“The Wall Street Journal” redaksiya məqaləsində yazır ki, konstitusiyaya dəyişikliklər Vladimir Putinin 80 yaşınadək hakimiyyətdə qalmasına şərait yaradır. Amma bu il baş verənlər onun Rusiyanın yaxın xaricində iğtişaşları dayandıra bilmədiyini üzə çıxardı
Qərb mediası Dağlıq Qarabağ münaqişəsində Rusiyanın rolunu təhlil edir, Kremlin döyüşlərin dayandırılmasına təsir göstərmək gücünü dəyərləndirməyə çalışır.
“The Wall Street Journal” redaksiya məqaləsində yazır ki, konstitusiyaya dəyişikliklər Vladimir Putinin 80 yaşınadək hakimiyyətdə qalmasına şərait yaradır. Amma bu il baş verənlər onun Rusiyanın yaxın xaricində iğtişaşları dayandıra bilmədiyini üzə çıxardı.
Günahkar kimdir
Qırğızıstanda 4 oktyabr parlament seçkisinin nəticələri küçə etirazları nəticəsində ləğv olundu, Prezident Sooranbay Jeenbekov istefa verdi. Rusiyanın bu ölkədə hava bazası var və qəzetin mövqeyincə, Putin bu ölkədə sabitsizlikdən narahat olmalıdır.
Sentyabrın 27-dən Azərbaycanla Ermənistanın təmas xəttində başlanmış əməliyyatlar nəticəsində mülki şəxslər daxil olmaqla yüzlərlə insan həlak olub. “Rusiya Ermənistanı birbaşa müdafiə etməkdən imtina edib və döyüşlərin bitməsini istəyir, Türkiyə isə hadisələrin əsas hərəkətverici qüvvəsinə çevrilib. Ankaranın dəstəyi Azərbaycanı Dağlıq Qarabağı güc yoluyla geri almağa ürəkləndirib”, – məqalədə deyilir.
Qəzet qeyd edir ki, Belarusdakı son hadisələr də Rusiyanın gücünün limitini göstərir və nüfuzunun zəifləməsinə görə Putin özünü günahlandırmalıdır. Belə ki, onun repressiv və korrupsioner idarəçiliyi iqtisadi artımı yavaşıdıb, nəticədə Çin daha cəlbedici iqtisadi tərəfdaşa çevrilib, xüsusilə Orta Asiyada. Hətta iqtisadi problemləri olan Türkiyə belə Rusiya ilə hərbi baxımdan rəqabət apara bilər. Məqalədə deyilir ki, sanksiyalar dərhal nəticə verməsə də, 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra tətbiq edilən iqtisadi təcrid öz işini görüb.
“Müharibələri hökumətlər başladır”
Gürcüstandakı ermənistanlılar və azərbaycanlılar qonşuluqdakı müharibəni yaxından izləsələr də yanaşı yaşadıqları bu ölkədə dinc münasibətləri qorumağa çalışırlar. Bunu “Eurasianet.org” portalında Giorgi Lomsadze yazır.
Gürcüstanda ən böyük eynik azlıqlar sayılan bu iki icma cənubda gedən müharibənin onların bu ölkədəki dinc münasibətlərinə təsir göstərməməsini vacib sayırlar.
Müəllif qeyd edir ki, danışdırdığı həm azərbaycanlı, həm ermənistanlılar müharibədən alovlu, bu ölkədə yanaşı yaşadıqları icmayla haqqında isə ehtiyatla danışıblar.
Azərbaycanlı usta Tofiq Bayramov deyib ki, “müharibə haqda mübahisə etməyin mənası yoxdur”. Onun sözlərinə görə, müharibələri hökumətlər başladır və bitirir və buna görə də mübahisə etməyə dəyməz.
Tbilisidə yaşayan ermənistanlı jurnalist Yana İsraelyan sosial şəbəkələrdə iki icma təmsilçiləri arasında gərginliyin böyük olmadığını deyib.
“Ermənistanlılar anlayırlar ki, yerli azərbaycanlılar Qarabağ münaqişəsində Bakını dəstəkləyirlər, digər tərəfdən hər kəs yerli ermənilərin nəyə sadiq olduğunu bilir. Ancaq hər kəs başa düşür ki, müharibə bitəcək və biz yenə də birgə yaşamalı olacağıq”, – o deyib.
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan son günlər 70 civarında kəndi, Cəbrayıl şəhərini, Füzuli şəhərini və Hadrut qəsəbəsini işğaldan azad etdiyini açıqlayıb.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.