Tvitlərin semantikası

Tvitlərin semantikası
10 Oktyabr 2020
Mətni dəyiş

Türkiyə iqtidarının kiçik ortağı Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçəli oktyabrın 4-də atdığı Tvitter mesajlarında “bu proseslərdə Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasına birləşməsi qaçılmazdır, tarixi məcburiyyətdir, çox təcili ehtiyacdır, belə demək mümkündürsə, ölüm-qalım məsələsidir” yazınca bəyanatın məzmun və mahiyyəti tam aydın olmadı.

Türkiyə siyasətinin ən təcrübəli simalarından birinin “Naxçıvan təcili Azərbaycana birləşməlidir” şəklində mesaj atması əslində, 30 ildən bəri ölkə siyasətini içəridən izləyən bir adam üçün qətiyyən təəccüblü deyil. Çünki Türkiyənin siyasətçisi də, məmuru da, alimi də, QHT lideri də Azərbaycanı maksimum 10% tanıyır ki, onların da əksəriyyətinin tanımağı şəxsi mənfəət üçündür. Ona görə yaradıldığı gündən bəri “xaricdəki türklər” məsələsini özünün əsas diqqət sahəsi kimi müəyyənləşdirən MHP-nin və onun liderinin “Naxçıvanın təcili Azərbaycana birləşməsini” tələb edən tvitlərini soyuqqanlı qarşılayır və “1997-ci ildən bəri partiya sədri olub 3,5 il baş nazirin müavini kreslosunda oturan və 4 ildən bəri iqtidara qeydsiz-şərtsiz dəstək verən” Dövlət Bahçəlinin bu tvitlərini siyasətin normal jarqonuna tərcümə edərək anlamağa çalışır və görürəm ki, o, Naxçıvan Muxtar Respublikası ilə Cəbrayılın arasında qalan  Zəngəzur bölgəsinin ya Ermənistanın tərkibindən çıxarılaraq Azərbaycana bağlanmasını, ya da minimum tələb kimi oradan keçən dəmir yolunun bərpa edilərək Naxçıvan-Bakı qatarlarının işləməyə başlamasını istəyir.

Hamıdan əvvəl Türkiyənin QHT-ləri bunu “Zəngəzurun Ermənistandan alınması” kimi başa düşərək tələbi yüksək səslə dilə gətirdilər. Hörmətli Bahçəlinin bu tələbi hökumətlə məsləhətləşərək gündəmə gətirdiyini bilən “yandaş” media, mənasını dərk edib-etməməyin fərqinə varmadan dəstəyini əsirgəmədi.

O da olsun və ya Aziz Nesinin kiçik oğlu, dostum Əhməd Nesinin dediyi kimi, ossun. Biz isə hörmətli Dövlət Bahçəlinin “Naxçıvanın Azərbaycana birləşməsini” tələb edən tvitlərinin pərdə arxasındakı niyyətlərini  araşdıraq. Həqiqətən, Türkiyə hökumətinin qeyri-rəsmi ortağı Milliyyətçi Hərəkat Partsiyasının lideri “Naxçıvanın təcili Azərbaycana birləşməsi” məsələsini niyə bir anda gündəmə gətirdi?

1)Bunun əsas səbəbi Azərbaycanın öz torpaqlarını separatçılardan, soyqırımçılardan, terrorçulardan təmizləmək üçün apardığı əməliyyatlara qarşı çıxmamağı Ermnəistana ən sərt şəkildə xatırlatmaq ola bilərmi?

2) Şübhəsiz ki, cənab Bahçəlinin mənası sonradan anlaşılan tvit mesajlarında Azərbaycanın haqlı əməliyyatına mənəvi-psixoloji dəstək də ön plandadır. Mesajın sətir arasında Bakıya “əsla dayanma və ya əməliyyatları yarımçıq qoyma, yoxsa hamımız naqolay vəziyyətdə qalarıq” eyhamı da varmı?

3) Şübhəsiz ki, Dövlet Bahçəli bu tvitləri həm də dövlətin adından atdı. Elə isə o tvitlərin o biri ünvanları da İran və Rusiya ola bilərmi? Yəni, “əslində o vaxt Zəngəzur bizim idi, siz alıb Ermənistana  verdiniz. İndi isə bizim onu yenidən almağa gücümüz var, Qarabağa müdaxilə etsəniz, 1920-1921-ci illər  Qars, Gümrü və Moskva müqavilələrilə himayəmiz altında olan Naxçıvandan biz də Zəngəzuru narahat edəcək xüsusilə İranın oraya yaxınlaşmasına əngəl törədəcəyik” demək istənildimi?

İfadə stilində anormallıq olmasına baxmayaraq, MHP lideri Dövlət Bahçəlinin 4 oktyabr tvitlərini Azərbaycan ordusuna dəstəyin mühüm bir elementi kimi dəyərləndirmək lazımdır. Zira  keçən ilin axırında Siyavuş Novruzov Bakıda, Bülənt Arınç isə Ankarada keçmiş vəzifəli şəxslərə necə “tərsdən çaxmışdısa”, bu dəfə eyni taktikadan Dövlət Bahçəli istifadə edərək Ermənistana “tərsdən çaxdı”.

Təsirli olacağına əsla şübhə etməyin...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun