15:13
“Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, şəhər olsun. Təpə olsun, dağ olsun – o da önəmlidir. Şəhərlərə, onsuz da, qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır”. Bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. “Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək, ya girməyək – bu, başqa məsələdir. Bizim qarşımızda elə bir siyasi vəzifə yoxdur ki, bu gün oranı, sabah digər yeri elan edək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, ancaq 1-2 gün sonra açıqlama veririk. Bunun da taktikası var”, - Prezident vurğulayıb. 15:00“Minsk qrupunun həmsədr ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir”.
Bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Bu siyasi imkanlar nəticəsində onlar o ölkənin vəzifəli şəxslərinə təsir edirlər. Bu nə qədər ədalətlidir? Türkiyə nə üçün həmsədr olmasın?! Bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var. Geosiyasi reallıqlar dəyişib. Bu gün Türkiyə nəinki bölgədə, dünya çapında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmir. Türkiyə söz sahibidir və bu reallıqdır. Bununla hesablaşmaq lazımdır”, - Prezident bildirib.
14:29“Gəncəyə hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib. Bizdə dəqiq məlumat var ki, indi psixoloji sarsıntı keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global”a müsahibəsində söyləyib.
“Məsəl üçün, bir neçə dəfə Hadrutu yenə işğal altına salmaq üçün onlar cəhd ediblər. Mənə səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıblar. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün böyük önəmi yoxdur. Bu qrup zərərsizləşdirilib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizlik və yırtıcı siyasətinin nəticəsidir”, - ölkə başçısı vurğulayıb.
14:27
“Biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll olunacaq, çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq, təəssüf ki, biz bunu görmədik”.
Bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Ondan sonra gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri “Toçka-U” raketləri ilə atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniləri, onların hamiləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcək”, - Prezident vurğulayıb.
14:25
“Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır”.
Bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxarmaq istəyir”, - Prezident bildirib.