Oktyabrın 16-da Ermənistan Silahlı Qüvvələri Azərbaycanın 1993-cü ildə işğal olunmuş Qubadlı rayonundan Naxçıvan ərazisinə ballistik raket buraxıb. Raket ölkənin əsas hissəsindən Ermənistan ərazisi ilə ayrılmış Naxçıvanın Ordubad rayonunda partlayıb. Raketdən zərər yoxdur.
Türkiyə XİN Ordubadın raket atəşinə məruz qalmasını qətiyyətlə pisləyib. Bəyanatda deyilir ki, cəbhədəki məğlubiyyət fonunda Yerevan getdikcə daha aqressiv olur.
Türkiyə XİN-in bəyanatında qeyd olunur ki, Naxçıvan Türkiyə ilə həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının atəşə tutulması Ermənistanın hərbi əməliyyatlar zonasını genişləndirmək cəhdlərinin “növbəti və təhlükəli təzahürüdür”.
“Yerevan dinc əhaliyə qarşı hərbi cinayətlər törətməklə atəşkəs barədə razılaşmaya məhəl qoymur. Yerevan münaqişəni yeni səviyyəyə çıxarmağa çalışır. Ermənistan öz təcavüzkar hərəkətlərinin nəticələrini yaxşı dərk etməlidir. Türkiyə qardaş Azərbaycanla həmrəy olub və olacaq”, - sənəddə deyilir.
1921-ci ildə Türkiyə ilə müstəqil Azərbaycan arasında imzalanmış Qars müqaviləsinə əsasən Ankara Naxçıvanın təhlükəsizliyinin qarantı olub.
Türkiyə bu hüquqdan 1990-cı illərin əvvəllərində istifadə edib, Ermənistanın Naxçıvana müdaxilə etməsinə yol verməyəcəyini bəyan edib.
Naxçıvanın xüsusi statusu haqqında müqavilə ( 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi və 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi) fonunda Türkiyə buna necə reaksiya verə bilər? Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-ın bu sualına cavab verib.
- Paşinyanın davranışından görünür ki, çaşıb, Azərbaycan ordusunun hücumunu necə dayandıracağını bilmir. Hər vəchlə Rusiya ilə Türkiyəni təhrik etmək istəyir.
Yerevanda anlayırlar ki, Qarabağda rejimi yalnız Rusiya xilas edə bilər. Ancaq bundan ötrü ermənilər Türkiyəni Ermənistana cavab zərbəsinə təhrik etməlidirlər.
Az müzakirə olunan hüquqi kolliziya var. Məsələ bundadır ki, 50-ci illərdə Türkiyə NATO-ya daxil olanda o, bütün beynəlxalq öhdəlikləri ilə qəbul edilib.
Odur ki, məsələ belə qoyula bilər, Paşinyan NATO və KTMT arasında müharibəyə təhrik edir. Azərbaycan SQ-nin Ermənistanda Azərbaycana hədəflənən raket qurğularını məhv etməsinə Rusiya reaksiya vermədikdən sonra bu cəhdlər uğursuz oldu.
Lakin təəssüflər olsun ki, oktyabrın 17-nə keçən gecə ermənilər Gəncədə dinc sakinlərin kütləvi qırğınına səbəb olan yeni raket zərbələri endiriblər.
- Naxçıvana hücum ikinci cəbhədir və bunun təşəbbüskarı biz deyilik. Bu, ermənilərə niyə lazımdır?
- Əgər ermənilər ikinci cəbhəni açmaq istəyirlərsə, bilməlidirlər ki, bu, mütləq Ermənistanın vəziyyətinin pisləşməsinə və onun kapitulyasiyasına gətirib çıxaracaq. İstisna deyil ki, Azərbaycan Qarabağın azad edilməsini sürətləndirmək üçün Ermənistan ərazisinə güclü zərbə endirəcək. Bu, bizim Ermənistan şəhərlərinə hücumu ola bilər.
Naxçıvandan Yerevana birbaşa 40 km.-a yaxındır. Bu məsafə Azərbaycanın bir çox raket sistemləri üçün asanlıqla aradan qaldırıla biləndir. Paşinyan bunu bilir, amma dinc şəhərlərimizi raketlərlə atəşə tutaraq hərbi cinayətlər törətməkdə davam edir. Ermənistanın baş naziri şizofrenikdir, ermənilər onu öz həkiminə təhvil verməlidirlər
- Rusiya Ermənistanın tərəfində olsa, nə baş verəcək? Axı onlar hərbi müqavilələrlə bağlıdırlar.
- RF müharibəyə daxil olmayacaq, çünki NATO ilə müharibə etmək istəmir. Bu təşkilatın prinsiplərinə görə isə digər üzvlər mütləq NATO üzvü olan Türkiyənin tərəfində çıxış edəcəklər.
Odur ki, Paşinyan KTMT-nin hərbi yardımına ümid etməkdə yanılır.
Mən ermənilərə məsləhət görürəm ki, KTMT-nin sənədlərini oxusunlar və bilsinlər ki, bu hərbi təşkilat öz istənilən iştirakçısının təcavüzkar, anneksionist hərəkətlərində ona yardım etmək öhdəliyi götürməyib.
KTMT-də deyilməyib ki, əgər Ermənistan öz ərazisini genişləndirmək istəsə, təşkilatın digər üzvləri ona bu işdə hər cür kömək etməyə borcludurlar. Paşinyanın faşist cəhdləri naminə Rusiyanın Azərbaycanla müharibə edəcəyini düşünməyə əsas yoxdur.