1993-cü ildə Gəncə qiyamının ifaçısı Azərbaycan Silahlı Qüvvələrinin korpusunun keçmiş komandiri Surət Hüseynov son aylarda keçmiş prezident Əbülfəz Elçibəyin ünvanına böhtan xarakterli bəyanatlarını gücləndirib.
Yaramaz adamlar yaramaz fikirlər səsləndirərlər. Surət Hüseynov vətənə xəyanətdə ittiham olub, həbsxana həyatı yaşamış bir şəxsdir. Təəssüflər olsun ki, indiki hakimiyyət onu 4 iyunda törətdiyi cinayətə görə deyil, 1994-cü ilin oktyabrında Gəncədə hakimiyyəti yenidən ələ keçirmək üçün qaldırdığı qiyama görə həbs etdi. Belə şəxslər əfv edilməli deyillər. O, 27 ildən sonra bu məsələlərə qanmamazlıq, yaxud bilərəkdən yanaşırsa, bu da ayrı bir problemdir. Onun bu ilin əvvəllərindən ortaya atılması çox incə mətləblərdən xəbər verir. Danışıqları, Əbülfəz Elçibəyə edilən hücumlar başqa bir mövzudur. Surət Hüseynov bağlı olduğu mərkəzlərdən idarə olunur. Aldığı təlimatlar əsasında bu cür fikirlər səsləndirir. Bu səviyyəsiz adamın dediklərində bir-birini təkzib edən fikirlər var. Adam Qarabağda ərazilərin azad edilməsini adına çıxır. Faktiki olaraq, Azərbaycan dövlətini bu proseslərdə görmür. Əgər Rusiya və Ermənistana qarşı təkbaşına dayanıb müharibəni udacaq gücdə idinsə, o zaman 15 ay baş nazir oldun, bütün güc strukturlarının Milli Məclisdəki iclasda sənə veriləcəyi bildirilmişdi, niyə dediklərini etmədin? İşğal olunan beş rayonun məsuliyyəti Surətin boynundadır. Onun cinayətlərindən biri də odur ki, o vaxt Xalq Cəbhəsi batalyonları adı ilə 33 batalyonun ləğv olunmasında birbaşa iştirak edib. Ağdamda onun dəstələrinin hansı oyunlardan çıxdığı, əhali arasında yaratdıqları çaxnaşma barədə materiallar və məlumatlar var. O deyir ki, baş nazir olduğu dönəmdə 9 gün güc nazirliklərinə nəzarət edib. Adama sual verərlər ki, əgər belə idisə, sənə agent dediyin şəxslərin materialları haradan verilib? Digər tərəfdən, Elçibəy və digərləri haqqında səndə məlumatlar var idisə, niyə 27 il gözlədin? Demək, sənə təlimat verən mərkəzlər indi danışmağını istəyirlər. Laçın dəhlizinin bağlanması ilə bağlı guya mərhum Əliyar Əliyevlə danışıqları haqqında dedikləri gopdur. Onun dəstələri qarət və digər əməllərlə məşğul olublar. O, hələ bir izahat versin ki, 1993-cü ilin yanvarında qoşunların Ağdərə istiqamətindən çıxarılması əmrini nə üçün verib. Məhz bu xəyanət nəticəsində xeyli ərazilər ermənilərin əlinə keçdi. Surət Hüseynov buna şərait yaratdı. O, guya 52 hərbi birlik yaratdığı və bunun nəticəsində Dağlıq Qarabağda ərazilər azad etdiklərini deyir. Əvvəla, onu demək lazımdır ki, o zaman pis-yaxşı hakimiyyət orqanları fəaliyyət göstərirdi. Yaqub Məmmədov Ali Sovetin sədri idi və prezident səlahiyyətlərini icra edirdi. Müdafiə Nazirliyi var idi. Onun dediyi kimi, o zaman yaratdığı hərbi birlik də əslində cinayət əməlidir. Qanunlara zidd olaraq yaradılmışdı. Əgər rəsmi fəaliyyət göstərən Müdafiə Nazirliyi varsa, nə üçün hərbi birlik, qanunsuz silahlı qruplaşma formalaşdırılmalı idi? Surət Hüseynov özü haqqında yüksək fikirdədir. Şerbakla əlaqələrindən niyə danışmır? Hələ narkotranzit məsələlərindən danışmırıq. Gələcəkdə bununla bağlı da izahatlar verilər. Onun Elçibəy haqqında dedikləri tərbiyəsizlikdir. Müsahibədəki danışığı tam bölücülük nümunəsi idi. Jurnalist Natiq Cavadlıya bir neçə dəfə irad bildirir və deyir ki, sən qarabağlısan, qarabağlıların ağsaqqalının sözünü kəsirsən. Onun özü heç qarabağlı deyil. Hansı meyar və ölçülərinə görə özünü qarabağlıların ağsaqqalı hesab edirsən? O bilməlidir ki, Gəncədə Prezident Qvardiyasının əsgərlərinin güllələnməsi və öldürülməsi cinayəti birbaşa onun boynundadır. Surət Hüseynov bu və ya digər cinayətlərinə görə nə zamansa bir daha mühakimə olunacaq. Hələ qanmır ki, qaldırdığı qiyamla xalqımıza, dövlətimizə hansı zərbələri vurdu. Bu gün ölkəmiz onun yaratdığı problemlərin həllində çox böyük sıxıntılar yaşayır.
Oqtay Qasımov, Prezident A. Elçibəyin köməkçisi (1992-1993)