Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın funksioneri Tofiq Yaqublu barədə Nizami rayon Məhkəməsinin hökmündən verilən şikayətinə ilkin baxış olub.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında vəkillərin işə bəraətverici əsaslarla xitam verilməsi, məhkəmənin istintaqla keçirilməsi və başqa vəsatətlərinin heç biri təmin edilməyib.
Məhkəmə baxışı noyabrın 12-nə təyin edilib.
Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.
Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.
Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.
17 gün aclıqdan sonra, sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə Nizami Rayon Məhkəməsinin Tofiq Yaqublu barədə həbs qətimkan tədbiri haqqında qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin edib. Yaqublu məhkəmə zalında sərbəst buraxılıb.