Naxçıvanla həmsərhəd erməni kəndində həyat: müharibə kölgəsində üzüm bağları

Naxçıvanla həmsərhəd erməni kəndində həyat: müharibə kölgəsində üzüm bağları
28 Oktyabr 2020
Mətni dəyiş

Atəşkəsin qüvvəyə minməsindən bir neçə saat sonra Azərbaycanla Ermənistan bir-birlərini onu kobud şəkildə pozmaqda ittiham ediblər. Atəşkəsə riayət etməmək Dağlıq Qarabağ uğrunda müharibənin adi halına çevrilib, lakin bəzən atışma barədə xəbərlər cəbhə xəttindən uzaq yerlərdən də gəlir.

Ötən həftə Bakı Naxçıvan ərazisinin hücuma məruz qaldığını elan etmişdir. Ermənistan bu xəbəri təkzib edir və onu ikinci cəbhənin açılmasına yönələn təxribat sayır.

BBC Rusca Xidmətinin əməkdaşları Azərbaycandan üç kilometrdən çox olmayan məsafədə yerləşən erməni kəndinə baş çəkiblər. Sakinlər sərhədin hər iki tərəfindən bir-birlərini görə bilərlər.

Xaçik kəndi
Şəklin alt yazısı,Xaçik kəndi Azərbaycan sərhədi yaxınlığında yerləşir

Xaçikli Xaçik

Yerevandan 130 kilometr aralıda yerləşən Xaçik kəndinin girişindəki yolun üstündə "Tatul-19" yazılı qara rəngli lent asılıb.

Dağlıq Qarabağdakı münaqişədə həlak olan şəxslərin adı və yaşı yazılmış belə matəm lentlərini Ermənistan boyunca küçələrdə görmək olar.

Bizi yerli hakimiyyətin binası qarşısında kəndin adı ilə eyni adı daşıyan gənc qarşılayır. 800 nəfər sakini olan Xaçikdən olan Xaçik yerli idarəetmə orqanı rəhbərinin qardaşıdır. Yerli hakimiyyətin başçısı könüllü kimi Qarabağa döyüşməyə yollanıb.

Xaçik Qriqoryan deyir ki, sentyabr ayında döyüşlər başlayandan sonra kişilər sutka ərzində növbətçilik təşkil ediblər.

"Çünki sərhədə yaxınıq. Onları buradan binokl ilə görmək olar," - Xaçik deyir. Onun sözlərinə görə, Naxçıvanla sərhəddəki baş verənləri hər gün müşahidə edirlər.

"Tanklar var, top var," - gənc deyir.

Binokl ilə həqiqətən də, ekskavatora bənzər bir maşını və Naxçıvandan gedən dağ yolunu görmək olar.

Manukyan ailəsi üzüm yığır
Şəklin alt yazısı,Manukyan ailəsi hər il 3 tona yaxın üzüm yığır

Xaçik deyir ki, sentyabr ayında döyüş əməliyyatları başlayanda bir neçə yerli ailə kəndi tərk etsə də, daha sonra geri qayıdıb.

"Gəlin üzüm bağına gedək, sizi hamı ilə tanış edəcəyəm," - Xaçik məni dəvət edir.

Üzüm bağında qaçqınlar

Kəndin yerləşdiyi təpədən enərək üzüm bağlarına çatırıq. Onlardan birində təxminən on nəfər işləyir.

Bu ərazi 900 kvadrat metr torpağa sahib olan Manukyan ailəsinə məxsusdur. Onlar burada üzüm yetişdirir, onun çoxunu satırlar və qalan hissəsindən araq hazırlayırlar.

"Həm özümüz içirik, həm də qonaq edirik," - məhsul toplayan kişilərdən biri deyir. Mövsümdə üç tona qədər yığmaq olur.

Arpine bağ sahibinin nəvəsidir. O, bağ qayçılarını məharətlə istifadə edərək üzümləri bir qutuya yerləşdirir.

Bağda işləyənlərin arasındakı 24 yaşlı qız oktyabrın 17-də Laçın rayonundan gəlib.

O özü ilə geyim belə götürməyə imkan tapmadan ailəsi ilə necə qaçdığını söyləyərək ağlayır.

"Müharibəyə görə evimi qoyub buraya gəlməli oldum. Qardaşım zəng vurub dedi ki, onlar yaxınlaşırlar, hər şeyi səhər saat 4-də qoyub getməli olduq".

Onun qardaşı döyüşür. Atası da döyüşmək üçün getmək istəyirdi, amma yaşına görə onu qəbul etməyiblər.

Qızın özü Yerevan Universitetinin tarix fakültəsini bitirib, o, müəllimə olmaq istəyirdi. İndi isə Xaçikdə nənə və babasının yanında yaşayır, burada üzüm yığımına gedir. Onunla bir evdə müharibəyə görə kəndə gəlmiş daha səkkiz nəfər yaşayır.

Pasifist Anuşavan

Üzüm bağının sahibi Anuşavan Manukyan 87 yaşındadır. O, Xaçikdə anadan olub, Yerevanda aqronomiya ixtisası üzrə oxuyandan sonra kəndə qayıdıb.

Anuşavan sovet vaxtları yerli sovxozun direktoru olub. Yaşına baxmayaraq, başqaları ilə birlikdə üzüm toplayır və qutulara yığır.

İxtiyar yaşlı baba Naxçıvan istiqamətini göstərərək deyir ki, orada çoxlu dostları var idi.

Azərbaycanın Yaycı kəndindən olan dostu və həmkarı Rüstəmin arvad-uşağı ilə birlikdə onlara üç günlük qonaq gəldiyini xatrırlayır.

Anuşavan özü də dəfələrlə Rüstəmin yanına gedib.

"1987-ci ildə qızımın toyunda ermənilərdən çox azərbaycanlı vardı," - gülümsəyən baba deyir.

Anuşavan naxçıvanlı əczaçının yarım saat ərzində nadir dərmanı necə tapdığını və buna görə pul almadığını da yadına salır.

Qonşular arasında yaxın ticarət əlaqələri olub: onlar bir-birlərinə alma və üzüm satardılar, azərbaycanlılar tez-tez maşın ehtiyat hissələri üçün gələrdilər.

Baba xatırlayır ki, azərbaycanlı qonşularını Xaçikdə sonuncu dəfə 1991-ci ildə, Qarabağda münaqişə başlayandan sonra görüb.

Xaçik sakinləri:
Şəklin alt yazısı,Xaçik sakinləri: Anuşavan və Rimma Manukyan

O, Qarabağdakı hazırkı müharibəni "çox pis bir şey" adlandırır.

"İnsan heç vaxt başqa bir insanı öldürməməlidir. Bu əsrdə insan zəkası o qədər yüksək səviyyədədir ki, insanlar bir-birini öldürməməlidir. Rus, erməni, azərbaycanlı - hər kəs sülh içində yaşamalıdır. Müharibənin heç bir mənası yoxdur".

Bizi heç nə ayırmır

Anuşavanın xanımı Rimma 84 yaşındadır, onun özü də Xaçikdə anadan olub.

Rimma üzüm bağının sahibəsi kimi, salxımların düzgün kəsilməsi ilə bağlı tövsiyələr verir və məhsulun yığımına nəzarət edir. Onun özü də tənəklərin arasında əlində bir vedrə ilə dolaşır.

Rimma 1990-cı illərdəki müharibə zamanı Xaçikdə altı mülki şəxsin öldürüldüyünü deyir. O, ot biçməyə gedən Jorik Poqosyanın sərhədə çox yaxın gedəndən sonra oğurlanıb Azərbaycana aparıldığını və bir neçə ay girovluqda saxlanıldığını söyləyir.

Xaçik sakini yalnız hərbi əsirlərin və girovların mübadiləsi başladıqdan sonra sərbəst buraxılıb. Poqosyanın kənddə hələ də torpaq sahəsi var, ancaq onun özü buradan köçüb və Yerevanda yaşayır.

Qarabağdakı ilk münaqişədən əvvəl Rimma azərbaycanlıların Yaycı kəndindəki fermasında işləyib. Oraya piyada gedərdi, mal-qaraya baxıb, inəkləri sağandan sonra axşam evə qayıdardı.

Rimma müharibədən qorxsa da, kəndi tərk etmək fikrində deyil. O, hələ 1990-cı illərdəki müharibə dövründə də buradan heç kimin getmədiyini yadına salır - qorxurdular ki, boş kəndi ələ keçirəcəklər.

"Qapını əvvəllər heç vaxt bağlamazdıq, amma indi bağlayırıq və hətta işığı da yandırmırıq, qorxuruq ki, buraya gələ bilərlər. Bizi heç nə ayırmır".

Arpine Manukyan
Şəklin alt yazısı,Arpine Manukyan Xaçikə Qarabağdakı kəndi atəşə tutulandan sonra gəlib

Üzüm yığımını bitirdikdən sonra Manukyan ailəsi evə yollanır. Onlar bizi şam yeməyinə qonaq çağırır, amma Xaçik qonaqlar üçün onlardan əvvəl növbə tutduğunu deyir.

Yolda yerli bir qadınla qarşılaşırıq, o da bizi yeməyə dəvət etməyə çalışır. 22 ildir Yerevan televiziyasında işlədiyini deyən qadın bizimlə danışmağa mövzusu olacağını deyir. O bizi öz bağındakı alma və araqla cəlb etməyə çalışır.

Xaçik bunu qəbul etmir və biz onun evinə yollanırıq.

Təpədə yerləşən evdə bizi bayram süfrəsi kimi bol bir masa gözləyir. Onun arxasında yalnız kişilər əyləşib, Xaçikin anası oturmur.

Dağlar
Şəklin alt yazısı,Xaçikin evinin eyvanından bir tərəfdən Ermənistanla Azərbaycanı ayıran dağa, digər tərəfdən Ağrı dağına (Ararat) gözəl mənzərə açılır

O, masaya ardı-arda yeni yeməklər - ev pendiri (Qriqoryanlar ailəsi inək, keçi və qoyun saxlayır), alma, bu həftə yığılmış qoz-fındıq və özünün hazırladığı quru meyvələr gətirir.

Xaçikin evinin eyvanından bir tərəfdən Ermənistanla Azərbaycanı ayıran dağa, digər tərəfdən Ağrı dağına gözəl mənzərə açılır.

Ermənistanda olduğumuz üç həftə ərzində bura yeganə yerdir ki, müharibə haqqında danışan yoxdur, hamı sabah ayaqla əziləcək üzüm məhsulundan danışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun