Tramp və Bayden suallara ayrı-ayrılıqda cavab veriblər

Tramp və Bayden suallara ayrı-ayrılıqda cavab veriblər
16 Oktyabr 2020
Mətni dəyiş

Tramp bir saat ərzində sualları Florida ştatının Mayami şəhərindən cavablandırıb. Bayden isə Pensilvaniyanın Filadelfiya şəhərindən danışıb

ABŞ Prezidenti Donald Tramp və onun 3 noyabr seçkisində rəqibi Co Bayden oktyabrın 15-də ayrı-ayrılıqda debatvari sualları cavablandırıblar. Onların ikinci debatı təxirə salınıb.

Tramp bir saat ərzində sualları Florida ştatının Mayami şəhərindən cavablandırıb. Bayden isə Pensilvaniyanın Filadelfiya şəhərindən danışıb.

Hər iki tədbir eyni vaxtda televiziya ilə yayımlanıb. Ancaq Baydenin seçki tədbiri Trampınkından 30 dəqiqə çox çəkib.

Hər iki namizədə ABŞ-ın koronavirus pandemiyasına reaksiyası ilə bağlı sərt suallar verilib. Tramp prezident kimi öz mübarizəsindən danışıb, deyib ki, həkimlər iki həftə öncə xəstəxanaya yerləşdirilərkən onun ağciyərlərinə “azacıq infeksiya düşdüyünü” müəyyənləşdiriblər.

Virus “küncə sıxışdırılır”

Ancaq o, testinin sonuncu dəfə nə zaman neqativ çıxmasıyla bağlı sualdan yayınıb. Tramp seçki tədbirlərində çox adamın maska taxmamasına görə tənqid olunur.

Nadir hallarda maska taxan Tramp deyib ki, “maskaya münasibəti yaxşıdır”, ancaq eyni zamanda maska taxanların “həmişə COVID-19-a yoluxduğunu” iddia edən araşdırmaya toxunub. ABŞ-ın səhiyyə rəsmiləri isə maska taxmağı tövsiyə edir.

Prezident ölkəsinin virusu “küncə sıxışdırdığını” iddia edib.

Tramp ilk dəfə olaraq onu da deyib ki, ədalətli seçkinin nəticəsini qəbul edəcək, ancaq yenə də səsvermənin ədalətli olacağına şübhəylə yanaşıb.

Bayden isə Trampın koronavirus pandemiyasını idarə etməsinə tənqid edib. Onun sözlərinə görə, “rəhbərlik etmək prezidentin məsuliyyətidir”, ancaq Tramp bunu etməyib. Bayden deyib ki, Tramp virusun yayılmasını mənasızlaşdırmaqla səhm bazarının reaksiyasını diqqətdə saxlayıb.

O, prezidenti pandemiyanın ziyan vurduğu amerikalılara yardım paketinin qəbulunda Konqreslə daha fəal işləməməkdə suçlayıb.

400 milyon dollarlıq borc

Bayden deyib ki, prezident seçilərsə, zəngin amerikalılar üçün vergi güzəştlərini ləğv edəcək. O, Trampın xarici siyasətini tənqid edib, deyib ki, “Öncə Amerika devizi Amerikanı tənhalaşdırıb”.

Trampa “The New York Times” qəzetinin yazdıqları haqda da sual verilib. Qəzet iddia edib ki, prezidentin biznes borcu 400 milyon dolları aşır. O, biznes sövdələşmələri çərçivəsində borclu ola bilər, ancaq kimə borcu olduğunu açıqlamayıb. Ancaq borclarının ümumi sərvətinin kiçicik bir hissəsini təşkil etdiyini, Rusiyaya, yaxud “uğursuz” şəxslərə borcu olmadığını vurğulayıb.

İki namizədin oktyabrın 22-də üzbəüz debatı planlaşdırılır.

Bayden debatda iştirak planlaşdırdığını, ancaq bundan öncə prezidentdən test verməyi xahiş edəcəyini deyib.

Tramp Baydenlə 29 sentyabr debatı günü testinin neqativ çıxıb-çıxmadığını deməyib. “Ola bilər çıxıb, ola bilər yox”, – o söyləyib.

Debat təşkilatçıları 15 oktyabr debatının virtual keçirilməsini təklif etmişdilər. Tramp belə bir debata razılaşmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun