Bazar günü Minskdə və digər şəhərlərdə polis etirazçıları səs qumbaraları və rezin güllələrlə dağıdıb. Azı 280 nəfərin saxlandığı xəbər verilir. Müxalifət lideri Svetlana Tixanovskaya bundan sonra tətil çağırışı səsləndirib.
Belarus müxalifəti oktyabrın 26-dan ümumölkə tətilinə çağırıb. Məqsəd Alyaksandr Lukaşenkanı istefaya məcbur etməkdir. Ona oktyabrın 25-i gecəyarısınadək vəzifədən getməklə bağlı ultimatum verilmişdi.
Bazar günü Minskdə və digər şəhərlərdə polis etirazçıları səs qumbaraları və rezin güllələrlə dağıdıb. Azı 280 nəfərin saxlandığı xəbər verilir. Müxalifət lideri Svetlana Tixanovskaya bundan sonra tətil çağırışı səsləndirib.
Müxalifət 9 avqust seçkisinin saxtalaşdırıldığını, seçkini Tixanovskayanın udduğunu bildirir. Müxalifətin namizədi seçkidən dərhal sonra özünə və ailəsinə təhdidlərdən dolayı Litvaya gedib.
“Yeganə bacardığı şey gücdən istifadədir”
Birləşmiş Ştatlar, Avropa Birliyi, Britaniya və Kanada Lukaşenkanın qələbəsini tanımır, bir sıra məmurlara səyahət qadağası tətbiq edib, hesablarını dondurub. Litvadan əhalini tətilə çağıran Tixanovskaya deyib ki, onlar övladlarının gələcəyi haqda düşünsünlər, azadlıqda yaşamaq uğrunda mübarizə aparsınlar.
“Rejim bir daha belaruslulara göstərdi ki, yeganə bacardığı şey gücdən istifadədir. Buna görə də sabahdan, oktyabrın 26-dan milli tətil başlanacaq”, – o vurğulayb.
Tixanovskaya əhalini yolları kəsməyə, iş yerlərini bağlamağa, hökumət mağazaları və xidmətlərdən istifadəni dayandırmağa, pullarını bank hesablarından çıxarmağa çağırıb.
O, küçəyə çıxaraq dinc etiraz edən hər bir belaruslunu, xalqla həmrəylik göstərən hər bir hökumət, təhlükəsizlik işçisini dəstəklədiyini vurğulayıb.
“Bəs uşaqları kim yedizdirəcək?”
Lukaşenka isə çağırışları məsxərəyə qoyaraq deyib ki, dövlət müəssisələrinin işçiləri tətil edərsə, “Bəs uşaqları kim yedizdirəcək?”
Dünən etirazların davam etdiyi 11-ci bazar gün idi. Hakimiyyətin qanunsuz etirazla bağlı xəbərdarlığına baxmayaraq, 100 mindən çox etirazçı Minskə küçələrinə çıxıb. Hökumət aksiyanı səs qumbaraları və rezin güllələrlə dağıdıb.
“Vyasna” insan haqları qrupu azı 280 nəfərin saxlandığını xəbər verir.
İnsan haqları müdafiəçiləri bir sıra şəhərlərdə saxlananların olduğunu bildirir. Müxalifət hərəkatı təkcə Lukaşenkanın istefasını deyil, polis zorakılığına son qoyulmasını, siyasi məhbusların hamısının buraxılmasını, yeni seçki keçirilməsini tələb edir.
BMT-nin insan haqları üzrə təhqiqatçısı ötən ay deyirdi ki, minlərlə insan “qəddarlıqla döyülüb” və 500-dən çox işgəncə məlumatı əldə olunub.