Omskda xəstəxanaların xəstələri qəbul edə bilməməsinə diqqət cəkmək üçün təcili yardım həkimləri xəstələri vilayətin səhiyyə nazirliyinin qarşısına gətirərək sirenaları işə salıblar.
Qorod55 adlı Omsk qəzeti yazıb ki, xəstəxanalar tərəfindən qəbul edilməyən xəstələri daşıyan iki təcili yardım maşını yerli vaxtla axşam saat 10 radələrində həmin xəstələri vilayət səhiyyə nazirliyinin qarşısına gətirib.
Sürücülər sirenaları işə salıblar. On dəqiqədən sonra məlum olub ki, təcili yardım maşınları xəstələri 2 saylı şəhər təcili yardım klinik xəstəxanasına aparıb.
"Yəqin ki, əməkdaşlara daxili rabitə ilə orada yer tapılacağını söyləyiblər. Səhiyyə nazirliyindən çıxılmaz vəziyyətə düşən həkimlərin qarşısına heç kim çıxmayıb," - qəzet yazıb.
"Səhər tezdəndən başlayaraq bu iki maşın ağır vəziyyətdə olan xəstələri yerləşdirmək üçün şəhər xəstəxanalarını gəzirdi. Axşam isə, görünür, əsəbləri tab gətirməyib," - jurnalistlər güman ediblər. Onların məlumatına görə, həkimlərin demarşından qısa müddət sonra səhiyyə nazirliyi binasının yanında "nə baş verdiyini öyrənməyə" göndərilmiş polis əməkdaşları peyda olub .
Təcili yardım maşınlarından birində 85 yaşlı bir kişinin ağciyərinin 88 faizi zədəli idi, digər maşında isə 70 yaşlı xəstə qadının ağciyərinin 81 faizi zədələnmişdi. Qorod55 nəşrinin yazdığına görə həmin xəstə insanlar 2 saylı xəstəxanaya yerləşdirilib.
Nəşrin yazdığına görə, bu xəstəxana "xəstələrlə doludur".
"Bizdə boş yer olmur, biri boşalan kimi təcili yardım ximəti dərhal başqasını gətirir," - adının çəkilməsini istəməyən bir xəstəxana işçisi deyib.
Omsk rəsmiləri nə deyir?
Koronavirusla mübarizə üzrə vilayət əməliyyat qərargahında vəziyyət gecə saatlarında şərh edildi.
"Səhiyyə Nazirliyi vəziyyətə reaksiya verib," - qərargahdan bildirilib.
Qərargah nümayəndələri xəstələrin 2 saylı xəstəxananın stasionar şöbəsinə yerləşdirildiyini təsdiqləyiblər. Omsk vilayətinin səhiyyə nazirliyində rəsmi araşdırmaya başlanılıb, "təcili yardım xidmətinin işi xüsusi nəzarət altına alınıb," məlumatda deyilir.
Qorod55-in yazdığına görə, qubernator Aleksandr Burkov, xəstələrin gün ərzində 12 saat təcili yardımda olduqlarına görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsini tələb edib.
"Axşam saatlarında baş vermiş bu hadisəni anlamaq mümkün deyil. Xəstələr təcili yardımda 10 saat ərzində xəstəxanaya yerləşdirilmələrini gözləməməlidirlər. Hətta pandemiya olsa belə," - qubernator İnstagram-da yazıb.
Burkovun sözlərinə görə, baş vermiş hadisə səhiyyə nazirliyinin tibb bölməsi sisteminin sıradan çıxdığını göstərir.
Sonradan məlum olub ki, Omskda təcili yardım xidmətlərinin işinə məsul olan səhiyyə nazirinin müavini Anastasiya Malova xidməti istintaq müddətində vəzifəsindən kənarlaşdırılıb.
Kreml də bu hadisədən kənarda qalmayıb və bunu "yolverilməz" adlandırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov deyib ki, "işlər gəlib bu yerə çıxmasaydı, daha yaxşı olardı".
Rusiya Baş nazirinin müavini Tatyana Qolikova çərşənbə günü prezident Vladimir Putinlə görüşündə deyib ki, Rusiyanın 16 regionunda koronavirus xəstələri üçün pulsuz çarpayılarla bağlı kritik bir vəziyyət yaranıb; beş regionda Covid xəstələri üçün ayrılmış stasionarlarda yerlərin 95 faizi artıq tutulub.
Omsk vilayətində pandemiya başlayandan 15 min yoluxma hadisəsi qeydə alınıb, son sutka ərzində 190 yeni yoluxma halı olub. Pandemiya müddətində Covid-19 səbəbindən 402 xəstə ölüb.
