Associated Press (AP) agentliyinin verdiyi məlumata görə Livanın böyük erməni icmasından bəzi şəxslər Dağlıq Qarabağa Azərbaycana qarşı döyüşməyə yollanıb. Agentlik belələrinin indilik sayca az olduğunu bildirir.
Xəbərdə deyilir ki, Beyrutun əsas erməni məhəlləsi olan Bürc Həmmudda evlərin damlarından və balkonlarından Ermənistan Respublikasının bayraqları asılıb.
AP yazır ki, Livan erməniləri Ermənistana pul və başqa yardımlar göndərirlər. Lakin xəbərdə deyilir ki, Livanın özü ağır iqtisadi vəziyyətdə olduğundan bu dəstək o qədər də güclü deyil.
Livanda dünyanın ən böyük erməni icmalarından biri yaşayır. Onların bir çoxunun 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr zamanı oradan deportasiya edilənlərin törəmələri olduğu deyilir.
AP agentliyinin Livandakı həmsöhbətlərindən Raffi Qazaryan deyib ki, “biz 1915-ci ilin bir daha təkrar olunmasına yol verə bimərik”.
Livan ermənisi daha sonra deyib:
“Bu, müsəlmanlar və xristianlar arasında müharibə deyil. Bu erməni adının varlığı uğrunda müharibədir və biz buna hazırıq...”
Livanın Daşnaksutyun partiyası
Livanda ən nüfuzlu erməni təşkilatı olan Daşnaksutyun partiyasından millət vəkili Hakop Pakradunyan deyib ki, Livan erməniləri Ermənsitana öz təşəbbüsləri ilə yollanırlar və onları ora heç bir təşkilat və ya icma göndərmir:
“Biz onlara deyə bilmərik ki, getməyin. Onlar bu məsələdə sərbəstdirlər. Biz bunu bütün erməni xalqına qarşı müharibə və Osmanlı imperiyasından başlanmış soyqırımın davamı hesab edirik”.
Bundan əvvəl Ermənistan Türkiyənin Suriyadan Azərbaycana döyüşçülər gətirdiyini iddia etmişdi. Bu iddiaları bir sıra Qərb mediaları yayıblar və Fransa prezidenti Emmanuel Makron bununla bağlı Türkiyəni tənqid edib.
AP yazır ki, belə iddiaları Suriya prezidenti Bəşər əl-Əsəd də səsləndirib.
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev bu həftə bu iddiaların tamamilə rədd edildiyini demişdi. Hacıyev iddiaları səsləndirlənlərin sübut təqdim etməsini istəmişdi.
Türkiyənin Suriyada dəstəklədiyi müxalifət qruplarının rəsmisi mayor Yusef əl-Həmud AP agentliyi ilə söhbətində Suriyadan Azərbaycana döyüşçülər göndərildiyinə dair iddiaların yalan olduğunu bildirib.