Qırğızıstanın müxalifət partiyaları parlament seçkilərinin rəsmi nəticələrini tanımayacağını bəyan edib.
Seçki məntəqələri bağlanandan sonra müxalifət tərəfdarları paytaxt Bişkek və ölkənin şimal-qərbindəki Talas şəhərində dinc yürüşlərə çıxıb, seçkidə kütləvi pozuntulara etiraz edib.
Qırğızıstanda parlament seçkiləri oktyabrın 4-də keçirilib. 120 yer uğrunda 16 partiya yarışıb.
Bu dəfə seiçici fəallığı əvvəlki seçkilərlə müqayisədə daha yüksək olub.
Parlamentdə Sosial Demokrat Partiyası koalisiyası yerlərin əsas hissəsini tuturdu.
Hazırda seçicilər dəyişiklik görmək istəyir.
Bişkek məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
O, kriminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq azad edilməsi iddiasında korrupsiyanın təşkilində təqsirli bilinib.
Atambayev həmçinin dövlət rütbələrindən, mükafatlardan, prezidentin sərəncamlarından və fəxri adlardan məhrum edilib.
Sabiq prezident Atambayev 2019-cu ilin avqustunda rəsmi olaraq həbs edilərək korrupsiyada ittiham edilmişdi. Qırğızıstan Milli Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı qüvvələri Atambayevi avqustun 8-də Koy-Daşda onun iqamətgahına ikinci dəfə basqın edərək həbs etmişdi. Təhlükəsizlik qüvvələri və prezidentin tərəfdarları arasında baş verən qarşıdurmalar zamanı xüsusi təyinatlı qüvvələrin bir əsgər ölmüşdü, yüzə yaxın adam isə yaralanmışdı.
Batukayevin qanunsuz sərbəst buraxılması işi 2019-cu ilin yanvarında, Qırğızıstanda prezident dəyişdikdən sonra yenidən açılmışdı. İndi Batukayevə xərçəng diaqnozu qoyan onkoloq Emil Makimbetov və laboratoriya müdiri İrina Tsopova, həmçinin keçmiş Səhiyyə Naziri Dinara Saginbaeva, keçmiş Baş Nazirin müavini Şamil Ataxanov, Norin vilayətinin prokurorunun müavini Mayrambek Akmataliyev və Qırğızıstanın sabiq Ədliyyə Naziri Aida Salyanova kimi bir neçə keçmiş vəzifəli şəxs və deputatların bu işdə adları çəkilir.
Batukayev Çeçenistanın kriminal avtoritetidir. Qırğızıstanda silah, narkotik saxladığı və iğtişaşlar təşkil etdiyi üçün 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2013-cü ildə Narın şəhər məhkəməsi onun vaxtından əvvəl sərbəst buraxılması barədə qərar qəbul etmişdi. Həkimlərin məhkəməyə təqdim etdiyi sənəddə onun qan xərçəngi ilə xəstə olduğu bildirilib. Sərbəst buraxıldığı gün Batukayev xüsusi təyyarədə Çeçenistana təslim edilmişdi. Sonradan tibbi müayinənin nəticələrinin saxta olduğu məlum olmuşdu. 2014-cü ilin martında Bişkek məhkəməsi Batukayevi İnterpola axtarışa vermişdi.
Qırğızıstan parlamentinin baş nazir təyin etmək kimi mühüm səlahiyyəti var. Parlament çox hallarda prezident və nazirlər kabinetinə müqavimət göstərirdi. (Amerikanın Səsi)