Bu gün, oktyabrın 30-da Bakının Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurilması barədəcinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 13-nə təyin edilib.
Məhkəmədə Oqtay Gülalıyevin vəkili Fuad Ağayev, onun numayəndəsi Mehman Əliyev, təqsirləndirilən şəxs Kənan Abdullayev iştirak edib.
Tərəflər hər hansı vəsatət verməyib.
Mehman Əliyev Oqtay Gülalıyevin səhhətində irəliləyişlərin oduğunu bildirib.
“Gülalıyevin hissiyatı var. O hələ danışa bilmir. Amma, gözləri ilə deyilnələri başa düşdüyünə işarə edir. Bu günlərdə GülalıyevTürkiyədən Bakıya gətiriləcək və müalicəsini ev şəraitində davam etdirəcək,”Əliyev qeyd edib.
Təqsirləndirilən şəxs Kənan Abdullayev Amerikanın Səsinə hərəkətindən peşman olduğunu bildirib.
“Oqtay Gülalıyevi diqqətsizlik üzündən vurdum. Fikirli idim, yol hərəkəti qaydasını pozdum. Onu avtomobilimlə xəstəxanaya çatdırdım. O danışırdı, heç bir ağrısının olmadığını bildirirdi. Hətta yolda dedi ki, avtomobili əyləyim düşüb getsin. Lakin mən onu xəstəxanaya çatdırdım. Orada məlum oldu ki, xəsarət alıb,” o qeyd edib.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. Başından aldığı zədə nəticəsində hələ də komadadır.
Fakt üzrə Oktay Gülalıyevi vuran sürücü Kənan Abdullayevin barəsində Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi qaldırılıb.
Oqtay Gülalıyev ötən ilin sonlarından Heydər Əliyev Fondunun yardımı ilə İstanbulda “Amerika” hospitalında müalicə olunur.