Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında həbs edilən türk fəalların müdafiəsi istiqamətində göstərilən fəaliyyətlərin yetərli olmadığını vurğulayır. O deyir ki, milli hərəkatda siyasi məhbusların müdafiə məsuliyyəti nizamlanmalıdır. Hüquq müdafiəçiləri keçən bir ay ərzində İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə Qarabağa dəstək mitinqləri ilə əlaqədar 200-dən artıq vətəndaşın nəzarət altına alındığını bildirirlər. Tutulanların bir çoxu mülki zəmanət qarşılığında sərbəst buraxılsa da, onların haqqında başladılan mühakimə prosesi davam edəcək.
Mahmud Bilgin milli hərəkat irəlilədikcə həbslər və basqıların da artacağını önə çəkir:
“Bu həbslər getdikcə daha çoxalacaq. Çünki getdikcə bizim hərəkatın istəkləri radıkallaşacaq. Rejimlə daha çox qarşı-qarşıya duracaq. Buna hazırlıq lazimdir. Siyasi məhbusların müdafiə məsuliyyətini nizamlandırmaq lazimdir.”
O, siyasi məhbusların müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətlərin yetərsiz olduğunu vurğulayır. “Siyasi məhbusları müdafiə zaman-zaman gözəl gedir. Amma zaman-zaman da unudulur, məsələ əldən çıxır. Gündəlik məsələlər diqqətimizi çəkir o yana, bu yana. Sayları çoxalır. Keçmişə görə qat-qat çoxalır. Tutulanların sayının çoxalmasına da adət edirik. Önəmsizləşir. Bizim siyasi təşkilatların çoxu xaricdədir. Yüzlərlə milli fəalımız xaricdədir. Ancaq bunların bu mövzu ilə bağlı fəaliyyəti yetərsizdir,” siyasi fəal qeyd edir.
Mahmud Bilgin hesab edir ki, siyasi məhbuslara yetirilən diqqət onların göstərdikləri fədarlığa nisbətən çox aşağı səviyyədədir:
“Siyasi məhbus deyəndə bu o deməkdir ki, bunlar hərəkatımız əsl üzvləridir. Varlığından keçən, tamam varlığını hərəkat üçün fəda edən, yəni ailəsini, uşağını, işini-gücünü, hər şeyi buraxıb və hazır olur gedib həbsxanada qalsın ki, milli hərəkat irəli getsin. Onun fədakarlığının qarşısında xaricdə yetərli fəaliyyət yoxdur.”
Onun sözlərinə görə, milli hərəkatda siyasi məhbusların müdafiəsi məsuliyyəti nizamlandırılmalıdır.
“Keçmiş təcrübələr göstərib ki, əgər bizim müəyyən güclərimizin əsas məsələləri sırf bu siyasi məhbuslar məsələsi olsa daha təsirli olar. Yəni hər ölkədə qrup kimi bəziləri güneydə olan məhbuslarla bağlı fəaliyyət göstərsin. Siyasi təşkilatlar da bu qruplara yardım etsin” - deyə, Mahmud Bilgin əlavə edir.