Rusiya Xəzər dənizinin mərkəzi hissəsində, Abşeron yarımadasının şimalında hərbi təlimlərə başlayıb. Bu haqda bu ölkənin rəsmi TASS xəbər agentliyi oktyabrın 16-da məlumat verib.
Xəbərdə deyilir ki, təlimə altı Rusiya gəmisi, yeddi təyyarə, 400-dən çox hərbi qulluqçu cəlb olunub.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu tədbirlər nəzarət yoxlaması çərçivəsində həyata keçirilir və Xəzəryanı dövlətlərin iqtisadi fəaliyyətinə heç bir məhdudiyyət qoymur.
"Azərbaycan üçün indi artıq bunun o qədər də təsiri yoxdur"
Bakıda siyasi şərhçi Zərdüşt Əlizadə bildirir ki, Qarabağda döyüşlər davam edərkən belə təlimin keçirilməsi Azərbaycana əzələ nümayişi sayıla bilər:
“Ümumiyyətlə, təlim həmişə bir tərəfdən orduda olan şəxsi heyətin hazırlığının yüksəldilməsi, onun təcrübəsinin artırılması, ona müəyyən vərdişlərin aşınması məqsədi daşıyır, o biri tərəfdən hansısa bir ölkəyə, təlim keçən ölkənin hərbi qüdrətini nümayiş etdirir. Əsəbləri zəif olan insan üçün, dövlət üçün bu əzələ nümayişi bəlkə də təsirli olardı, amma Azərbaycan üçün indi artıq bunun o qədər də təsiri yoxdur, çünki artıq bizə Türkiyə zəmanət verib”.
Azərbaycan rəsmiləri öz çıxışlarında Rusiyanın Ermənistanı həm iqtisadi cəhətdən dəstəklədiyini, həm də bu ölkəyə pulsuz silah göndərdiyini bildirir, Türkiyənin isə Azərbaycanın bütün mənalarda, o cümlədən hərbi mənada əsas müttəfiqi olduğunu deyirlər.
"Düzdür 1920-ci ilə təhlükə elə dənizdən gəlmişdi, amma..."
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə deyir ki, Rusiyanın təlim keçirərək Azərbaycana təzyiq edəcəyini düşünmür:
“Mən inanmıram ki, Rusiya bu cür nümayişkəranə şəkildə məhz dənizdən bizə təhlükə törətsin. Rusiyanın Azərbaycana başqa yollarla təzyiq imkanı var, elə Qarabağda təzyiq göstərə bilərlər. Düzdür, 1920-ci ildə təhlükə elə dənizdən gəlib, amma indiki halda bu, inandırıcı deyil. Rusiyanın Azərbaycanın paytaxtına hücum etməyəcək ki?!”
Bu ilin iyulunda Tovuzdakı toqquşmalardan sonra Rusiya Ermənistanla birgə təlimlərə başlamışdı, Azərbaycan isə Türkiyə ilə birgə hərbi təlimlər keçirmişdi.