqamət isə bu münaqişənin sülh yolu ilə həllini tapmaq olmalıdır.

Türkiyəyə gəlincə, hərbi-texniki sahə daxil, Türkiyə ilə dərin bir strateji tərəfdaşlığımız var. Biz həm də pilotsuz təyyarələr alırıq, onların istehsalında iştirak edirik, bunlar çox perspektivli layihələrdir, bunları fəal şəkildə inkişaf etdirmək və yeni layihələrə başlamağı planlaşdırırıq, çünki Türkiyə və Ukraynanın ittifaqı hər iki ölkə üçün və bütövlükdə bu region üçün çox faydalı ola bilər.

- Məhz ittifaq qurursunuz?

- Bəli. Sovet ittifaqı yox... Düşünürəm ki, Ukrayna və Türkiyənin strateji tərəfdaşlıqdan daha böyük olan nəsə qurmaq perspektivi var, ən azı biz bunun müzakirəsində, ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin dərinləşməsində maraqlıyıq.

- İndi Ukraynada həm Azərbaycan, həm də erməni diasporu var, ən azı bu insanların əksəriyyəti Ukrayna vətəndaşıdır. Təəssüf ki, bu müharibədə, ehtimal ki, həm Ukrayna, həm də Rusiyanın bir vaxtlar satdığı silahlardan istifadə olunur, bu, Azərbaycan və ya erməni mənşəli vətəndaşlarda xoşagəlməz təəssürat yarada bilər. Bu vəziyyətdə Ukrayna vasitəçi rolunu oynayacaqmı və münaqişə bölgəsinə hər hansı bir silah satışının qarşısını almağa çalışacaqmı?

-Belə bir kontekstdə, yəni kiminsə hansısa silahdan istifadə olunacağından narahat olması ilə bağlı sual verən ilk insansınız. Bütün ölkələrin müdafiə qabiliyyətini gücləndirmək və silah almaq hüququ var.

Əslində, bu müharibədə hansı silahdan istifadə olunduğu ilə bağlı erməni və ya azərbaycanlı icmasının narahat olduğunu göstərən hər hansı bir təzahür görmürük.

Silah embarqosunun pozulması ilə əlaqəli beynəlxalq qaydaları heç vaxt pozmamışıq.

Ukrayna bu rejimlərin son dərəcə məsuliyyətli iştirakçısıdır. Həm Ermənistan, həm də Azərbaycan sanksiyalar, embarqo altında olmayan ölkələrdir.

Vasitəçilik funksiyasına gəldikdə, hər zaman hər cür münaqişədə yardım göstərməyə hazırıq.

Görsək ki, hər iki ölkə Ukraynanı məhz vasitəçi kimi görmək istəyir, məmnuniyyətlə belə bir vəzifəni yerinə yetirərdik.

Ancaq bunu etmək üçün bu barədə bir müraciət gəlməlidir ki, ona cavab verilsin.

Odur ki, indi biz bu münaqişəni izləyirik, ümid edirik ki, o sona yetəcək və qurbanların sayı minimum olacaq. (BBC Azərbaycanca)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun