Müharibə vaxtı ölkə paytaxtı Bakıda çoxları üçün gözlənilməz nə olub? BBC müxbiri Bakı küçələrini gəzərək müşahidələr və söhbətlər aparıb.
Bakı sakinləri üçün müharibə İnternet kəsildikdən sonra başlayıb.
Günortadan sonra bir taksi sürücüsünü müşahidə etdim. Müharibənin elə ilk günündə radio ilə cəbhədən reportajlara qulaq asırdı, ona zəng gəldi və hansısa xoş xəbərlə sevindirdilər. O, "evə gedirəm" cavab verib səssizcə ağlamağa başladı. Niyə ağladığını soruşmağa utandım, amma o, elə bir sevinc keçiridi ki, mən tez sakitləşdim.
Paytaxtın mərkəzində, açıq restoranlarda, dayanacaqlarda, liftlərdə xəbərlər müzakirə edilir, fərziyyələr söylənilir, məsləhətlər və hərbi strategiyaları bölüşürlər. Bu günlərdə hər yerdə "ekspertlərə" rast gəlmək mümkündür. Lakin çoxları səmimi olaraq silah götürüb cəbhəyə getməyə hazır olduqlarını söyləyirlər.
Bakının mərkəzi küçəsi olan keçmiş Torqovı küçəsində restoranlarda, çayxanalarda, parklarda kamuflyaj gödəkçəli gözəl qızlar gözə dəyir.
Yeraltı keçiddə bir küçə musiqiçisi gitara müşayiəti ilə bu gün Bakıda hər kəsin əzbər bildiyi vətənpərvərlik mövzusunda iki mahnıni təkrar-təkrar oxuyur.
Şəhərdə çoxlu Azərbaycan bayrağı var - dükanlarda, avtomobillərdə, eyvanlarda. Bayraqlar köhnə və ya ləğv edilmiş konsertlərdən xəbər verən afişaların yanında da asılıb. Həmin afişalar ölkənin yalnız müharibə şəraitində deyil, həm də koronavirus epidemiyası şəraitində olduğunu xatırladır.
Müharibənin ilk günlərində sakinlər yeni bir qısaltmanın mənasını öyrəniblər - söhbət VPN-dən gedir. Bu, anonim olaraq bloklanmış İnternetdən kənara çıxmaq üçün yaradılmış proqramdır. Hər kəsin bu proqramı necə yükləməkdən başı çıxmır. Kiçik bir xidmət mərkəzində işləyən bir oğlan bir anda üç telefonda VPN-i işə salır. Arxasında uzun bir növbə düzülüb. "Bu ikonları artıq gözlərimi yumanda da görürəm," - o şikayətlənir.
Hər yerdə televizorlar işləyir, camaat televizora baxır. Hətta bərbərxanada da. Adətən, burada futbolu izləyirlər, amma indi hamı xəbərlərə və siyasi verilişlərə baxır.
Xəbərlərdə Ermənistan ordusundan geri alınan bir kənd və ələ keçirilmiş silahlar haqqında məlumat verilir. Azərbaycan şəhərlərinin - Gəncə, Tərtər, Ağcabədi, Beyləqan və digərlərinin atəşə tutulduğu barədə deyilir.
Dəvət olunmuş ekspertlər bir-biri ilə mübahisə etmirlər, əksinə bir-birini tamamlayırlar. Hamı Ermənistanın haqlı olmadığı ilə razılaşır. Biri xatırladır ki, 1990-cı illərdəki müharibədən əvvəl Qarabağda və bu gün erməni tərəfinin nəzarətində olan ərazilərdə daha çox azərbaycanlı yaşayırdı.
Xəbərlər arasında televiziya ilə filmlər nümayiş olunur: ya vətənpərvərlik mövzusunda, ya da ki, köhnə və mehriban filmlər.
Birinci müharibə zamanı Qarabağdan və erməni nəzarəti altına keçən ətraf rayonlardan 400 mindən çox insan qaçıb. İndi qaçqınların bir qismi eyforiya hissi keçirir.
Ağdamın keçmiş sakinlərindən biri olan qadın yaşlı atasının müharibə barədə xəbər gələndən sonra təxminən 30 il əvvəl tərk etdiyi evini yenidən necə quracağına dair plan cızmağa başladığını danışıb.
Onlar Ağdamdan qaçanda Gülnazın (öz istəyi ilə adı dəyişdirilib) iyirmi yaşı olub. İndi isə az qala 50 yaşındadır, onun bütün övladları Bakıda doğulub.
"Xəbərləri izləyirəm, gözləyirəm Ağdam haqqında nə vaxt olacaq, nə vaxt ora qayıda biləcəyimizi gözləyirəm, - o deyir. - Uşaqlar burada doğulsalar da, orada hər küçənin, hər bir cığırın harada olduğunu bilirlər, çünki mən onlara danışmışam".
Böyük bir supermarketdə 1994-cü ildə bitmiş müharibədən qalan marşları səsləndirirlər. Yaxınlıqdakı arabadan rəflərə mal düzən işçi qız yavaşca həmin havanı zümzümə edir, sonra birdən ətrafa baxıb zümzüməsini bitirir.
Oğlanlar könüllü kimi səfərbərlik qeydiyyatından keçirlər. Onlardan biri bəzilərinin ərizələrinin qəbul edilmədiyini söyləyib: həmin gənclərə deyilib ki, onlara hələ ehtiyac yoxdur.
Çağırış məntəqələrinin yanında çağırışçılarla dolu avtobusları görmək olar.
Yaşlı bir qadının nəvəsi cəbhəyə yollanır: "İnanıram ki, torpağı da qaytaracağıq və özümüz də ora dönəcəyik, artıq otuz ildir ki, bunu gözləyirik."
Bakıda komendant saatı axşam saat 9-dan başlayır, ancaq artıq saat 7-dən sonra şəhərdə taksi xidmətlərindən taksi tapmaq çətin olur - hamı evə tələsir.
Axşamlar uşaqlar pəncərənin altında xor şəklində Azərbaycanın dövlət himnini oxuyurlar. Yaşlı insanlar siqaret çəkirlər və bundan sonra nə olacağını müzakirə edirlər.