Humanitar Tədqiqatlar Birliyinin rəhbəri, konfiliktoloq Əvəz Həsənov Amerikanın Səsinə müsahibəsində hərbi əsirlərin və girovların hüquqlarından danışıb.
Amerikanın Səsi: Hazırda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər davam etdirilir. Təbii ki, belə hallarda əsir və girovlar da olacaq. Eyni zamanda döyüş bölgəsində həlak olmuş hərbçilərin cəsədləri də qalacaq. Humanitar hüquqda bu, necə nizamlanır?
Əvəz Həsənov: Bu, ilk növbədə Cenevrə Konvensiyası ilə nizamlanan bir qaydadır. O qaydalara görə, döyüş meydanında qalan cəsədlərin verilməsi, faktiki olaraq, hətta döyüş zamanı belə aparıla bilər. Eyni zamanda, götürülmüş hərbi əsirlər və girovlar müəyyən filtirasiya keçdikdən sonra qarşı tərəfə qaytarıla bilər. Bu qaytarılma döyüşlər başa çatdıqdan sonra da, uzun müddətli atəşkəs olduqda da baş verə bilər. İndi Azərbaycanın azad etdiyi ərazilərdə mülki əhali varsa, bunlar artıq girov sayılır, girovların qaytarılması uzun müddət çəkməməlidir. Girovlar çox qısa müddətdə ya Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Ermənistan tərəfinə qaytarıla bilər, ya da Azərbaycan və Ermənistanın əsirlərlə bağlı dövlət komissiyası öz aralarında danışıqlar apara bilər. Eyni zamanda hərbiçilər də bu insanları geri qaytara bilər. Girovların geri qaytarılmasının uzun müddət çəkməsi beynəlxalq qanunvericiliyin pozulması sayıla bilər.
Amerikanın Səsi: Hazırda bu proses necə aparılır? Azərbaycanla Ermənistan arasında humanitar atəşkəslə bağlı razılıq var?
Əvəz Həsənov: Təəssüf ki, humanitar atəşkəs razılaşmasına əməl olunmadı. Erməni tərəfi Gəncə şəhərini atəşə tutmaqla, bunu demək olar ki, dərhal pozdu. Əgər humanitar atəşkəs olsa idi, təbii ki, Ermənistan və Azərbaycanın silahsız hərbiçiləri Qırmızı Xaç Komitəsinin ofisləri vasitəsi ilə cəsədlərin olduğu əraziyə daxil olmalı idi. Cəsədləri toplamalı idilər. Oraya daxil olan maşınlar, hərbi maşınlar da gələ bilər, ola bilsin ki, tərəflərdə kifayət qədər təcili tibbi maşınları yoxdur. Hərbi maşınların üzərində tibbi işarə olmalıdır. İşarələr ağ rəngdə olmalıdır ki, ordu hissələri görsün. Onlar olduğu zaman atəşkəs dayandırılmalıdır. Qırmızı Xaç Komitəsi ilə birgə toplanmış cəsədlərin siyahısı aparılmalıdır. Cəsədlər tanınmaz halda olarsa, əvvəl onları basdırıdılar, indi onun DNS-sı (kimliyin müəyyən olunması üçün bioloji analiz-red.) çıxarılır. Bununla da cəsədin kimliyi müəyyənləşdirilir. Əvvəlki müharibələrdə kütləvi məzarlıqlar çox olurdu. İndi müasir texnoloji imkanlar əsas verir ki, cəsədin kimliyi tez müəyyən edilsin. Cəsədlərin qalıqlarını artıq basdırmasınlar, soyuducuda saxlasınlar və kimliyi müəyyən edildikdən sonra ailələrinə qaytarsınlar.
Amerikanın Səsi: Hər iki ölkənin qeyri hökumət təşkilatları əsir və girovların axtarılmasında, tapılmasında və geri qaytarılmasında hansı rol oynaya bilər?
Əvəz Həsənov: İndiki halda, müharibənin belə bir gərgin vaxtında hər hansı belə təşəbbüs yoxdur. Çünki hamı başa düşür ki, hərbi əməliiyatların getdiyi vaxtda Azərbaycan tərəfində də, Ermənistan tərəfində də belə təşəbbüslər hərbi əməliyytalara mane ola bilər. Bunu ən çox beynəlxalq nüfuzu olan təşkilatlar edə bilər. O təşkilatlardan biri Beynəlxalq Qırmızı Xaç Komitəsidirsə, bu komitənin belə hələ döyüş meydanlarına çıxışı yoxdur. Ona görə QHT-lər hələ sadəcə ümumi vəziyyəti təhlil edə bilərlər. Bir də ki, Almaniyada əsir və girovlarla bağlı beynəlxalq işçi qrupu var. Həmin qrupun həmsədrləri mənimlə əlaqə saxlayırlar, yəni onlarla daimi təmasdayıq. Onlar mənə və Ermənistan tərəfinə bildirdilər ki, əgər doğrudan da belə bir ehtiyac yaranarsa, yəni girovların və cəsədlərin təhvili ilə bağlı beynəlxalq vasitəçiyə ehtiyac yaranarsa onlar bunu edə bilər. Mənə elə gəlir ki, hələ bu barədə danışmaq tezdir. Çünki humanitar atəşkəs hərbi əməliyyatla müşayiət olunur. Ora getmək çox risklidir. Benyəlxalq Qırmızı Xaç Komitəsinin heyəti hələ ora gedə bilmir.