Avropa ölkələrindən Fransa və Almaniya da qadağaları gücləndirirlər. Avropada yoluxma halları martda və apreldəki həddi aşır, xəstəxanalar və reanimasiya şöbələri dolur
İran parlamentinin sədrində koronavirus tapılıb və özünü təcrid edib.
Məhəmməd Bağır Qalibaf oktyabrın 28-də Twitter-də yazıb ki, karantindən işini davam etdirəcək.
Yaxın Şərqdə koronavirusdan ən böyük zərbə İrana dəyib. Ölkədə 580 mindən çox yoluxma və 33 min ölüm halı təsdiqlənib. Oktyabrın 27-də rekord – 346 ölüm halı qeydə alınıb.
Ölkədə yeni qadağalar tətbiq olunur. Paytaxt Tehranda dövlət qulluqçularının yarısına evdən işləmək göstərişi verilib.
Almaniya və Fransa
Avropa ölkələrindən Fransa və Almaniya da qadağaları gücləndirirlər. Avropada yoluxma halları martda və apreldəki həddi aşır, xəstəxanalar və reanimasiya şöbələri dolur.
Oktyabrın 28-də Almaniya Kansleri Angela Merkel ölkənin 16 vilayət başçısı ilə görüşəcək, məhdudiyyətlərin sərtləşdirilməsi gözlənir.
Restoran, bar, muzeylərin bağlana, tədbirlərə qadağa qoyula bilər. Bir çox yerlərdə məktəblər, bağçalar və əsas tələbat mağazaları açıq qalacaq.
Vitse-kansler və Maliyyə naziri Olaf Şolz deyib ki, ölkədə yoluxmalarda kəskin artım tədbir görməyə əsas verir. “Bu dalğanı qırmaq üçün dərhal və qətiyyətli addımlara ehtiyac var”, – o, “dpa” agentliyinə deyib.
Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniyada oktyabrın 27-də 11 min 409 yoluxma qeydə alınıb ki, bu da ötən həftənin yoluxma sayından iki dəfə çoxdur.
Qitənin qalan hissəsində vəziyyət Almaniyadan da pisdir.
İtaliya və İspaniya yeni qadağalar tətbiq etməyə məcbur olublar. Fransa karantini sərtləşdirməyi nəzərdən keçirir.
Paris daxil olmaqla böyük şəhərlərdə gecə komendant saatı, əhalinin üçdə ikisini əhatələyən qadağalar artıq qüvvədədir.
Oktyabrın 28-də Prezident Emmanuel Makronun xalqa müraciət edəcəyi, yeni tədbirləri açıqlayacağı gözlənir. Həkimlər artıq bir çox xəstəxanaların bir neçə günə dolacağı xəbərdarlığını edirlər.
“Çətin qərarlara hazır olmalıyıq”, – Daxili işlər naziri Gerald Darmanin “France Inter” radiosuna deyib.
Ölkədə son 24 saat ərzində 523 ölüm halı təsdiqlənib ki, bu, aprelin 22-dən bəri ən yüksək göstəricidir.
İtaliya, Rusiya
İtaliyanın bir sıra şəhərlərində isə hökumətin koronavirus tədbirlərinə qarşı zorakı etirazlar keçirilir. Hökumət oktyabrın 26-dan iyundan bəri ən sərt qadağanı tətbiq edib, barlar və restoranlar axşam 6-da bağlanır, eləcə də idman zalları, hovuzlar, kinoteatrlar, teatrlar, konsert zalları qapadılıb.
Oktyabrın 27-dən Rusiya hökuməti də qadağaları sərtləşdirib, qapalı ictimai yerlərdə maska taxmaq məcburi elan edilib. Regional hakim orqanlara əyləncə tədbirlərinə, kafe, restoranlara gecə 11-dən səhər 6-dək qadağa qoymaq tövsiyə edilib.
Rusiya 1 milyon 540 mindən çox təsdiqlənmiş yoluxma ilə dünyada 4-cü yerdədir, 26 mindən çox xəstə vəfat edib.
Avropalıların çoxu isə yeni qadağalara qarşı çıxır, iqtisadi fəsadlardan narahatlıq bildirirlər.
Birləşmiş Ştatlarda yeddi günlük ortalama yoluxma sayı 73 min civarındadır. Bu, iyulun ortasındakı göstəricilərdən yuxarıdır.
Oktyabrın 26-da ABŞ-da koronavirusdan günə 795 ölüm təsdiqlənib. Aprelin sonunda günə 2 min 200-dən çox xəstə vəfat edirdi.