Prezident: "Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edilib" - [yenilənir]

Prezident: "Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edilib" - [yenilənir]
20 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Daha sonra dövlət başçısı Zəngilan rayonu üzrə işğaldan azad edilən əraziləri sadalayıb: "Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"

Prezident əlavə edib ki, daha bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib.

Dövlət başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri;

Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri;

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Onun sözlərinə görə, bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm. Bütün verilmiş vədlərə sadiqəm.

“Mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ, mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir. Bu gün biz bunu edirik. Döyüş meydanında 30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq vaxt uzadırdılar. Bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar”, - deyə Prezident əlavə edib.

Prezident deyib ki, biz böyük qayıdış astanasındayıq. Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar.

“Baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb. Bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilib. Onlar bu qayğıya görə bizə minnətdardırlar”, - deyə Prezident qeyd edib.

O əlavə edib ki, alqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram.

“Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin”, - ölkə başçısı vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun