Prezident: "Heç kim bizi ittiham etməsin, açarıq sandığı, tökərik pambığı" - [yenilənir]

Prezident: "Heç kim bizi ittiham etməsin, açarıq sandığı, tökərik pambığı" - [yenilənir]
14 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin "Haber Türk" kanalına müsahibə Qarabağ müharibəsi ətrafında baş verən hadisələrlə bağlı geniş müsahibə verib: 

İlham Əliyev bildirib ki, Paşinyan küçədən gələn bir adamdır.

“Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil. Bir qəzetin müxbiri idi və küçədən gəlib rəhbər oldu və nə etdi bundan sonra? Ermənistanı fəlakətə apardı. Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezident – hər ikisinə də cinayət işi açıldı. 2 ilə yaxın həbsdə qaldı, sonra onu buraxdı, ancaq cinayət işi qalır. Digərinə isə xaricə çıxmaq qadağası var. Müxalifət partiyasının sədrini həbsə atdı. Konstitusiya məhkəməsini darmadağın etdi, qovdu. Konstitusiya məhkəməsinin sədrini şantaj etdi, həbslə hədələdi və zorla adamlarını ora yerləşdirdi. Jurnalistləri həbslərdə çürüdür. Hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. O, Soros tərəfindən idarə olunan bir adamdır. Bu, postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq (Paşinyanın hakimiyyəti üçün problem nəzərdə tutulur) deyil. O, nə qədər çox qalsa, bizim üçün bir o qədər də yaxşıdır”.

İlham Əliyev deyib ki, hər kəs bilir Ermənistana kim silah yardımı edir.

”Rusiyanın Ermənistanda bazası var, sərhədləri rus əsgərləri də qoruyur, bizdə Türkiyənin bazası var? Sərhədlərdə türk əsgəri var? Ona görə bizi heç kim hec nədə ittiham etməsin, açarıq sandığı, tökərik pambığı".

Ölkə başçısı deyib ki, Türkiyə F-16-ları Azərbaycandadır, onlar təlim zamanı gəlmişdilər.

”Təlimdən sonrakı erməni təcavüzündən sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyillər. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki, qaldı əcnəbi insanlara. O da yalandır. Bu, bizə qarşı qarayaxmadır, iftiradır, böhtandır. Bir dənə də olsun bizə sübut gətirmədilər. Sadəcə olaraq Fransa və Rusiyadan belə açıqlamalar verildi. Dəlil yoxdur, heç bir açıqlama verilmir. Bizim kəşfiyyata heç bir məlumat verilmir. Bizim kəşfiyyat orqanlarımız bizə ittiham gələn ölkələrlə əlaqədə oldular ki, bizə dəlil verin. Vermirlər. İndi mətbuatda kim yazırsa yazsın, bizi maraqlandırmaz. Onsuz da Qərb mətbuatı həmişə Ermənistanın tərəfini tuturdu”.

İlham Əliyevin sözlərinə görə, sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin – Ermənistan və Azərbaycanın razılığı əsasında olmalıdır.

”Hər kəs anlamalıdır ki, bu gün sülhməramlılarının göndərilməsi deyəndə burada Azərbaycan torpaqlarından söhbət gedir və bizim icazəmiz olmadan hər hansısa ölkə sülhməramlıları bizim torpaqlarımıza göndərə bilməz. Bu, beynəlxalq hüquqa ziddir və bu, qəbuledilməzdir. Belə istəklər ola bilər. Mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan təməl prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulub. Yəni ilk növbədə bayaq qeyd etdiyim məsələlər həll edilməlidir: torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, kommunikasiya məsələləri, sərhədlərin açılması, ticarət. Ondan sonra sülhməramlıların gətirilməsi istisna deyil”.

Prezidentin bildirib ki, Azərbaycanın qisası döyüş meydanında olacaq, mülki şəxslərə qarşı heç bir addım atılmır.

“Bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdə keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Deyə bilərəm ki, erməni ordusuna çox böyük zərər vuruldu. 200-dən çox tank məhv edildi, 2 S-300 hava hücumuna qarşı qurğusu məhv edildi, 33 tank qənimət kimi götürülüb və bir çox başqa texnika məhv edildi və qənimət kimi götürüldü".

Ölkə başçısının sözlərinə görə, Ermənistanın bu çirkin siyasəti anlaşılandır, çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır.

”Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb. Bu dəfə də bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib. Və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Və bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun