Azərbaycan-Ermənistan arasındakı döyüşlər bir neçə günə bitməyəcək, "hələ tərəflərin mövqelərində yaxınlaşma yoxdur," - Qafqazdakı münaqişələr üzrə mütəxəssislər belə düşünür.
Onlar bu münaqişənin Qarabağın hüdudlarını aşa biləcəyindən narahatdılar və hesab edirlər ki, beynəlxalq güclər Qafqazda alovlanmış bu atəşi söndürməyə hələ də tələsmirlər.
Azərbaycan Ermənistanın mülki əhaliyə hücumunu əsas gətirərək, sentyabrın 27-də cəbhə xətti boyunca əks-hücum əməliyyatlarına başlayıb.
Ermənistan isə Azərbaycanın tanınmamış "Dağlıq Qarabağ Respublikasına" hücum etdiyini deyib.
Hər iki ölkədə hərbi vəziyyət elan edilib.
Bəzi ölkə rəhbərləri tərəfləri sülh danışıqlarına dəvət etsə də, Azərbaycan torpaqlarını azad etməkdə israrlı olduğunu, sülhün yalnız Ermənistanın onun şərtlərini qəbul etdiyi təqdirdə mümkünlüyünü vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin TRT1 kanalına müsahibəsində bildirib ki, "Ermənistan Qarabağdan ordusunu çıxarmağın qrafikini təqdim etməlidir, Türkiyənin sülh danışıqlarında iştirakı təmin olunmalıdır".
Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan xalqından üzr istəməsi və "Qarabağ Ermənistan deyil" söyləməsinin tələbi də İlham Əliyevin şərtləri arasındadır.
Mütəxəsislərin fikrincə, hazırda Ermənistanın bu şərtlərin heç birini qəbul etməməsi müharibənin hələ davam edəcəyini göstərir.
"...həftələr çəkə bilər"
Almaniyanın Heinrich Böll Fondunun Qafqaz ofisinin direktoru Stefan Meister BBC News Azərbaycancaya danışıb ki, döyüşlərin nə qədər davam edəcəyini demək çətindir, amma ən azı həftələr çəkə bilər.
Onun sözlərinə görə, Türkiyənin münaqişədə iştirakı onu deməyə əsas verir ki, döyüşlər bu dəfə həmişəki kimi bir neçə gün çəkməyəcək. "Bilmirəm, bu müharibə nə qədər davam edəcək, demək çətindir. Amma deyə bilərəm ki, bu, toqquşmanın yeni mərhələsidir. Əsas təsir gücünə malik Rusiya döyüşən tərəfləri atəşkəsə çağırsa da, biz hazırda müharibənin böyük miqyasını müşahidə edirik, çoxlu qurbanlar var və hesab edirəm ki, döyüşlərin dayandırılması da asan deyil," - Stefan Meister bildirib.
O bildirib ki, yaxın günlərdə hərbi əməliyyatların dayanacağını gözləmir və bunun üçün kifayət qədər beynəlxalq təzyiq də görmür.
Cənab Meisterin fikrincə, tərəflər və maraqlı güclər bu dəfəki müharibənin Qarabağın hüdudlarından kənara yayıla biləcəyini anlamırlar.
"Mən hesab edirəm ki, bütün regionda ABŞ-ın iştirakı zəifləyib. Həmçinin də Türkiyəyə təsiri zəifləyib. Eləcə də Fransanın Minsk qrupunun həmsədri kimi konfliktdə iştirakı zəifləyib.
Hesab edirəm ki, regionda maraqlar məhduddur. Avropa Birliyi tərəfdən də maraq azalıb. Başqa konfliktlər də davam edir: Belarus, Suriya, Liviya, Avropa Birliyində və ABŞ-da başqa problemlər bura marağı azaldıb. Bunlar əsas səbəblərdən biridir,"- Stefan Meister deyib.
Cənab Meister hesab edir ki, beynəlxalq oyunçuların başı daxili problemlərə qarışıb və burdakı məsələlər onları o qədər də maraqlandırmır.
Şərhçi bildirib ki, Avropa Birliyi də bir neçə münaqişənin həllində eyni anda iştirak edə bilmir və bütün bunlar döyüşlərin vaxtını uzadır.
"Minsk formatı [ATƏT] Azərbaycan tərəfdən legitimliyini itirib. İlham Əliyev bir neçə dəfə bunu vurğulayıb. Ola bilsin, Rusiya da gözləyir ki, yeni vəziyyət yaransın, sonra müdaxilə etsin,"- Qafqazdakı münaqişələr üzrə şərhçi bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda müharibədə qalib olduğu təəssüratı var.
