"Ermənistanın monoetnik, Azərbaycanın isə polietnik ölkə olduğunu haqlı olaraq bizim üstünlüyümüz və zənginliyimiz kimi təqdim edirlər"
Abzas.net xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli feysbuk statusunda yazıb.
Onun sözlərinə görə, statistika şübhəlidir və bu rəqəmlərin haradan götürüldüyü, kimin 100% ləzgi, kimin 100% talış, kimin 100% türk olmasının hansı meyarlar əsasında müəyyənləşdirildiyi bəlli deyil.
"Bəzi dostlar Azərbaycan əhalisinin etnik tərkibi haqqında rəqəmlər paylaşır. Bunu təbii ki, xoş niyyətlə edirlər, Ermənistanın monoetnik, Azərbaycanın isə polietnik ölkə olduğunu haqlı olaraq bizim üstünlüyümüz və zənginliyimiz kimi təqdim edirlər. Amma bir önəmli məqam var ki, elan olunan rəqəmlər (2% ləzgi, 1% talış filan) özü boş yerdən problem, inciklik yaradır. Ləzgi və talış mənşəli azərbaycanlılar bu rəqəmlərə etimad etmədiklərini, bu qədər az olmadıqlarını söyləyirlər", - deyə politoloq qeyd edib.
Şahin Cəfərli deyir ki, doğrudan da, statistika şübhəlidir və bu rəqəmlərin haradan götürüldüyü, kimin 100% ləzgi, kimin 100% talış, kimin 100% türk olmasının hansı meyarlar əsasında müəyyənləşdirildiyi bəlli deyil. Bu torpaqların insanları əsrlər boyu o qədər qaynayıb-qarışıb ki, etnik zəmində onları fərqləndirmək, ayırmaq çox çətin işdir. Məsələn, küçəyə çıxıb sorğu keçirsək, əminəm ki, "milliyyətiniz nədir" sualına bir çox insan "azərbaycanlı" deyə cavab verəcək. İndi biz necə müəyyənləşdirək ki, bunların kökü nədir?
Əslində ehtiyac da yoxdur, belə yaxşıdır. Azərbaycanlı üst kimliyi birləşdiricidir. Amma təbii ki, alt kimliklər bu üst kimliyin içində yox olmalı da deyil. İstəyən hər vətəndaş öz milli, etnik, dini mənsubiyyətini qürurla söyləmək, mədəniyyətini qorumaq və inkişaf etdirmək, bütün konstitusion hüquqlardan tam yararlanmaq haqqına sahib olmalıdır.