Tramp Barretti “səxavətli, inanclı və saf xarakterli” qadın kimi təsvir edib
Oktyabrın 26-da ABŞ Senatı Emi Koni Baretin Ali Məhkəməyə namizədliyini təsdiqləyib. Bununla da məhkəmədə balans 6-3 mühafizəkarların xeyrinə güclənir və Prezident Donald Tramp siyasi qələbə qazanmış olur.
Tramp Barretti “səxavətli, inanclı və saf xarakterli” qadın kimi təsvir edib. O bunları səsvermədən sonra Ağ evdə keçirilən andiçmə mərasimində söyləyib.
“Bu, Amerika, ABŞ Konstitusiyası, ədalətli və qərəzsiz hüququnu aliliyi üçün dönüş günüdür”, – prezident deyib.
Baret məhkəmə üzvü olmaq üçün gərəkən iki anddan birincisi içib. İkinci andiçmə oktyabrın 27-də Ali Məhkəmənin Baş Hakimi Con Roberts tərəfindən qapalı şəkildə keçiriləcək.
Demokratların narazılığına baxmayaraq...
Respublikaçıların nəzarətində olan Senatda səsvermədə sürpriz yaşanmayıb. 48 yaşlı Baret ötən ay dünyasını dəyişmiş liberal hakim Ras Beyder Ginzburqun yerinə təyin olunub.
Demokratlar bu təyinata qarşı çıxır, nominasiyanın 3 noyabr seçkisi qabağı irəli sürülməsinə etiraz edirdilər. Onların mövqeyincə, namizədi seçkinin qalibi irəli sürməliydi.
Tramp seçkidə Demokrat Partiyasından rəqibi Co Baydeni məğlub etməyə çalışır.
NATO baş katibi deyib ki, ABŞ Əfqanıstanı dərhal tərk etməyəcək
Baret noyabrın 10-da bir məhkəmə işində iştirak etməlidir. Tramp və respublikaçıların liderlik etdikləri ştatlar keçmiş Prezident Barak Obama dövründə qəbul olunmuş səhiyyə islahatlarını ləğv etdirməyə çalışırlar. 2010-cu ildə qəbul edilmiş qanun “Obamacare” adlanır.
Demokratlar Bareti özünü həm bu işdən, həm də seçkinin nəticələri ilə bağlı istənilən iddiadan kənar tutmağa çağırırlar.
Səbəb də odur ki, Tramp məhkəmənin mübahisəli seçkiylə bağlı işlərə baxmalı olacağını deyib. O eyham vurub ki, Baret təsdiqlənərsə, məhkəmənin onun xeyrinə qərar çıxaracağını gözləyir.
Baret isə andiçmə mərasimində Tramp və siyasi prosesdən müstəqilliyini elan edib.
Baret Ali Məhkəmə üzvü olan beşinci qadındır. Həm də məktəb yaşlı övladları olan ilk Ali Məhkəmə hakimidir. O əri Cessi ilə birlikdə yeddi övlad böyüdür.