Vladimir Putin 68 yaşını qeyd etdiyi gün Rusiya ordusunun baş komandanı Rusiyanın sınaqdan keçirdiyi hipersəsli Tsirkon raketinin Barents dənizindəki bir hədəfi müvəffəqiyyətlə vurduğu barədə məlumat verib.
Baş Qərargahlar rəisi Valeriy Gerasimov Putinə video görüntü ilə danışarkən sınağın çərşənbə axşamı Rusiyanın şimalındakı Ağ dənizdə Admiral Qorşkov gəmisindən həyata keçirildiyini deyib.
Rusiyanın Arktikadakı hərbi varlığını gücləndirəcəyinə söz verən Putin 2018-ci ilin mart ayında etdiyi bir çıxışında hipersəsli raketlər və Rusiyanın yeni silahları haqqında danışmışdı. O, sınağın müvəffəqiyyətlə keçməsini yüksək qiymətləndirib.
"Bu, yalnız silahlı qüvvələr üçün deyil, bütün Rusiya, bütün ölkə üçün böyük bir nailiyyətdir" - deyə, Putin Gerasimovla söhbəti zamanı bildirib.
Tsirkonun sınağı Rusiya ilə ABŞ arasında silahlara nəzarətlə bağlı gərginliyin fonunda baş verir. İki ölkə arasında qüvvədə olan son nüvə silahı müqaviləsi olan Yeni START-ın müddətinin fevral ayında sona çatması gözlənir.
Gerasimov hipersəsli raketin 450 kilometr məsafədəki hədəfə dörd dəqiqə yarıma vurduğunu deyib.
O, sınaqların davam edəcəyini və bu sınaqlar başa çatdıqdan sonra Rusiyanın suüstü gəmilərinin və sualtı qayıqlarının raketlə silahlanacağını bildirib. (Amerikanın səsi)