Minsk qrupu həmsədrləri XİN başçılarının görüşünə dair bəyanat yayıblar

Minsk qrupu həmsədrləri XİN başçılarının görüşünə dair bəyanat yayıblar
31 Oktyabr 2020
Mətni dəyiş

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 30-da Cenevrədə Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin görüşünə dair bəyanat yayıblar.

Məlumata görə, həmsədrlər bəyanatda bir daha tərəfləri oktyabrın 17-də Parisdə və 25-də Vaşinqtonda təsdiqlədikləri 10 oktyabr - Moskva Birgə Bəyanatına uyğun olaraq, humanitar atəşkəsin dərhal qurulması da daxil olmaqla, öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar.

Qeyd olunur ki, atəşkəs və ya digər öhdəliklərin yerinə yetirilməsinə dair ön şərt irəli sürmədən tərəflər təcili əsasda aşağıdakılar da daxil olmaqla, bir sıra addımlar atmağı qəbul edirlər:

- Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf seçməyəcəklər;

- Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətini asanlaşdırmaq üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək, döyüş sahəsindəki meyitlərin toplanması və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər;

- Tərəflər bir həftə ərzində BQXK və şəxsi nümayəndənin ofisinə mümkün mübadiləni təmin etmək məqsədi ilə həbsdə olan hərbi əsirlərin siyahısını təqdim edəcəklər;

- Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

Həmçinin tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq, hərtərəfli həllin əsas elementləri üzrə danışıqlarla bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar.

Yekunda həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv çalışmağa davam edəcəklərini bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun