Qarabağın cənubunda erməni könüllüləri necə yaşayır və nəyə hazırlaşırlar. Cəbhə xəttinə yaxın yerdən reportaj

Qarabağın cənubunda erməni könüllüləri necə yaşayır və nəyə hazırlaşırlar. Cəbhə xəttinə yaxın yerdən reportaj
27 Oktyabr 2020
Mətni dəyiş

Bu həftə Azərbaycan tərəfi öz qoşunlarının Qarabağın cənub hissəsində irəlilədiyini elan edib.

Sosial şəbəkələrdə Laçın şəhərindən (ermənilər onu Berdzor adlandırır) 27 kilometr aralıda yerləşən Muradxanlı kəndinin ələ keçirilməsinə dair məlumatlar yayılıb.

"Laçın dəhlizi" adlandırılan yol hər iki münaqişə tərəfi üçün strateji əhəmiyyət daşıyır. Bu yol Xankəndini Ermənistanla bağlayır.

BBC-nin Rusca xidməti Laçın rayonunda döyüşlərin getdiyi yerin yaxınlığına baş çəkib, yerli sakinlərlə və ətraf kəndlərdən olan könüllülərlə söhbət edib.

"Dinc silahlılar"

Gəldiyimiz şəhərcikdə sakinlər bu yaşayış məntəqəsinin adını yazmamağımızı xahiş edirlər. Onlar bu şəhərin Azərbaycan silahlı qüvvələri üçün növbəti hədəf olacağını iddia edirlər.

2020-ci ilin oktyabrın əvvəllərində, Qarabağda döyüşlər yeni başladığında bizim komandamız artıq bu şəhərdə olmuşdu. O vaxt burada çox adam var idi və şəhərdə heç bir partlayış səsi eşidilmirdi.

Sakinlər o zaman yalnız dronlardan və ətrafa düşən mərmilərdən danışırdılar. Üç həftədən sonra isə vəziyyət çox dəyişib. Ərzaq dükanı hələ də işləyir, lakin yaxınlıqda artilleriya atəşi səsi gəlir və şəhərdə çox sayda hərbi qulluqçu var.

Laçın rayonu Azərbaycanın Dağlıq Qarabağa aid olmayan və 1990-cı illərin əvvəllərindəki müharibənin yekunlarına görə, ermənilərin nəzarətinə keçən yeddi rayondan biridir.

Administrasiya binası qarşısında bizi özlərini "dinc silahlılar" adlandıran kişilər qarşılayırlar. Administrasiya başçısı və onun müavinləri yerlərində yoxdurlar - "hamı tapşırığı yerinə yetirməyə gedib".

Keçmiş rus dili və ədəbiyyatı müəllimi Armen administrasiya binasının qarşısında dayanıb, çiynindən avtomat asılıb. Armen zirzəmiyə qəhvə içməyə çağırır, lakin xəbərdarlıq edir ki, indi orada başqa "dinc silahlılar" yatmaqdadırlar.

Biz küçədə qalırıq və bu zaman daha bir neçə kişi yaxınlaşır, Armendə olduğu kimi onlar da avtomatla silahlanıblar.

Müəllimdən başqa burada bizə ikinci qrup əlil vəsiqəsini göstərən keçmiş sosial sektor işçisi də var.

Danışdığımız bütün vaxt boyu yaxın ərazidən silah səsi eşidilir. Kişilər gülür və bizi sakitləşdirirlər: "Qorxmayın, atəş açan bizik, bizə atılmır".

Silah hamıya qərargahda verilib. Həmin qərargah Ermənistanın Baş naziri Nikol Paşinyanın çağırışından dərhal sonra yaradılıb.

Keçmiş müəllim Armen deyir ki, şəhərdə qərargah açıldığını eşidən kimi gedib qeydiyyata durub. O, 30 il yerli məktəbdə əvvəl müəllim, sonra isə direktor vəzifəsində işləyib. Laçın bölgəsindəki döyüşlərlə bağlı bütün suallara cavabı belə olur ki, hər şey yaxşı olacaq.

Müharibə əvəzinə Armen bizə poeziya haqqında söhbətləşməyi təklif edir. Onun ən sevimli şairi Sergey Yesenindir. Armen avtomatını arxasına çəkib ucadan "Qara adam" adlı poemadan sətirləri oxumağa başlayır (Azərbaycan şairi Əliağa Kürçaylının tərcüməsindən istifadə olunub - BBC Azərbaycanca):

"İyrənc bir kitab üstə gəzdirir barmağını,

Ölü üstündə dua oxuyan rahib kimi.

Burnunda danışır bax,

Bir dələduz kefcilin həyatda olmağını,

Danışır,

Ürəyimə kədər, qorxu salaraq.

Qara adam

Qapqara!"

Qarabağda vəziyyət
Şəklin alt yazısı,Silahlı və müəllim Armen peziya haqqında danışmağı təklif edib

Təxminən 70 yaşında, avtomatla silahlanmış bir qoca kişi onun sözünü kəsərək ahənglə başqa bir şeirdən sətirlər oxumağa başlayır:

"Mən gözəl bir anı xatırlayıram,

mənim qarşımda sən göründün,

ani bir xəyal kimi

təmiz gözəllik dahisi kimi ... Təşəkkür edirəm sizə!"

Müharibə gediramma no need to worry

Şəhər ərzaq dükanının yanında xüsusilə çox adam var. Onların əksəriyyəti hərbçidir.

Dükanın qarşısında yerləşən evin yaxınlığında mülki geyimli kişilər dayanır.

Yenidən yaylım atəşi eşidilir, kişilərdən biri binokl çıxarıb dağlara tərəf baxır.

"Evlərin pəncərələrini titrədən bu səslərdən qorxurlarmı" sualına onlar belə cavab verirlər: "Bu, yaxında deyil. Atəşi buradan açırlar".

Əlində binokl tutan kişi - onun adı Stepandır - bir neçə il bundan əvvəl ABŞ-dan gəldiyini söyləyir.

"Müharibə var, amma no need to worry (narahat olmaq lazım deyil)" - o deyir.

Stepan rus sözlərini xatırlaya bilməyəndə hər dəfə ingilis sözlərindən istifadə edir: "Düşmən bizim "determination"-i (qətiyyət) nəzərdən qaçırıb".

Stepan deyir ki, bütün "development"-lərdə iştirak etmək və "investment in the future of this country" etmək (təxminən, "bu ölkədə baş verənlərdə iştirak etmək və gələcəyinə töhfə vermək" kimi tərcümə edilə bilər - BBC) istədiyinə görə geri qayıdıb.

"Hətta müharibə zamanı da burada olmaq daha yaxşıdır, çünki öz xalqınla birlikdəsən," - Stepan deyir.

Qarabağda vəziyyət

Qabağında balaca növbə yaranmış dükana bir qadın yaxınlaşır. Tamara kiçik uşaqlarını Ermənistanın Gorus şəhərinə göndərib, özü isə burada qalıb - böyük oğlu cəbhədədir.

Söhbətimiz əsnasında yenə də üç güclü yaylım atəş səsi eşidilir. Tamara onlara heç fikir vermir, yalnız daha ucadan danışmağa başlayır. Soruşuram ki, müharibənin belə yaxınlıqda olmasından qorxmur ki?

"Yaxındır, amma müdafiə olunmaq lazımdır. Nə etməli?" - qadın deyir.

Qayçı əvəzinə avtomat

Şəhərdən bir az irəlidə bir neçə gün əvvəl baş çəkdiyimiz bir qəsəbə var. Burada Livandan və Suriyadan köçən ermənilər yaşayırlar. Rəsmilər onlara torpaq ayırıb və evlər tikdirib. Qəsəbədə təxminən 300 nəfər yaşayır.

Bundan əvvəlki səfərimizdə bərbər Arutla tanış olmuşduq, o, bura bu ilin avqust ayında Liviyadan köçüb gəlib. Qəsəbədə onun qazancı yerli sakinlərin saçını qırxmaqdan çıxır, sifarişçilər çağıranda Xankəndinə və Şuşaya da gedib. Arut bizi kənd administrasiyasının binası yaxınlığında qarşılayır - onun əynində hərbi forması, əlində avtomatı var.

Söyləyir ki, qayçını kənara qoyub, qalan şeylər isə əvvəl olduğu kimidir.

Azərbaycan əsgərlərinin Laçına yaxınlaşdığını eşidib-eşitmədiyini soruşuram: "Heç bir problem yoxdur, biz hazırıq. Öz gözlərimizlə görməyincə, heç nəyə inanmırıq. Evlərimizi, uşaqlarımızı, arvadlarımızı, vətənimizi müdafiə edəcəyik".

Qarabağda vəziyyət
Şəklin alt yazısı,Keçmiş bərbər Arut Livandan bu ilin avqustunda köçüb gəlib

Livan erməniləri icmasının başçısı Andranik qəsəbədə səsi yaxşı eşidilən topların atəş açdığı mövqelərdən təzəcə qayıdıb.

"Hər şey sabitdir. Elə bir xüsusi məlumat yoxdur," - Andranik deyir.

İcma başçısı deyir ki, Azərbaycan silahlı qüvvələri kənddən 20 kilometr məsafədədir, lakin cəbhə xətti hər zaman dəyişir.

Andranik güman edir ki, onların məqsədi Laçını mühasirəyə almaqdır.

O, gündə bir neçə dəfə cəbhə xəttinə baş çəkir, bəzən orada gecələyir, deyir ki, son iki gündə bölməsində itki olmayıb. Ancaq bir neçə gün əvvəl mal-qaranı aparmaq istəyən mülki şəxslər top atəşinə düşüb ölüblər.

Getdicə yaxınlaşan bu müharibədən qorxub- qorxmadığına dair bütün suallara Andranik qısa cavab verir: "Çe (yox - erməni dilində), hər şey yaxşı olacaq".

Qarabağda vəziyyət

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun