"Bir halda ki, Azərbaycan-Ermənistan münaqişəsinin yenidən sülh danışıqları ilə həllinə cəhd olunacaq, o zaman vasitəçiliyi həyata keçirən Minsk Qrupunun tərkibində dəyişiklik də zəruridir."
Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib.
Partiya sədri bildirib ki, yada salaq ki, ATƏT-in Minks Qrupu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməklə, yəni Azərbaycanın işgal edilmiş torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməklə, Azərbaycan və Ermənistan arasında münaqişənin dinc yolla nizama salınması üçün yaradılmışdı. Ancaq Minsk Qrupu həmsədrləri fəaliyyətdə olduqları 26 ildə bu vəzifənin öhdəsindən gəlməyib. Elə ona görə də Azərbaycan xalqının etimadını xeyli dərəcədə itirib.
"Moskvada əldə olunmuş atəşkəs razılaşmasına əsasən tərəflər yenidən danışıqlar masasına oturmalı olacaqlar. Danışıqlar yalnız o halda real nəticələr verə bilər ki, vasitəçilər tərəfsiz və çox nüfuzlu olsunlar. Minsk Qrupunun hazırkı tərkibini tərəfsiz saymaq mümkün deyil. Qrupun həmsədrlərindən Rusiya işğalçı Ermənistanın rəsmi hərbi müttəfiqidir. İşğalçını çox vaxt öz hesabına olmaqla silahlandıran da Rusiyadır. ABŞ və Fransada isə çox güclü erməni diasporu bu ölkələri tərəfsiz olmağa qoymur. Nəticədə həmsədrlər və bütövlükdə Minsk Qrupu, hətta ATƏT Azərbaycan xalqının etimadını itirir. Türkiyənin Minsk Qrupu həmsədrləri arasında olması xalqımızın bu qrupa etimadını artıra bilər. İmkan yaranar ki, həmsədr dövlətlər simpatiya və antipatiyalarını kənara qoyub, beynəlxalq hüququn tələbilə hərəkət etsinlər", - deyə Əli Kərimli bildirib.
Onun sözlərinə görə, Avropa Birliyi regionda təsir və nüfuzunu günü-gündən artıran, həm Azərbaycan, həm də erməni xalqının böyük bir hissəsinin etimad və rəğbətlə yanaşdığı böyük gücdür. Bundan əlavə AB Rusiyanın nüfuz dairəsindən qurtulacaq, bir-birinin ərazi bütövlüyünə hörmət edəcək Azərbaycan və Ermənistanın dinc yanaşı yaşayışına təminat verə biləcək, hüququn üstünlüyünün təmin olunduğu, daha cəlbedici alternativ siyasi platformadır. AB-nin də təmsil olunması ilə Minsk Qrupu öz nüfuzunu ciddi şəkildə artırmış olacaq.
"ATƏT Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanmasını həqiqətən arzulayırlarsa, hökumət və parlamentlərini erməni diasporunun ardan təzyiqindən xilas etmək istəyirlərsə Türkiyə və AB-nin də həmsədrlər arasında təmsilçiliyinə razı olmalıdırlar. Ümid edirəm ki, Türkiyə və AB də bu ağır məsuliyyəti üzərlərinə götürməyə ardıcıl təşəbbüs göstərəcəklər. Azərbaycan və Ermənistan da aralarındakı münaqişənin dinc yolla, hüququn üstünlüyü şərtilə, dövlətlərin ərazi bütövlüyünün təmin olunması ilə nizamlanması şansını artırmaq üçün Türkiyə və AB-nin bu prosesdə daha aktiv rol almasına razı olmalıdırlar", - deyə AXCP sədri Əli Kərimli bildirib.