'Korrupsiyaya yox de' bildirənin aclıq aksiyası keçirdiyi deyilir

'Korrupsiyaya yox de' bildirənin aclıq aksiyası keçirdiyi deyilir
11 Oktyabr 2020
Mətni dəyiş

Həbsdə olan D18 Hərəkatının üzvü, "Korrupsiyaya yox de" facebook səhifəsinin əməkdaşı Cəlil Zabidov-un oktyabrın 9-da saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı bildirilir. Bu barədə Hərəkatdan məlumat verilib. Amma bu deyilənləri, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb. Məlumata görə, C. Zabidov ona qarşı Cinayət Məcəlləsinin (CM) 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə açılmış yeni cinayət işi üzrə məhkəmə prosesinin şəffaf keçirilməsini və ədalətli qərar tələb edir.

Oktyabrın 12-də C. Zabidovun işi üzrə məhkəmə qərarı gözlənilir. "Güman olunur ki, birinci cinayət işi üzrə çıxarılan hökmün müddəti bitənə qədər, ona yeni əlavə həbs cəzası veriləcək", deyə Hərəkatdan bildiriblər. Oradan qeyd ediblər ki, yeni cinayət işi Yardımlı rayonundan verilən iddia əsasında qaldırılıb. Cəlil Zabidov mayın 21-də Yardımlı Rayon Məhkəməsində CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib, 5 ay həbsə məhkum edilib. O, sosial şəbəkələrdə və müxtəlif internet kanallarında əsasən Yardımlı rayonundan bəhs edirdi.

Dostları deyir ki, rayondan tənqidi materialların yayımına görə, C.Zabidov çoxdan Yardımlı Rayon İcra Hakimiyyətinin rəhbərliyini qıcıqlandırmışdı. “Fevralın 9-da keçirilən parlament seçkilərində müşahidəçi olduğu seçki məntəqəsindəki pozuntu hallarını ictimailəşdirməsi ilə qarşı tərəfin ona olan səbrini tükəndirdi”, deyə onlar deyiblər.

Bu fikirlərə, hələlik, Yardımlı rayon İcra Hakimiyyəti rəhbərliyindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq tənqidi fikir və materiallara görə, ölkədə istər sadə insanların, istərsə də jurnalist və bloqerlərin basqılara məruz qalmadığını deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun