"Ermənilər öyrəşiblər ki, dünya meydanında onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malikdirlər. Onlar hər zaman Ermənistanı və onların bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları müdafiə edirdilər. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər".
Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.
“Ancaq bugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çox çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq”.