"Paşinyan müharibəni qəsdən uduzur ki, Qarabağdan, eyni zamanda Rusiyadan asılılıqdan canı qurtarsın"

"Paşinyan müharibəni qəsdən uduzur ki, Qarabağdan, eyni zamanda Rusiyadan asılılıqdan canı qurtarsın"
22 Oktyabr 2020
Mətni dəyiş

Siyasi şərhçi Zərdüşt Əlizadəylə Zəngilan şəhərinin işğaldan azad edilməsi xəbərindən az sonra görüşdük, söhbətimizə də elə burdan başladıq.

- Əlbəttə ki, çox sevindim bu xəbərə. Zəngilanda 1989-cu ildə olmuşam. Orda Xalq Cəbhəsinin yaradılması zərurətilə bağlı çıxış eləmişdim. Ordan getmişdim Qubadlıya, sonra Laçına, orda Turşsuda Arif Paşayevlə görüşmüşdüm. Yəni, 1989-cu ildə Qarabağda Xalq Cəbhəsinin yaradılmasında fəal iştirak etmişdim. Füzuli, Cəbrayıl, Ağcabədidə, Bərdədə olmuşdum. Qarabağa çox sıx bağlı idim. Uşaqlıqda Qarabağda çox olmuşam, orda qohumlarım var. Mənim üçün Qarabağ çox doğma yerdir. Çox acıyırdım ki, biz fərsiz siyasət nəticəsində Qarabağı uduzmuşuq.

- "Biz", yəni kim?

- Azərbaycan dövləti, Azərbaycan xalqı. Bizi məğlubiyyətə aparanların səhvlərini çox demişdim, xalqa müraciətimdə göstərmişdim, məni dinləməmişdilər. Necə deyərlər, ağızları isti yerdə idi, başları qarışmışdı vəzifəyə, var-dövlət toplamağa. Sonrakı 30 il ərzində də mənim bütün fəaliyyətim buna həsr olunub. Yüzlərlə məqalə yazmışam, kitablar yazmışam, müsahibələr vermişəm, görüşlər keçirmişəm. Yəni həyatım Qarabağ münaqişəsinin mahiyyətini, hansı xarici və daxili qüvvələr tərəfindən idarə olunur, kim bundan faydalanır və sair kimi məsələri izah etməyə həsr olunub. Erməni tərəfi ilə çox sayda əlaqələrim olub, Ermənistanda dəfələrlə olmuşam, bu ölkənin fəalları ilə bəzən mübahisə, bəzən fikir mübadiləsi aparmışıq. Nəhayət, iş elə gətirdi ki, Ermənistanın Qarabağ siyasəti onu məğlubiyyətə apardı. Mən bunu onlara açıq deyirdim. Sonuncu dəfə sentyabrın 10-da erməni sülhpərvər dostum Georgi Vanyanla birgə müraciətim olub. Hər iki xalqa müraciət etdik ki, çox güman qanlı müharibə olacaq, böyük itkilər olacaq və tərəflər o qanlı itkilərdən yayınmaq üçün daşı ətəklərindən töküb otursunlar, iki xalqın bir dövlətdə yaşamaq imkanını Avropa standartlarına uyğun, Avropa təcrübəsi əsasında müzakirə etsinlər, barışığa gəlsinlər. Təəssüf ki, bizim müraciətimizə etinasız yanaşıldı, müharibə başladı, itkilər, dağıntılar oldu. Əlhəmdülillah, müharibə bizim ordunun zəfərilə müşayət edilir. Erməni tərəfi basılır, mən çox ümid edirəm ki, sona qədər də basılacaq, işğalçı ordu Azərbaycanın ərazilərini tərk edəcək, qəsb edilmiş ərazilər qayıdacaq. Ermənistan əhalisi də müharibə bitəndən sonra, təbii ki, bir müddət qəzəb və nifrətdən qovrulacaq. Amma sonra onun yaralarının üstünə həyat öz məlhəmini qoyacaq, öz səhvini anlayacaq və həyat onu məcbur edəcək ki, Türkiyəylə də, Azərbaycanla da normal diplomatik, ticari, insani əlaqələr qursun və beləliklə, münaqişə qalsın tarixdə. Tarix boyu çox belə münaqişələr olub və onlar da tarixin səhifələrində yazılıb və bitib.

- Sentyabr müraciəti hansı zərurətdən yarandı?

- Bizim bəxtimiz onda gətirdi ki, Ermənistandakı mənfi proseslər öz zirvəsinə çatdı. Bu proseslər nədən doğmuşdu? Əhali Ermənistanı tərk edirdi - məhkurlaşma prosesi gedirdi. Camaat Rusiyaya, Avropaya -  hara gəldi çıxıb gedirdi. Çünki baxmayaraq ki, Ermənistan Respublikası "qələbə” qazanmışdı, erməni xalqının yaşayışı üçün orada münasib şərait yox idi. Həmin "qələbə” komandirləri hakimiyyəti ələ götürmüşdülər və xalqı qarət edirdilər, multmilyarderlərə çevrilmişdilər - Robik də, Serjik də, başqaları da. İkincisi, baxmayaraq ki, özlərini qədim və mədəni xalq adlandırırlar, onların siyasi həyatında çox zorakı üsullar hakim idi. Fərqli düşünəni döymək, söymək, qovmaq, təqib etmək, öldürmək onların adi həyat fəlsəfəsi idi. Yəni Ermənistan çox səmərəsiz bir dövlət quruluşuna çevrilmişdi. Bundan xilas olmaq üçün ermənilər məxməri inqilab edib Nikol Paşinyanı hakimiyyətə gətirdilər və o da, məncə, belə anladı ki, Qarabağ münaqişəsi Ermənistanın Rusiyadan qopub qərbə yönəlməsinə imkan vermir. Mən belə düşünürəm ki, Paşinyan Qarabağdan xilas olmağın zəruriliyini anladı. Başa düşdü ki, Ermənistanı Rusiyanın qarmağından xilas etmək istəyirsə, Qarabağ qarmağından çıxmalıdır. Yəni xilas yolu müharibə və məğlubiyyətdir.

- Amma onun davranışlarına baxanda belə düşünmək olmur.

- Biz tarixdə bunu görmüşük. 1973-cü ildə Misir prezidenti Məhəmməd Ənvər Əs-sədat ölkəsini sovet təsirindən və ərəb millətçilərindən qurtarmaq üçün sərkərdəsi olduğu ordunu qəsdən İsrail ordusuna məğlub etdi və sonra da məğlubiyyəti əsas gətirərək Kemp-Deviddə Fələstini müdafiə etmək öhdəliyindən xilas oldu. Bundan sonra üzünü tutdu Amerikaya, Qərbə tərəf və intibah siyasəti yürütdü. Yəni siyasətdə belə bir fənd var. Mən bunları öz gözüylə görmüş bir adam kimi belə təxmin edirəm. Paşinyanın siyasətini başqa cür izah etmək olmur. Paşinyan ya səfehdir, ya da mən dediyim siyasəti yürüdür. Onun indiyədək sürdüyü həyat tərzi göstərir ki, əsla səfeh deyil. Əksinə, hiyləgərdir və bu yolu bilərək seçib: Ermənistan məğlub olsun, Qarabağdan, eyni zamanda Rusiyadan asılı olmaqdan da canı qurtarsın. Paşinyanın antirus siyasəti ona gətirdi ki, Putin ondan incidi və onu cəzalandırmaq üçün Ermənistana Qarabağ məsələsində verdiyi şəksiz himayəni də aradan qaldırdı. Bizə də bu lazım idi. Azərbaycan tərəfi ordunun hazırlığına xeyli pul xərcləmişdi, xeyli sərmayə qoymuşdu. Eyni zamanda, xalqdan da tələb gəlirdi ki, bəsdir, 30 ildir bizə deyirsiniz ki, lazım gəlsə, azad edərik, "lazım” nə vaxt gələcək? Azərbaycanın siyasi hakimiyyəti də başa düşdü ki, şərait münasibdir, Qarabağı azad etmək mümkündür. Bundan əlavə, Paşinyan Türkiyəyə qarşı, Azərbaycana qarşı bir sıra təxribat səciyyəli addımlar atdı və danışıqlar prosesini tamamilə pozdu. Bunu bilərəkdən etdi ki, müharibə olsun.

- Müharibə başladı. Amma işğal edilmiş torpaqların azad edilməsi yönündə sona qədər gediləcəkmi? Hələ də şübhələr qalır ki, Rusiya prosesi yarıda saxlamağa müvəffəq olacaq.

- Qarabağın alınacağı sözsüzdür. İndiki mərhələdə, məncə, Paşinyan ölkəsinin siyasi qüvvələrilə hansı güzəştlərə gedə biləcəkləri ilə bağlı məsləhətləşmələr aparır ki, Azərbaycan ordusu hücumu dayandırsın. Bu güzəşt o ola bilər ki, onlar rayonları qaytarar, amma Qarabağa Azərbaycanın tərkibində hansısa bir status verilər. Əgər yadınızdadırsa, müharibə təzə başlayanda Paşinyan getdi parlamentə, belə bir sual verdi ki, əgər Azərbaycan Dağlıq Qarabağa status versə, biz müharibəni saxlaya bilərikmi? Parlament qəti şəkildə "yox” dedi. İndi müharibə artıq iyirmi günə yaxındır davam edir, artıq Ermənistan tərəfinin müharibədə uduzduğu bəllidir. Xaricdən hər hansı bir yardım yoxdur. Bu şəraitdə Paşinyan o sualı yenidən Ermənistanın siyasi qüvvələri qarşısında qoyacaq. Qarabağ seperatçılarının keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Qukasyanla məsləhəşəcək ki, biz hansı statusla razılaşaq. Artıq Moskva da Ermənistan tərəfi ilə razılaşdırdığı güzəştli sülhü Azərbaycan xarici işlər nazirinə təklif kimi verməyə tələsir. Seçim Azərbaycan prezidentinin olacaq. Putinin təklifi budur ki, Dağlıq Qarabağ müəyyən beynəlxalq zəmanətlərlə Azərbaycanın tərkibində qalsın. Mən bilən, başqa bir təklif də Ərdoğandan gəlir ki, əgər sən qələbə yolundasansa, yarıda dayanma, axıracan get. Yəni bundan sonra hər şey İlham Əliyevin qətiyyətindən asılı olacaq.

