ABŞ-ın vasitəçiliyi ilə Qətərdə sülh danışıqları davam etdiyi bir vaxt Taliban yeni hücumlar həyata keçirərək, azı 23 əfqan əsgərini öldürüb.
Rəsmilər cümə günü gecə üsyançıların Nimruz vilayətinin cənub-qərbindəki Xaşrod mahalında yerləşən Əfqanıstan Milli Ordusunun (ANA) bazasına genişmiqyaslı hücum təşkil etdiklərini bildirib.
Mahalın rəsmisi Cəlil Vətəndost Amerikanın Səsinə bildirib ki, Taliban bazanı dağıdıb və Əfqanıstan Milli Ordusunun dörd işçisini girov götürüb. O, Əfqanıstan Hərbi Hava Qüvvələrinin buna cavab olaraq üsyançıların bölgədəki mövqelərinə qarşı bir neçə hava hücumu təşkil etdiyini deyib.
Digər bir xəbərdə isə bildirilib ki, üsyançılar Əfqanıstanın şimalındakı Kunduz vilayətindəki təhlükəsizlik məntəqələrinə hücum edərək, azı 7 nəfəri öldürüb və bir neçə nəfəri yaralayıb. Vilayətin polis sözçüsü Amerikanın Səsinə qarşıdurma zamanı Talibanın da ağır itki verdiyini desə də, ətraflı məlumat verməyib.
Əfqan təhlükəsizlik qüvvələri son həftələr Talibanla döyüşlərdə çox sayda itki verib.
Bu həftənin əvvəlində Təxar vilayətinin şimal-şərqində üsyançıların həyata keçirdiyi iki hücum zamanı Əfqanıstan Milli Ordusunun azı 40 üzvü öldürülüb.
Əfqanıstan hava qüvvələri çərşənbə günü üsyançıların Təxardakı mövqelərinə qarşı hava hücumu həyata keçirərkən dini məktəbi də vurub. Azı 12 uşaq ölüb, 18 nəfər yaralanıb.
Amerika Birləşmiş Ştatları Əfqanıstanda yüksək həddə çatan zorakılıqların Vaşinqtonun Taliban üsyançıları ilə sülh razılaşması və Əfqanıstanın daxili sülh danışıqlarının pozulmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu xəbərdarlığı bazar ertəsi Talibanın Helmənd vilayətində genişmiqyaslı hücumları da daxil olmaqla. Əfqanıstan təhlükəsizlik qüvvələrinə qarşı hücumları artırdığı vaxt verib.
"Bizim gözləntimiz zorakılıqların azalacağı və dayandırılacağı olub və belə də qalır" - deyə, Xəlilzad yazdığı silsilə tvitlərin birində bildirib.