Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyan soydaşlarını Şuşa şəhərinin müdafiəsinə gəlməyə çağırıb.
Azadlıq Radiosu Erməni xidmətinin yazdığına görə Arutyunyan deyib ki, Azərbaycan qüvvələri Şuşa istiqamətində ciddi hərbi resursları cəmləşdirirlər.
O, oktyabrın 29-da etdiyi müraciətdə bildirir: “1992-ci ildə bizim müzəffər yürüşümüz Şuşanın azad edilməsindən başlandığı kimi, bu gün də bizim qələbəmizi Şuşanın müdafiəsi şərtləndirir”.
Araik Arutyunyanın sözlərinə görə Azərbaycanın hərbi birləşmələri Şuşa şəhərinə yaxınlaşıb:
“Düşmən cəmi bir neçə kilometrlikdə, ən uzağı 5 kilometrlik məsafədədir və onun məqsədi Şuşanı tutmaqdır. Məlumdur ki, Şuşa kimdədirsə, Artsax (Dağlıq Qarabağ) da ondadır. Mən istərdim ki, bunu hamımız dərk edək. Təkcə sözdə dərk etməyək. Şuşanın müdafiəsində birbaşa iştirak edək”.
Separatçı rejimin başçısı daha sonra bildirir: “Artsaxın ali baş komandanı kimi mən bir daha çağırış edirəm: birləşin, gəlin birlikdə Şuşamızı, Artsaxımızı, milli ləyaqətimizi müdafiə edək”.
Arutyunyan bildirir ki, onun bu müraciəti “panika deyil və o, əksinə qələbəyə hər vaxt olduğundan artıq inanır”.
Azərbaycanın hərbi komandanlığı Arutyunyanın çağırışı ilə bağlı heç bir şərh verməyib.