"Əgər xarici qüvvələr tərəfindən dayandırılmasa, Azərbaycan gedə bildiyi qədər uzağa gedəcək və buna görə də bu döyüşlər həftələr çəkə bilər".
"ABŞ-ın başı seçkilər qarışıb"
Ermənistan və Azərbaycan arasındakı münaqişədən bəhs edən "Qarabağ" kitabıının müəllifi, Tomas De Wall BBC News Azərbaycancaya deyib ki, döyüşlərin tezliklə dayanacağı görünmür, amma hər gün daha çox insan həyatını itirir.
"Azərbaycan Xankəndini və Qarabağı atəşə tutur, Ermənistan isə Gəncəni, Mingəçeviri vurur və düşünürəm ki, bu, uzun çəkəcək", - Tomas De Wall bildirib.
O bildirib ki, hazırda Rusiyanın müdaxiləsini gözləyir və Türkiyənin və ya başqalarının müdaxiləsi ənənəvi deyil.
Onun sözlərinə görə, münaqişəni dayandıra biləcək əsas qüvvə Rusiya olsa da, onun mövqeyi Azərbaycana sarıdır, ABŞ-ın isə başı seçkilərə qarışıb.
"Məncə, ən effektiv təsir edə biləcək ölkələr Avropa ölkələridir ki, Azərbaycan və Ermənistan onların mövqeyinə hörmət edir. Ola bilər ki, bu, İsveç olsun. Fikirləşirəm ki, iki tərəf də yenidən danışmalıdır və bunu başa düşürlər.
Mən hesab etmirəm ki, iki ölkənin də uzun müddət müharibə aparmağa ehtiyatları bəs etsin. Bu ölkələr kiçik ölkələrdir və artıq indidən böyük itkilər veriblər," - Tomas De Wall deyib.
"Hazırda döyüş NATO üslubu ilə aparılır"
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, hərbi əməliyyatların formatı vaxt aparır, amma bu, effektiv üsuldur.
"Azərbaycan, ümumi desək, 21-ci əsr üslubunda müharibə aparır, Ermənistan isə 20-ci əsr qaydaları ilə. Hazırda döyüş NATO üslubu ilə aparılır, atəş nöqtələri məhv edilir, sonra canlı qüvvə ərazini təmizləyir. Bu taktika çox vaxt aparır, amma itkilərin azalmasına xidmət edir. Hesab edirəm ki, bu döyüşlərdə Azərbaycan vaxt məhdudiyyəti qoymamalıdır,"- Tofiq Zülfüqarov bildirib.
Sabiq nazirin fikrincə, Türkiyə və Rusiya arasında hansısa razılaşma mövcuddur.
"Bu bölgədə hərbi əməliyyatların bərpası və uzun müddət davam etməsi tərəflərin burada iştirakı olmadan mümkün deyil. İstisna etmirəm ki, hansısa razılaşma mövcuddur," - keçmiş nazir bildirib.
Cənab Zülfüqarov hesab edir ki, tərəflərin razılaşmasında Ermənistan kənarda qalıb və bu, onu çox narahat edir.
Tofiq Zülfüqarova görə, "hansısa razılaşmanın olduğu görünür və hadisələr buna uyğun cərəyan edir".
Qarabağ münaqişəsinin tarixçəsi
Azərbaycan və Ermənistan 1991-ci ildən keçmiş Dağlıq Qarabağ muxtar vilayəti və onun ətrafındakı yeddi rayonu əhatə edən ərazilərə görə 30 ilə yaxındır ki, qarşıdurma vəziyyətindədir.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyan dörd qətnamə qəbul edib, amma onlar indiyə kimi icra olunmayıb.
Tərəflər 1994-cü ildə atəşkəs imzalasa da, indiyə kimi təmas xəttində, hətta iki ölkə sərhədində kiçik toqquşmalar baş verib.
Atəşkəsdən sonra cəbhədə baş verən ilk iri miqyaslı toqquşma 2016-cı ilin aprelində olub və dörd gün çəkib.
İndi gedən döyüşlər münaqişənin tarixində 1994-cü ildəki atəşkəsdən sonra baş vermiş ən geniş miqyaslı döyüşlər hesab edilir.
Döyüşlər bazar günü, sentyabrın 27-dən bəri davam edir. Azərbaycan işğal edilmiş bəzi ərazilərini azad etdiyini açıqlayıb. (BBC Azərbaycanca)