Bu arada müdafiə naziri Sergey Şoyqunun tapşırığı ilə koronavirus xəstələrini müalicə etmək üçün Kurqan vilayətinə hərbi həkimlərdən ibarət briqadanın göndərilməsi nəzərdə tutulub. Bunu nazirdən həkimlər xahiş ediblər.
Moskvada məhdudiyyətlərin uzadılması
Bu arada Moskvada orta məktəb şagirdləri üçün distant təhsil daxil olmaqla, koronavirus məhdudiyyətləri uzadılıb.
6-11 sinif şagirdləri üçün distant təhsil rejimi Moskva meri Sergey Sobyaninin fərmanına əsasən, ən azı daha bir həftə qüvvədə olacaq. Uşaq dərnəkləri daha bir ay - noyabrın 29-dək bağlı qalacaq. Bu ayın əvvəlində Moskva məktəbləri iki həftəlik tətilə çıxıb; oktyabrın 19-dan isə yalnız ibtidai sinif şagirdləri siniflərə qayıdıblar.
İşəgötürənlərə ünvanlanmış işçilərinin ən azı 30 faizinin distant iş rejiminə köçürülməsi tələbi noyabrın 29-dək uzadılıb.
Noyabr ayının sonuna qədər yaşı 65-dən yuxarı olanlar və xroniki xəstəliklərdən əziyyət çəkən moskvalılar üçün "evdə qal" rejimi qüvvədə saxlanılacaq.
"Koronavirusla bağlı vəziyyət qeyri-sabit olaraq qalır. İlk yaxşılaşma əlamətləri görünməkdədir, ancaq xəstələnmə səviyyəsində artım riski istisna edilə bilməz. Yeni məhdudiyyətlərin tətbiqinə ehtiyac yoxdur, amma mövcud məhdudiyyətlərin yumşaldılması da hələ tezdir," - Sobyanin bloqunda yazıb.
Ölənlərin sayında yeni rekord
Rusiyada gün ərzində 18 283 yeni koronavirus hadisəsi aşkar edilib, 355 xəstə ölüb, operativ qərargah bildirib.
Ötən gün gündəlik ölüm sayı (366) pandemiya müddəti ərzində ən yüksək həddə qalxıb.
Gündəlik ölüm statistikası 10-cu gündür ki, 200 nəfər göstəricisini keçir.
355 xəstədən 69 nəfəri Moskvada ölüb. Bundan əvvəlki göstərici 75 idi. Bu, mayın 31-də 76 xəstənin öldüyü vaxtdan bəri maksimum göstəricidir.
Moskvada gün ərzində 5 268 yeni xəstə aşkar olunub.
Son statistika ölkə üzrə günlük yoluxma hallarının rekord həddə çatdığını göstərir.
Pandemiya müddətində Rusiyada 1 599 976 yoluxma hadisəsi aşkar edilib, 1 200 560 xəstə sağalıb, 27 656 xəstə ölüb.
Johns Hopkins Universitetinin son məlumatlarına görə, dünyada 45 milyondan çox insan infeksiyaya yoluxub, ölənlərin sayı 1,2 milyona yaxınlaşır.
"Maska taxmırdılar, əllərini yumurdular"
Koronavirus xəstəliyinə tutulmanın əsas səbəbi sanitariya qaydalarına riayət edilməməsidir, Rospotrebnadzor-un rəhbəri Anna Popova bildirib. O bu yaxınlarda keçirilmiş sorğunun nəticələrinə istinad edib.
Həmin sorğuya görə, xəstələrin 85 faizi "maska taxmayıb, əllərini yumayıb".
"Tələblərə riayət edənlərin sayı son bir ayda artıb. Sentyabrın əvvəlində bu tələblərə əməl edənlər 40 faizdən çox deyildisə, bu gün nəqliyyatda maska taxanların sayının əhəmiyyətli dərəcədə artdığını görürük," - Popova "Rusiya 24" kanalının efirində bildirib.
Çərşənbə günündən etibarən, Rusiya ərazisində ictimai yerlərdə, o cümlədən nəqliyyatda, dayanacaqlarda və liftlərdə qoruyucu maskaların məcburi geyim rejimi tətbiq olunur.
Popova Rusiyada maska taxmaqdan imtina edən kovid-dissidentlərinin sayını da dəyərləndirib. "Koronavirusun mövcudluğuna inanmayanların sayı xeyli artıb. Bu gün sosioloqlar belələrinin cəmiyyətimizdə 10 faizdən çox olmadığını söyləyirlər," - Popova deyib. Və bu, onun qənaətincə, böyük rəqəmdir.