Prezident Donald Tramp terror qurbanları və onların ailələri üçün Birləşmiş Ştatlara yüz milyonlarla dollar ödəməyə dair razılaşma imzaladıqdan sonra ABŞ-ın Sudanı terrora sponsorluq edən dövlətlərin siyahısından çıxaracağını deyib.
Tramp bazar ertəsi Twitter-də bunları yazıb: “ƏLA xəbərlər! Sudanın böyük irəliləyiş əldə edən yeni hökuməti terror qurbanları və ailələri üçün ABŞ-a 335 MİLYON dollar ödəməyi qəbul etdi. Pulu ödədikdən sonra mən Sudanı terrorizmə sponsorluq edən dövlətlərin siyahısından çıxaracağam. Nəhayət, Amerika xalqı üçün ədalət və Sudan üçün BÖYÜK addım!"
Bu addım Sudana bir daha ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün lazım olan beynəlxalq kredit və yardım almağa imkan verəcək.
Tramp administrasiyası ərəb ölkələrinin İsraili tanıması üçün müqavilələr bağlamağa çalışdığına görə belə bir addım Sudanın İsraillə diplomatik əlaqələr qurmasına da yol aça bilər. Administrasiya Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyə də bu cür razılaşmaları əldə etməsinə yardım edib.
Sudanın baş naziri Abdalla Hamdok bazar ertəsi tweeter səhifəsində Sudanın terrora dəstək verən ölkələrin siyahısında olmasının ölkəyə ciddi zərər verdiyini yazıb və Trampa təşəkkür edib. O, Sudan xalqının heç vaxt terroru dəstəkləmədiyini və ABŞ-ın bu addımının ölkənin demokratiyaya keçməsi üçün güclü bir dəstək olduğunu deyib.
Sudanın amerikalılara ödəməyi qəbul etdiyi 335 milyon dollar Əl-Qaidənin ABŞ-a hücumlarının qurbanları, 1998-ci ildə Keniya və Tanzaniyadakı səfirliklər və 2000-ci ildə Yəmən limanında USS Cole-un bombalanması üçündür. ABŞ məhkəmələri Sudanın bu hücumlarda iştirak etdiyini təsbit edib.