Oktyabrın 29-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərgin döyüşlər davam etməkdədir. ABŞ, Azərbaycan və Ermənistan hökumətləri oktyabrın 26-da humanitar atəşkəs elan etməsinə baxmayaraq tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır. ABŞ-da qərargahlanan Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının baş elmi işçisi Pol Stronski Amerikanın Səsinə müsahibədə davamlı atəşkəs ehtimalı, habelə Dağlıq Qarabağ münaqişəsinin dünya qüdrətlərinin siyasətinə və Türkiyə-Rusiya münsaibətlərinə təsirindən danışıb.
Amerikanın Səsi: Cənab Stronski, bu ilin əvvəlində Vaşinqtonda elan olunan atəşkəs pozulub və mülki hədəflərə hücumlarla bağlı xəbərlər var. Sizin regionda son baş verənlərə reaksiyanız nədir?
Pol Stronski: Bu, çox narahatedicidir, amma təəccüblü deyil. Digər iki atəşkəs də elan olunduqdan az sonra pozulmuşdu. Ona görə də düşünürəm ki, bu, çox narahatedici bir mənzərədir. Mən bilirəm ki, Birləşmiş Ştatlar hər kəsi danışıq masasına geri dönməyə və atəşkəsə əməl etməyə çağırıb. Amma belə görünür ki, heç bir tərəf bunu etməkdə maraqlı deyil. Münaqişə nə qədər uzun davam edirsə, o qədər aydın olur ki, hər iki tərəf bunu ölkələri, xalqları üçün ekzistensial (olum-ölüm) döyüşü olaraq görür. Bu isə hər iki tərəfin geri çəkilməsini çətinləşdirir.
Amerikanın Səsi: Sizcə, gələcək həftələrdə davamlı atəşkəs mümkün olacaqmı? Və əgər olacaqsa, bu atəşkəsə nə səbəb olacaq?
Pol Stronski: Mən ümid edirəm ki, atəşkəs mümkün olacaq, çünki hər iki tərəfdə çox sayda gənc, çox sayda əsgər, çox sayda mülki vətəndaş ölür.
Zənnimcə, beynəlxalq ictimaiyyətin əvvəllər istifadə etdiyi beynəlxalq təzyiq bu dəfə nəticə vermir. Biz görürük ki, normalda Rusiya, Fransa və Birləşmiş Ştatların nəzarət etdiyi boşluğa İran və başqa qüclər daxil olmağa çalışır.
Belə görünür ki, Azərbaycan Ordusu Qarabağ regionunu mühasirəyə almağa yaxındır. Fikrimcə bu, Ermənistanın güclü müqavimətinə səbəb olacaq. Nəticədə döyüşlər daha da tələfatlı ola bilər. Bundan əlavə, düşünürəm ki, qış yaxınlaşdıqca, oradakı topoqrafiya da çətin olduğu üçün, döyüşlər çətinləşəcək. Buna görə də, hər iki tərəfdə atəşkəs əldə etmək istəyi olmalıdır. Belə görünür ki, bunun üçün müəyyən istəyin olduğuna dair sözlər səsləndirilsə də, yerdə baş verənlər və hər iki paytaxtın ritorikası bunun baş verə bilməyəcəyinə işarə edir. Ancaq ümid edirəm ki, qış onları münaqişəni dayandırmağa vadar edəcək, çünki qorxuram ki, döyüşlər daha da tələfatlı olacaq. Hazırda həm də humantar atəşkəsə böyük ehtiyac var. Döyüş meydanında gənc əsgərlərin cəsədləri qalıb. Onlar orada nə qədər çox qalmağa davam etsə, o qədər təhlükəsizlik və sağlamlığa risk törədəcəklər. Bundan əlavə, onlar bütün qışı orada qalsalar, bu artıq itkin düşən insan məsələsinə çevriləcək. Yəni döyüşdə həlak olan gənc erməni və azərbaycanlı əsgərlərin kimliyini müəyyən etmək olmayacaq. Bu isə onların ölməsindən əlavə başqa bir faciə olacaq.
Amerikanın Səsi: Dağlıq Qarabağdakı yeni münaqişə dünya qüdrətləri, o cümlədən ABŞ, Avropa İttifaqı və Rusiyanın siyasətini necə dəyişib və ya təsir göstərib?
Pol Stronski: Məncə, münaqişə bunu qəlizləşdirib. Rusiyanın diqqəti yayınıb. Rusiya öz qonşuluğunda bir çox problemlə üzləşir və bütün bu problemlərlə məşğul olmaq çətindir. Onların ən böyük problemi Ukraynadır. İndi isə buna Belarus da əlavə olunub, Qarabağ münaqişəsi yenilənib və Orta Asiyada, xüsusuilə Qırğızıstanda problemlər var. Bundan əlavə Gürcüstan problemi də hazırda çox şiddətli bir münaqişə olmasa da, dəmlənir. Yəni Rusiyanın imkanları məhduddur. Və həm də düşünürəm ki, Rusiyanın imkanları həmçinin Türkiyə ilə Azərbaycan arasındakı yaxın müttəfiqlik səbəbilə də məhduddur, çünki mu müttəfiqlik Azərbaycana Rusiyaya reaksiya verməməyə imkan yaradır.
Zənnimcə, Birləşmiş Ştatlar son illərdə özünü tədricən regiondan uzaqlaşdırıb, çünki Birləşmiş Ştatlar Prezidenti Donald Trampın hakimiyyəti altında daha çox daxili məsələlərə diqqət ayırıb və daha təcridçi olub. Ona görə də, fikrimcə, Birləşmiş Ştatlar bir neçə il öncə olduğu kimi təsir gücünə malik deyil. ABŞ əvvəlki kimi cəlb olunmağa meylli deyil.
Biz bu cür münaqişələrdə başqa qüdrətlərin yüksəldiyini görürük. Biz bunu daha öncə Yaxın Şərqdə Birləşmiş Ştatların arxa planda qalması ilə Suriyadakı, Liviyadakı, Yəməndəki münaqişələrə başqa qüdrətlərin cəlb olunması ilə müşahidə etmişik. İndi eyni mənzərəyə burada da şahid oluruq. Odur ki, zənnimcə, bu, daha qarışıq, çoxqütblü dünyanın yarandığına işarədir ki, burada böyük qüdrətlər əvvəllki qədər güclü deyillər. Böyük qüdrətlərin cəlb olunduğu böyük münaqişələrin sayı o qədər çoxdur ki, onların daha kiçik regional məsələlərlə məşğul olmaları çətinləşir. Eyni zamanda bu, Birləşmiş Ştatlar üçün kiçik məsələ olsa da, Cənubi Qafqaz regionu üçün çox mühüm bir məsələdir.
Amerikanın Səsi: Türkiyə bu münaqişədə Azərbaycana güclü dəstəyini ifadə edib ki, buralar əvvəllər post-Sovet məkanı və Rusiyanın təsirinin olduğu ərazi kimi görülürdü. Sizcə, bu Türkiyə-Rusiya münasibətləri və ümumilikdə post-sovet məkanının, ələlxüsus da Türkiyə ilə yaxın əlaqələri olan Gürcüstan və Ukrayna kimi yerlərin gələcəyi üçün nə ehtiva edir?
Pol Stronski: Məncə, biz post-sovet məkanında real dəyişikliyin şahidi oluruq. Düşünürəm ki, biz post-sovet məkan haqda bir neçə il öncə olduğu kimi bəhs edə bilmərik. Hazırda Gürcüstanın Türkiyə ilə yaxın əlaqələri var. Ukraynanın Türkiyə ilə əlaqələri var. Eyni zamanda Gürcüstan və Ukraynanın Qərblə də yaxın münasibətləri var. Bundan əlavə Çin də getdikə regionda iqtisadi bir oyunçuya çevrilir və regionda başqa oyunçular və başqa problemlər də var. Mən iddia edərdim ki, biz bu tendensiyanı bir neçə ildir ki, mühaşidə edirik.
Biz ekstremist ünsürlərin keçmiş Sovet məkanına gəldiklərini, daha sonra geri döndüklərini müşahidə etmişik. Biz Suriyadan qaçqınların, xüsusilə də xristian qaçqınlaırn Qafqaza, Ermənistana gəldiyini görümüşük. İndi də Suriyadan gələn muzdlu əsgərlərlə bağlı iddialar var.
Ona görə də, indi keçmiş Sovet məkanı ilə xüsusilə də onların cənubundakı ölkələr arasında daha çox əlaqələrin olduğunu görürürük. Türkiyə və İsrail bunun böyük bir hissəsini təşkil edir. Biz İranın nüfuzunu yenidən gücləndirməyə və bu münaqişədən bunun üçün istifadə etməyə çalışdığını görürük. Yəni biz burada çox böyük dəyişikliklərə şahid oluruq. Məncə, bu hər kəsdən çox Rusiyanı narahat etməlidir, çünki Rusiya bu regionu öz arxa bağçası, ən çox təsirə malik olduğu yer kimi görür.
Bu, həm də Türkiylə ilə Rusiya arasındakı münasibəti bir az daha çətinləşdirir. Onlar Suriyada, Liviyada kəllə-kəlləyə gəliblər. İndi isə belə görünür Qafqazda da kəllə-kəlləyə gəliblər. Bilirsiniz, Ərdoğan ya da Putinin razılıq əldə etmək istəyib-istəməyəcəkləri barədə müzakirələr olur. Onlar döyüşləri dayandıra bilsələr, bu, tamamilə normaldır. Ancaq problem ondadır ki, bu çox köhnə yanaşmadır. Bu, dünyaya 19-cu əsr yanaşması ilə baxmaq deməkdir, çünki o zaman Qafqazdakı insanların bu məsələdə söz haqqı olmur.
Mən həmçinin qeyd etmək istərdim ki, bu münaqişə ABŞ və Avropa ilə Türkiyə arasındakı münasibətlərin gərgin olduğu bir vaxta təsadüf edir. Bu isə məsələni bir az da qəlizləşdirir.