'Tərs və təkəbbürlü adamlar həbsdə saxlanmalıdır?'

'Tərs və təkəbbürlü adamlar həbsdə saxlanmalıdır?'
22 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Orxan Baxışlıya verilən cəza müddətinin başa çatmasına təxminən 6 ay qalıb. O, vaxtından əvvəl şərti azadlığa buraxılmaq üçün məhkəməyə müraciət edib. Oktyabrın 21-də məhkəmədə çıxışında da deyib ki, həbsdən çıxıb, könüllü şəkildə Qarabağ döyüşlərinə getmək istəyir.

"Qarabağ uğrunda döyüşüb sağlamlığını itirmiş Asif Yusifli, Babək Həsənov, Saleh Rüstəmli kimi qazilərin bu gün şər-böhtanla dəmir məftillər arxasında saxlanması doğru deyil", – O.Baxışlı məhkəmədə bildirib.

Koronavirusa yoluxanların sayının yenidən artdığını vurğulayan cəbhəçi gəncin sözlərinə görə, belə bir vəziyyətdə həbs yerlərində yoluxma riski daha çoxdur, məhkəmə bunu da nəzərə almalıdır: "Birinci dalğada da çoxlu sayda məhbus yoluxdu. Bəziləri buna görə vaxtından əvvəl azadlığa buraxıldı".

"Mülahizədə yazdıqlarını burada əsaslandırsınlar"

Vəkili Zibeydə Sadıqova bildirib ki, O.Baxışlının vaxtından əvvəl həbsdən çıxmasının qarşısını almaq üçün hazırlanmış mənfi rəy əsassızdır. Vəkil həmin rəyə imza atmış şəxslərin, o cümlədən Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlının (o, həm də Ədliyyə naziri yanında İctimai Komitənin koordinatorudur) məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb: "Yazıblar ki, Orxan Baxışlı fərdi-tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxarmır. Düzgün nəticə necə olur? Yaxud da onun xasiyyətcə tərs və təkəbbürlü olması. Bunu kim müəyyənləşdirir? Hər kəsin bir xasiyyəti var. Tərs və təkəbbürlü adamlar həbsdə saxlanmalıdır? Gəlsinlər, mülahizədə yazdıqlarını burada əsaslandırsınlar".

Məhkəmə rəyə imza atmış şəxslərin dindirilməsi haqda vəsatəti də, O.Baxışlının vaxtından əvvəl azadlığa buraxılması haqda şikayəti də təmin etməyib.

S.Bənənyarlı AzadlıqRadiosuna bildirib ki, o, təqdim olunmuş sənədlər əsasında rəy verib: "Bizə sənədlər təqdim olunur, həmin sənədlər əsasında rəy veririk. Orxan Baxışlı məsələsinə gəlincə, bu məsələni araşdırandan sonra nəsə deyə bilərəm. Mən bilmirəm nə sənəddir o. Orxan Baxışlı işinə baxdığım minlərlə insandan biridir. Mən heç nə deyə bilmərəm...".

Xatırlatma

O.Baxışlı 2018-ci il mayın 6-dan həbsdədir. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. O, CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib.

Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı.

Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, E.Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hakimiyyətin günahlandırılmasını əsassız sayırlar.

E.Hüseynov 2005-ci ildə qətlə yetirilib. Qatil və ya qatillər hələ də tapılmayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun