‘Münaqişə qarşısıalınmaz bir nöqtəyə çata bilər’ – Qərb mediası

‘Münaqişə qarşısıalınmaz bir nöqtəyə çata bilər’ – Qərb mediası
30 Oktyabr 2020
Mətni dəyiş

“The Washington Post” qəzetində Ishaan Tharoor oktyabrın 30-na planlaşdırılan Cenevrə danışıqlardan gözləntilərin böyük olmadığını qeyd edir

Qərb mediası bir aydan çoxdur davam edən Dağlıq Qarabağ müharibəsində atəşkəs razılaşmalarının icra olunmamasından yazır. “The Washington Post” qəzetində Ishaan Tharoor oktyabrın 30-na planlaşdırılan Cenevrə danışıqlardan gözləntilərin böyük olmadığını qeyd edir.

“Münaqişə tezliklə qarşısıalınmaz bir nöqtəyə çata, döyüşlərin dramatik şəkildə genişlənməsini, itki artımını dayandırmaq mümkün olmaya bilər”, – Kentukki Universitetinin professoru, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədri olmuş Kerri Kavano yazır.

Müəllif qeyd edir ki, Azərbaycanın müharibəni udduğu görünür. Son bir ayın əməliyyatları status kvonu Bakının xeyrinə dəyişib.

“Onminlərlə etnik erməni qaçıb; onminlərlə azərbaycanlı vaxtilə yaşadıqları torpaqlara qayıtmaq barədə düşünə bilər. Hər iki tərəfdən minlərlə əsgər həlak olub. Müharibə zonasından gələn xəbərlərə görə, Azərbaycan qüvvələri Dağlıq Qarabağı Ermənistanla birləşdirən strateji quru dəhlizini almaq üzrə ola bilər”, – məqalədə deyilir.

Ermənistanın Vaşinqtondakı səfiri Varujan Nersesyan qəzetə deyib ki, ermənilər Azərbaycanın hücumunu Qarabağ xalqının varlığına təhdid kimi görürlər. Onun fikrincə, Türkiyənin Bakıya dəstəyi münaqişədə balansı dəyişib. Səfir Türkiyə “neo-osmançılığı”nın “regionda sülhə və təhlükəsizliyə” təhdid yaratdığını vurğulayıb.

“Ermənistan Türkiyə ilə deyil, Azərbaycanla savaşır. Anlayıram ki, onların Azərbaycanın indi daha güclü bir ölkəsini dərk etməsi çətindir”, – bunu isə Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov söyləyib.

Səfirin sözlərinə görə, ermənilər münaqişəni elə bir həddə qədər qızışdırmaq istəyirlər ki, Ermənistanda hərbi bazası olan Rusiya regiona sülhməramlı göndərsin.

Ermənistan Putindən əlini üzüb

Rusiya Ermənistanı hücumdan müdafiə etməyə boyun olsa da, özünü Dağlıq Qarabağ müharibəsindən kənar tutur. Bunu isə “The Daily Beast” portalında Anna Nemtsova yazır.

Müəllif artıq Ermənistanın Rusiyadan əlini üzdüyünü iddia edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Moskva üzv ölkələrə hücum olarsa hərbi göndərməyə boyun olub.

“Bütün dünyadakı ermənilər millətin mövcudluğuna təhdid hiss edir. Ancaq heç kəs KTMT-dən kömək gözləmir. Bu, ölü təşkilatdır”, – ermənistanlı siyasətçi Artur Paronyan deyib.

Paronyanın fikrincə, Rusiya Ukraynaya “yaşıl adamlar” deyilən uniformasız əsgər göndərdiyi kimi bu münaqişəyə də gizli müdaxilə edə bilər. “Rusiyanın yaşıllar göndərmək kimi digər yardım yolları olmasına ümidlər var. Biz çox da tələbkar deyilik”, – Paronyan belə deyib.

Azərbaycan Prezident Administrasiyasında İctimai və Siyasi Məsələlər departamentinin rəhbəri Fuad Axundov portala deyib ki, KTMT sazişi bu münaqişəyə aid ola bilməz.

“Bu, Azərbaycan ərazisində gedən müharibədir – Ermənistan ordusunu Azərbaycan ərazisindən çıxarırıq. Heç kəs KTMT-yə hücum etməyib; əksinə, bu qurumun üzvü olan Ermənistan KTMT-nin tanıdığı BMT qətnaməsini pozur”, – o vurğulayıb. BMT-nin 2008-ci ildə qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır, “Ermənistanın bütün qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması” tələb olunur.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan son bir ayda 170-ə yaxın kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Tərəflər bu ara düz üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Sonuncu belə açıqlamanı ABŞ Dövlət Departamenti oktyabrın 25-də yayıb. Məlumatda qeyd olunur ki, humanitar atəşkəs oktyabrın 26-da yerli vaxtla səhər saat 8-dən qüvvədə olmalıdır.

Amma əvvəlki humanitar atəşkəslərdən sonra cəbhənin bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun