Paşinyanın diplomatiyadan imtinası əslində məhz Azərbaycanın işini asanlaşdırdı. Özündən küssün. Söz yenidən qəhrəman ordumuzundur. Ordumuz danışıqlar masası olmadan da torpaqlarımızı azad etmək iqtidarındadır.
Qonşu ölkənin ərazisini işğalda saxlamaq üçün haqsız-ədalətsiz savaş aparan, üstəlik də savaşın getdiyi bütün istiqamətlərdə sarsıdıcı məğlubiyyətlərə uğrayan, ağır itkilər verən, ordusu demoralizə olunmuş bir dövlətin baş naziri hansı ağıl və məntiqlə diplomatiyanı faydasız elan edib, soydaşlarını qonşunun torpaqları uğrunda sonadək, yəni ölənədək vuruşmağa çağırar?
Normal adamlar heç vaxt belə etməzlər. Sona qədər savaşmaq, təslim olmamaq, güzəştə getməmək, əgər öz torpağın uğrundadırsa, təqdir olunandır. Ancaq bu "ölənədək savaşmaq" başqasının torpaqları uğrundadırsa, bu, artıq müalicəyə ehtiyacı olan xəstəlikdir.
Erməni siyasi liderlərinin xəstə, əsassız siyasi iddiaları ötən 30 il ərzində Azərbaycana da, Ermənistana da saysız-hesabsız fəlakətlər yaşadıb. 120 min nəfərlik erməni icması Dağlıq Qarabağda orta statistik azərbaycanlıdan daha yaxşı yaşayırdı. Üstəlik, erməni icması Azərbaycanın paytaxtı Bakıda da çox imtiyazlı mövqeyə malik idi. Qədim Azərbaycan torpaqlarında Ermənistan adlı müstəqil dövlətləri də, Dağlıq Qarabağda geniş muxtariyyətləri də, Bakıda çox əlverişli, güclü mövqeləri də var idi. Bu imkanları ilə sayı onsuz da çox olmayan xalqlarını azad, firavan, sülh içində yaşada bilərdilər. Ancaq yox, faşist ideologiyası ilə zəhərlənmiş erməni elitası 120 minlik Qarabağ icması üçün ikinci müstəqil erməni dövləti qurmaq iddiası ilə savaşa başladı.
Nəticədə bu sərsəm iddialar hər iki xalqa çox acılar yaşatdı. 20 min nəfərə qədər azərbaycanlı gənc bu sərsəm iddialara görə həyatını itirdi. Daha 50 min məfər savaşda yaralandı, çoxu əlil oldu. Azərbaycan torpaqlarının 20%-i işğal edildi. 1 milyon azərbaycanlı 27-28 il qaçqın həyatı yaşadı. Azərbaycan iqtisadiyyətına 100 milyard dollara yaxın (əldə edə bilmədiyimiz gəlirlərlə birlikdə) zərər dəydi. Düzdür, Ermənistanın torpaqları işğal olunmadı, şəhərləri, rayonları, kəndləri dağıdılmadı, amma onlar da çox şey, lap çox şey itirdilər. Əvvəla, elə Ermənistanda da bizdə olduğu qədər gənc həyatını itirdi, yaralandı, əlil oldu. Düzdür, onlar bu savaşda torpaq itirmədilər, ancaq əvəzində bu sərsəm iddialara görə tam müstəqil dövlət ola bilmədilər. Uzun illər Rusiyanın regiondakı vassalı statusu ilə kifayətlənməli oldular. Müstəqilləşmək fikrinə düşən kimi də Azərbaycan əsgəri onların olmayan, zorla tutduqları torpaqları sürətlə geri almağa başladı.
Müharibəni başlamasaydılar, Bakıdakı imtiyazlı mövqelərini itirməsəydilər, təsəvvür etmək belə cətindir ki, neft milyardlarının nə qədərini onlar ələ keçirəcəkdi. Ən mühümü, Azərbaycanla, Türkiyə ilə düşmən olmayan Ermənistan iqtisadi baxımdan indikindən qat-qat yaxşı inkişaf etmiş olacaqdı. Ermənistan 1988-ci ildə Qarabağı almaq avantürasına başlamasaydı, Azərbaycanda da həyat tamam başqa cür inkişaf edəcəkdi. 1 milyona yaxın soydaşımız məcburi köçkünlük acısını yaşamayacaqdı. Vətənimizin 20 faizi viran edilməyəcəkdi. 100 milyard dollara qədər sərvət itirməyəcəkdik. Üstəlik, hər iki ölkə hüquqi, demokratik dövlət quruculuğu istiqamətində uğurla inkişaf edəcəkdi.
Onu vurğulamaq istəyirəm ki, son 30 ildə nəinki Azərbaycan xalqının, həm də erməni xalqının yaşadığı məhrumiyyətlərə görə faşist ideologiyası ilə xəstələnmiş Ermənistan liderləri məsuliyyət daşıyır. Onların içərisində yalnız keçmiş prezident Levon Ter-Petrosyan hansısa mərhələdə səhv yolda olduqlarını dərk etmişdi. Ona görə də müharibə caniləri onu devirdilər.
Hazırda şanlı Azərbaycan ordusu təkcə bizim torpaqlarımızı azad etmir. Həm də erməni xalqını illüziya ilə yaşamaqdan, kütləvi psixozdan azad edir. Erməni xalqı ayılmalı, Azərbaycan torpaqları uğrunda savaşmaqdan imtina etməli, Azərbaycan və Türkiyə ilə normal qonşuluq şəraitində öz gələcəyini qurmağı planlamalıdır.
Azərbaycan əsgəri hazırda həm də Ermənistanın dövlət müstəqilliyinin bərpasına kömək edir. Yetər artıq başqa bir ölkənin vassalı kimi yaşadılar. Nəyə görə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçib, qonşu Gürcüstan kimi, Avropaya inteqrasiya xətti seçməsinlər?!
Otən 30 ildə öz xəstə iddiaları maminə 100 minlərlə insanın həyatını puç etmiş, milyonlarla azərbaycanlıya və erməniyə acılar yaşatmış Ermənistan liderlərinin üzərində Nürnberq məhkəməsi kimi bir məhkəmə qurulmalıdır. Ancaq təəssüf ki, bu müharibə caniləri üzərində "Nürnberq məhkəməsi"ni biz qura bilmərik. Bu işi erməni xalqının özü etməlidir. Hazırda Azərbaycan ordusu torpaqlarımızı azad etməklə erməni xalqının gözünün açılmasına kömək edir. Erməni xalqı nəhayət anlamalıdır ki, 30 il ərzində onu manipulyasiya ediblər. Onun övladlarını, inkişafını, gələcəyini mədəni dünyanın qəbul etmədiyi, "başqasından torpaq almaq" kimi sərsəm iddiaya qurban veriblər.