- Yəni Dağlıq Qarabağa muxtariyyət verilməyə bilər?

- Nəzəri baxımdan elə ola bilər ki, verilməsin. Əgər Azərbaycan ordusu hücumlarını davam etdirsə, altı rayonu alıb bir rayonun - Laçının yolunu açıq saxlasa ki, əhali oradan keçib gedə bilsin, əhali də getsə, onda kiminlə muxtariyyət məsələsini müzakirə edəcəyik ki? Bu, İlham Əliyevin seçimindən asılıdır. İlham Əliyevin və onun arxasında duran qüvvələrin - Ərdoğanın və mənə elə gəlir ki, həm də Amerikanın. Çünki Amerikanın müsbət münasibəti olmasaydı, Ərdoğan Rusiyaya qarşı belə qətiyyətli mövqe sərgiləməzdi. Yəni Ermənistan bir qədər gecikdi. Heç olmasa bir həftə əvvəl, Azərbaycan ordusunun uğurlu hücum əməliyyatlarından əvvəl bu təklifi səsləndirsəydi, Azərbaycan tərəfi bəlkə də qan tökməmək üçün onu qəbul edərdi.

- Son məqalənizdə Ermənistanın artıq Rusiyaya lazım olmadığını yazmısız. Bəs Rusiya nədən sülhməramlılarını bölgəyə gətirməkdə israr edir?

- Rusiyanın sülhməramlı qoşunlarının Qarabağa gətirilməsi qəbuledilməzdir! Bu təklifi qəbul edən siyasətçi başına güllə çaxmalıdır. Çünki rus sülhməramlılarının Abxaziyada, Osetiyada əsl rolunu bilirik.

- Yəni bu təhlükə realdır?

- Əslində, yox. Sadəcə biri var Rusiya açıq desin ki, Ermənistan mənə lazım deyil, biri də var sona qədər deyir ki, mən beynəlxalq hüquq çərçivəsində hərəkət edirəm, sənə kömək etmək istəyirəm, sülhməramlıları da yerləşdirmək istəyirəm, amma Azərbaycan qoymur. Siyasi oyundur bu.

- Koronavirus yayılanda bəzi adamlar, hətta ciddi siyasətçilər bunun bir siyasi oyun olduğunu və tezliklə dünya düzəninin dəyişəcəyini deyirdilər. Baş verənlər həmin prosesinin tərkib hissəsi ola bilərmi? 

- Koronavirus imkan verdi ki, hökumətlər xalqları bir az nəzarət altında saxlasınlar. Amma bu virusun  hansısa qlobal mafiya tərəfindən yaradılması tamamilə nağıldır. Bəşəriyyət tarixində pandemiyalar, epidemiyalar, yoluxucu xəstəliklər, taun, vəba olub və olacaq.

- Söhbətimizə Zəngilan haqqında sualla başlamağım təsadüfi deyildi. Açıqlamalarınızla vaxtaşırı insanların qəzəbinə tuş gəlirsiniz. Ən çox ittiham olunduğunuz məsələ də milli hisslərinizin olmamasıdır.

- "Zərdüştün milli hissləri yoxdur” deyən adamların millətə xəyanətlərini sayıb qurtarmaq mümkün deyil. Azərbaycanda millətçi hərəkatın liderlərinin xalqa vurduğu ziyanları sayın. Torpaq itkisi, ümidsizlik, demokratiyanın yoxluğu. Nə möhtəkirlik etsələr, millət adından edirlər. Mən isə aliməm, həyata alim gözü ilə baxıram, təhlil edirəm, düşündüyümü olduğu kimi deyirəm. Mən Xalq Cəbhəsində olanda da qırğınlar, xalqın basılması, torpaq itkisi olacağını demişdim. Məni ittiham edirdilər, "millət, millət” bağıran dəllalların arxasınca qaçırdılar. Bir müddət keçəndən sonra gəlib dedilər ki, bəy, sən bunları hardan bilirdin? Dedim, bəziləri çayxanalarda oturub türkçülükdən dəm vurub boşboğazlıq edəndə mən elmi kitablar oxuyur, həyatı öyrənirdim.

Toplum TV

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun