"Sentyabrın 27-də başlayan silahlı qarşıdurmada Azərbaycan 30 ilə yaxındır işğal altında olan ərazilərini öz imkanları və özünəinamı ilə qaytara biləcəyini Ermənistan və bütün dünyaya göstərib".
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
“Bu müddətdə bütün dünyadan insani səbəblərdən dolayı atəşkəs tələbləri gəlib. Azərbaycan da son dəfə Ermənistana işğal etdiyi ərazilərdən çəkilmək üçün şans verib. İnsani reallıqlarla əsirlərin və meyitlərin dəyişdirilməsi məqsədilə elan edildiyi bildirilən atəşkəs önəmli bir ilk addım olmaqla yanaşı, daimi həllin yerinə keçməyəcək. Türkiyə lap əvvəldən ancaq Azərbaycanın “hə” deyəcəyi çözümləri dəstəkləyəcəyini vurğulayıb. Bu mənada, meydanda və masada Can Azərbaycanın yanında olmağa davam edəcəyik”, - açıqlamada vurğulanıb. 14:31
Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun telefon danışığı baş tutub. Telefon danışığı zamanı Ceyhun Bayramov Moskva şəhərində Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə türkiyəli həmkarını məlumatlandırıb. Nazir Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib. Mövlud Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli bir addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb. Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin edilməsi üçün BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.