Ermənistanın ikinci prezidenti Robert Koçaryan koronavirusa yoluxub.
Bu barədə məlumatı Azadlıq Radiosunun Erməni xidməti yayıb.
Bu xəbərdə deyilir ki, Robert Koçaryan Dağlıq Qarabağda yaranmış vəziyyəti Rusiya rəsmiləri ilə müzakirə etmək üçün oktyabrın 30-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla birlikdə Moskvaya səfər etməyə hazırlaşırdı.
Xəbərdə deyilir ki, Koçaryan indi özünütəcrid karantininə girib.
Məlumatda qeyd olunur ki, Robert Koçaryanın Moskvaya uçması barədə tövsiyəni separatçı Dağlıq Qarabağın “ikinci və üçüncü prezidentləri” vermişdilər.
Ermənistanda hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra keçmiş prezident Robert Koçaryana qarşı dövlət çevrilişi cəhdi ittihamı ilə cinayət işi açılmışdı.
O Dağlıq Qarabağ bölgəsində döyüş əməliyyatları başlanandan sonra həbsxanadan azad olunaraq Qarabağa göndərilmişdi.
Azadlıq Radiosunun Erməni xidməti xəbər verir ki, Dağlıq Qarabağın separatçı liderləri Arkadi Qukasyan və Bako Saakyan baş nazir Nikol Paşinyanla danışdıqdan sonra Koçaryanın ölkədən çıxışına icazə verilib.
Lakin indi belə görünür ki, bu səfər baş tutmayacaq.
Baş nazir Nikol Paşinyan Koçaryanın səfərinə “Ermənistan naminə” icazə verdiyini Facebook səhifəsində yazmışdı.