Seçki videosuna görə cərimələnən jurnalist yenidən cərimələnib

Seçki videosuna görə cərimələnən jurnalist yenidən cərimələnib
21 Oktyabr 2020
Mətni dəyiş

Oktyabrın 20-də Bakının Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə müstəqil jurnalist Sevinc Vaqifqızı 1000 manat cərimələnib.

Sevinc Vaqifqızı Amerikanın Səsinə bildirib ki, qərar "Karuselə nəzarət edən direktor müavini" süjetinə görə Apellyasiya və Ali Məhkəmə qərarlarının icrası ilə bağlı olub.

Onun sözlərinə görə, məhkəmədə Binəqədi rayon Probasiya Şöbəsinin əməkdaşı, iddiaçı tərəf Elmira Alandarovanın həyat yoldaşı da iştirak edib.

“Məhkəmədə bildirdilər ki, mən Ali Məhkəmənin qərarlarını icra etmirəm. Mən bu video ilə direktor müavini Elmira Alandarovanın şərəf və ləyaqətinə, işgüzar nüfuzuna toxunmuşam, buna görə videonu silməli, üzr istəməli, təkzib verməli və 1000 manat cərimə ödəməliyəm. Məhkəmə qərarında qeyd olunub ki, bu üzrxahlıq, təkzib və videonun silinməsi Azadlıq qəzetində və Meydan TV-də olmalıdır. Mən Azadlıq qəzetindən arayış təqdim etdim ki, qəzet bildirir ki, Azadlıq qəzeti tərəf kimi cəlb olunmadığından bu göstərilən təkzib, silinmə və üzrxahlıqla müraciətdən imtina edir. Bununla bağlı hər hansı tələb oluna bilməz. O cümlədən bildirdim ki, iddiaçı tərəf Rasət Quliyev özü heç bir bank hesabı açmayıb. Pulunu hələ istəmir. Belə olduğu halda mən kompensasiya ödəməmişəm kimi qənaətinə gəlinməməlidir. Çünki icra özü də etiraf edir ki, Rəyasət bəy hələ ki, bu pulun ödənilməsini istəmir. Bununla bağlı hər hansı bir bank hesabı açmayıb."

Onun sözlərinə görə bütün bunlara baxmayaraq qarşı tərəf hakimdən, onun 30 sutka inzibati həbsə göndərilməsini tələb edib.

“Hakim Fərid Əmirəliyev məni 1000 manat cərimələdi,” o qeyd edib.

Jurnalist məhkəmənin qərarını qanunsuz hesab edir.

“Hesab edirəm ki, sifarişli qərardır. Birbaşa peşə faəliyyətimə yönələn məsələdir. Qarşı tərəf də hər zaman bütün məhkəmə prosesində qeyd edir ki, Azadlıq qəzeti və Meydan TV qadağan olunmuş mətbu orqanlardır. Bu şəxs həmin mətbuat orqanlarında çalışır. Yəni hakimiyyətin sevmədiyi adamdır,“ o bildirib.

Sevinc Vaqifqızı məhkəmənin qərarı ilə razılaşmayaraq Apellyasiya Məhkəməsinə müraciət edəcəyini deyib.

Xatırlatma

Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsi jurnalist Sevinc Vaqifqızı ilə bağlı birinci instansiya məhkəməsinin qərarını dəyişib.

Hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə jurnalistin 1000 manat cərimələnməsi barədə qərar qəbul edib.

Məhkəmə hesab edib ki, jurnalistin 251 nömrəli məktəbin direktor müavini barəsində şərəf və ləyaqəti aşağılayan bilgilər yayıb.

Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

Məhkəmə işinin predmeti 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri zamanı çəkilib-yayılmış video görüntülərdir. Həmin vaxt jurnalist səsvermə prosesindən reportaj hazırlayıb. Jurnalist Bakıdakı 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovanı lentə alıb. Həmin görüntülərdə Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində görünür, səsverməyə nəzarət edir. Meydan TV həmin görüntüləri “Karuselə nəzarət edən direktor müavini” başlığı ilə təqdim edib.

Narazı direktor müavininin mülki iddiasına əvvəlcə Binəqədi Rayon Məhkəməsində baxılıb. İddia qismən təmin olunub. Məhkəmə hesab edib ki, şərəf və ləyaqətin aşağılanması iddiası əsaslı deyil, təzminat və üzr istəmək tələbi rədd edilməlidir. Məhkəmə yalnız “Karuselə nəzarət edən direktor müavini” sərlövhəsini həqiqətə uyğun olmafığı qənatəinə gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun