Mülki təyyarələrlə Ermənistana raket daşındığı bildirilir

Mülki təyyarələrlə Ermənistana raket daşındığı bildirilir
11 Oktyabr 2020
Mətni dəyiş

Humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkətinin mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıdığı bildirilir.

Bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.

“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”, - deyə Hikmət Hacıyev bildirib.

Amma, hələlik, sözü gedən aviaşirkətdən bu açıqlamaya münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 25 civarında kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun