Cənubi Qafqaz üzrə ekspertlərin fikrincə, Rusiya daha artıq regional nüfuz qazanmaqdan ötrü Ermənistanla Azərbaycan arasında neytral mövqe saxlayır
AzadAvropa/AzadlıqRadiosunun müxbiri Ron Sinovits Dağlıq Qarabağda döyüşlərin Ermənistanın Baş naziri Nikol Paşinyanın Kremllə münasibətlərini qəlizləşdirdiyini yazır. Bu döyüşlər Rusiya üçün Cənubi Qafqazda yeni geosiyasi imkanlar və problemlər də yaradıb.
Paşinyan oktyabrın 6-da BBC-yə deyib ki, Prezident Vladimir Putin telefon söhbətlərində ona vəd verib – Azərbaycan qüvvələri Ermənistana hücum edərsə, Rusiya “müəyyən təhlükəsizlik öhdəliklərinə əməl edəcək” və özünün başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) çərçivəsində hərbi müttəfiqinin köməyinə gələcək.
Putin bundan bir gün sonra Rusiya dövlət televiziyasına müsahibəsində də ölkəsinin Ermənistanla bağlı KTMT öhdəliklərinə əməl edəcəyini vurğulayıb. O əlavə edib ki, münaqişəylə bağlı Paşinyanla daimi əlaqə saxlayır və Ermənistan Kremlin məsələ üzrə hərəkətlərindən məyusluğunu bildirməyib. Rusiya prezidenti həmçinin “tezliklə” atəşkəslə bağlı razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.
Məqalədə deyilir ki, Kremlin real addım atmaması, sərt bəyanatlar verməməsi ermənistanlıların çoxunu həqiqətən məyus edib.