Danışıq Yerevanın təşəbbüsü ilə baş tutub. Tərəflər qondarma respublika ətrafında konfliktin kəskinləşməsini müzakirə ediblər. Rusiya prezidenti hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı döyüşlər fonunda 4-cü dəfə Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Kremlin saytında məlumat verilir.
Tərəflər Azərbaycan və Ermənistan arasında "genişmiqyaslı xarakter alan və hər iki tərəfdən ciddi itkilərə səbəb olan” qarşıdurmanın kəskinləşməsini müzakirə ediblər. Kremlin Mətbuat Xidməti xəbər verir ki, Putin tərəfləri təcili olaraq döyüşləri dayandırmağa çağırıb.
Bu iki ölkə rəhbəri arasında Qarabağda konfliktin yenidən vüsət aldığı 27 sentyabrdan bəri sayca dördüncü telefon danışığıdır. Birincisi elə həmin gün Yerevanın təşəbbüsü ilə baş tutub. O zaman Putin genişmiqyaslı hərbi toqquşmaların bərpa edilməsindən narahatlığını ifadə etmişdi.
Yenə də Paşinyanın istəyi ilə baş tutan ikinci telefon danışığı zamanı Ermənistan və Rusiya liderləri bir daha Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Moskva gərginliyi azaltmaq məqsədilə yenə də atəşin dayandırılmasına çağırıb.
Oktyabrın 2-də baş tutan, altı gün ərzində üçüncü telefon danışığı zamanı Moskva və Yerevan konfliktdə Yaxın Şərqdən gələn yaraqlıların iştirak etməsi barədə məlumatlardan narahatlıqlarını ifadə ediblər və əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
(Toplum Tv)