Rəsmi Bakı Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytral qalacağı barədə bu ölkə XİN rəhbərinin bəyanatından məmnundur.
“Fransa həmsədr kimi neytral qalacaq, çünki bu, həmsədr mandatıdır. Bu gün səhər mənə bildirdilər ki, Fransanın xarici işlər naziri bəyan edib ki, Fransa neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik”, - Azərbaycan prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Paris ilə münasibətlərdə “artıq məsələ yoxdur, biz bu səhifəni bağladıq”. İ.Əliyev prezident Makronla sonuncu telefon danışığını da “müsbət” adlandırıb.
“Prezident Makron mənə bir neçə dəfə telefon edib və bizim son söhbətimiz çox müsbət oldu. Biz münaqişənin siyasi nizamlanmasına yönəlmiş səylərə sadiqik”, - İ.Əliyev vurğulayıb.
Sentyabrın sonlarında başlayan hərbi əməliyyatların ilk günləri Parisin birtərəfli mövqe tutması və Azərbaycanın tərəfində döyüşmək üçün münaqişə zonasına Suriyadan yaraqlıların gətirilməsi barədə Makronun bəyanatları ilə əlaqədar Bakıda çox narazılıq vardı.